Arvadının ərə getdiyini türmədə eşitdi, çıxdı, öldürdü, ömürlük həbsə girdi
Arvadının ərə getdiyini türmədə eşitdi, çıxdı, öldürdü, ömürlük həbsə girdi

İki nəfəri xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan 1980-cı il təvəllüdlü Hüseynov Zöhrab Əlibaxış oğlu törətdiyi cinayət əməlinə görə ömürlük həbsə məhkum edilib.
Sözügedən cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə araşdırılıb.
Əvvəllər də məhkumluq həyatı yaşayan Z.Hüseynov sonuncu dəfə oğurluq və narkotiklərin qanunsuz dövriyyəsinə görə həbs olunub. Həbsxanadan yenicə çıxan Z.Hüseynov övladlarını görmək üçün ötən il oktyabrın 23-də keçmiş arvadının yaşadığı evə gəlib. Lakin övladları onu qəbul etməyiblər. Elə faciə də bundan sonra baş verib.
Həyat yoldaşı Tehranə Əmiyeva ilə rəsmi qaydada boşanan Zöhrab həbsxanada olduğu müddətdə keçmiş arvadının Anar İsmayılov adlı şəxslə qeyri-rəsmi yaşadığını öyrənir. Əvvəlcə cəzaçəkmə müəssisəsindən ona zəng vuraraq iki uşağı ola-ola evli birisi ilə faktiki nikaha girdiyini irad tutur, gələcəkdə bu hərəkətinin uşaqara utanc verəcəyini deyərək onu öldürəcəyi ilə hədələyir.
Zöhrab həbsxanadan çıxandan cəmisi 5 gün sonra keçmiş arvadının yaşadığı mənzilə - qayınanasıgilə gəlir. Qayınanası Əmiyeva Ədilə Əliməmməd qızının evdə olduğunu bilincə onu da öldürməyi qərara alır. Ə.Əmiyevanın yalvarışlarına məhəl qoymayaraq əlindəki bıçaqla onun gözləri qarşısında qızı Tehranənin boğazını kəsir. Sonra isə Ə.Əmiyevanın kürəyindən zərbələr endirir. Ağır dərəcəli bədən xəsarətləri alan ana-bala hadisə yerindəcə dünyalarını dəyişirlər.
Bundan sonra Z.Hüseynov polisə gedərək könüllü təslim olur. Hadisə yerinə gedən istintaq-əməliyyat qrupu mənzildən 1981-ci il təvəllüdlü Əmiyeva Tehranə Akif qızı və onun anası - 1954-cü il təvəllüdlü Əmiyeva Ədilə Əliməmməd qızının cəsədlərini aşkarlayır.
Məhkəmədə ifadə verən Z.Hüseynov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində narkotikə qurşandığını, bu üzdən həm ailəsini, həm də azadlığını itirdiyini göstərib: "Tehranə ilə 2002-ci ildə ailə qurmuşdum. Birgə nikahdan iki övladımız anadan olmuşdu. İlk dəfə həbsxanaya avtoqəza törətdiyimə görə düşmüşdüm. O vaxt 5 il cəza almışdım.
Tehranə ilə münasibətlərimiz əvvəl normal idi. Amma narkotikə qurşandığıma görə sonradan aramızda narazılıq yaranmışdı. Ona narkotiki atacağıma söz vermişdim, hətta müalicə də olunmuşdum, amma yenə də əl çəkə bilmirdim. Bu səbəbdən də arvadım uşaqları da götürüb atası evinə getdi.
2011-ci ildə rəsmi qaydada ayrıldıq. Lakin yenə də ümid edirdim ki, əgər narkotiki ata bilsəm, arvadım mənimlə barışar, yenidən bir yerdə yaşayarıq. Təkrar həbsxanaya düşdüm deyə ailəmin mənə olan inamı itdi. Cəzaçəkmə müəssisəsindən bir neçə dəfə Tehranəyə zəng vurub uşaqlarımla danışmaq istədiyimi dedim. Nə qədər təkid etsəm də buna imkan vermirdi.
2012-ci ilin dekabr ayında Tehranəyə zəng vuranda "ailə qurmuşam, bir daha məni narahat eləmə" dedi. Telefonda ona "sən günləri say, azadlığa çıxan kimi başını kəsib qabağına qoyacağam" dedim.
Qızına telefonda hədə-qorxu gəldiyim üçün Tehranənin atası Akif Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci polis bölməsinə şikayət ərizəsi verdi. Bir daha Tehranəni narahat etməməyimlə bağlı mənə qol çəkdirdilər.
