Əli Həsənov narkomanlığın ziyanı barədə təbliğat aparılması barədə tapşırıq verib

Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq tapşırığına əsasən narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılır.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, bu məqsədlə və 26 iyun - BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu və Gənclər İdman Nazirliyi tərəfindən hazırlanmış 1 dəqiqə 7 saniyəlik videorolik Bakı şəhərinin mərkəzi küçələrində yerləşən 9 reklam tablolarında 24-25 iyun tarixlərində yayımlanıb.
Videorolikin sabah işıqlandırılması da nəzərdə tutulub. Bununla yanaşı, videorolik Bakı şəhəri üzrə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 515 piyada dayanacaqlarında yerləşən avtobus informasiya terminal monitorlarında iyunun 24-dən işıqlandırılmaqdadır və bu, 3 gün davam edəcək.
Eyni zamanda narkomanlığın zərəri barədə əhalinin məlumatlandırılması məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış "Narkomaniyaya birlikdə yox deyək" adlı xüsusi loqo 26 iyun tarixdə intellektual VMS məlumat məntəqələrinin 14 yerləşmə lövhəsində işıqlandırılacaq.