Bundan sonra daha Tehranəyə zəng vurmadım. Onun qəsəbədən qiyabi tanıdığım Anar adlı şəxslə qeyri-rəsmi evləndiyini öyrəndikdən sonra azadlığa çıxar-çıxmaz öldürməyi qərara aldım. Ötən il oktyabrın 19-da türmədən buraxıldım. Əvvəlcə Novxanı kəndinə gedib atamın məzarına baş çəkdim. Sonra uşaqlarımı görmək üçün Tağıyev qəsəbəsinə getdim. Tehranə məni içəri buraxmadı, qapını üzümə bağladı. Bir söz deməyib yaxınlıqda yaşayan atam evinə getdim, anamla, qardaşımla görüşdüm.
Axşamtərəfi Tehranənin birgə yaşadığı Akifə zəng vurub uşaqlarımı görmək istədiyimi dedim. Akif mənə polislə gəlməyimi məsləhət gördü. Atası ilə mənim danışığımı dinləyən Tehranəyə "el-aləm sənə gülür, ailəli adamla yaşamağın uşaqlarının adına yaraşmır" dedikdə "mənə yox, sənə gülürlər ki, səninlə kəbinim ola-ola başqası ilə ailə qurmuşam" deyib dəstəyi asdı".
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, o, uşaqlarını görmək üçün sahə müvəkkilinə müraciət edib. Amma azyaşlı övladlarının onu soyuq qarşılaması bir ata kimi onu sarsıdıb: "Sahə müvəkkili ilə birlikdə keçmiş qayınatamgilə gəldim. Uşaqlar mənimlə çox soyuq davrandılar. Hətta oğlum "sən atamız deyilsən, bizim atamız var" dedi. Uşağın bu cür danışığı mənə çox pis təsir etdi. Heç nə deməyib mənzildən çıxdım.
Tehranənin başqası ilə yaşamağı mənə çox ağır gəlmişdi. Artıq fikrim qəti idi, onu mütləq öldürəcəkdim. Hadisə baş verən gün günorta saatlarında bir kənarda dayanıb Tehranənin uşaqları məktəbə aparmasını gözlədim. Geri qayıdıb darvazadan içəri girəndə onunla birlikdə həyətə keçdim, qolundan tutub danışmağa gəldiyini dedim.
Anası Ədilə dəhlizdə mənimlə üzbəüz gəlsə də əlimdə bıçaq olduğunu görüb səsini çıxartmadı.
"Niyə mənim ailəmi dağıtdınız, niyə sən mənimlə kəbinli ola-ola başqası ilə yaşayırsan"deyə sual verdim. Ədilə yalvar-yaxar edərək onu öldürməyimi, amma qızına toxunmamağımı xahiş elədi. Tehranə isə bir neçə dəfə "əlini çək, kişiliyin çatmaz məni öldürməyə" dedikcə lap əsəbiləşdim. Bıçağı onun boğaz nahiyəsinə çəkdim. Tehranə əli ilə boğazını tutub yerə uzandı.
Bu vaxt Ədilə "ay Allah" deyib nalə çəkəndə bıçaqla kürəyindən zərbə endirdim. Xırıldayıb əziyyət çəkən və nəsə deməyə çalışan Tehranə çox əziyyət çəkməsin deyə onun ürək nahiyəsinə bir zərbə endirdim. Həm Ədilə, həm də Tehranə ölsünlər deyə ürək nahiyələrindən vurdum. Hər ikisinin öldüyünə əmin olandan sonra mənzildən çıxdım. Polis şöbəsinə gedərək törtdiyim cinayəti etiraf etdim".
Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən Akif Əmiyevin ifadəsindən: "Zöhrab bizimlə qonşuluqda yaşayırdı. Hər zaman qızımın ailəsinə maddi cəhətdən köməklik göstərmişəm. Zöhrab narkotikə qurşanmışdı, evin əşyalarını satırdı, evdə söz-söhbət salırdı, qızımı incidirdi. Tehranə onu müalicə də etdirmişdi. Amma Zöhrab narkotidən əl çəkmirdi.
Ona görə də qızım ərindən rəsmi qaydada ayrılmışdı. Həbsdə olanda da qızıma zəng vurub hədə-qorxu gəlirdi.
Sonuncu dəfə həbsdən buraxılandan sonra bizə gəlib uşaqları ilə görüşdü. Sonra Tehranənin kiminlə yaşadığını soruşdu. Dedim ki, ay bala, sənin yolun başqa, onun yolu başqa, ayrılmısınız, müstəqil adamlarsınız, Tehranənin şəxsi həyatına qarışa bilməzsən. O da dediklərimlə razılaşıb çıxıb getdi".
Zərərçəkmişin sözlərinə görə, hadisə baş verən gün o, bir neçə dəfə evlərinə zəng vursa da telefona cavab verən olmayıb: "Oğlumla mən işdə idik. Evdə telefona cavab vermədiklərinə görə qızımla həyat yoldaşımın mobil telefonlarına zəng vurdum. Yenə də cavab vermədilər. Narahat olduğum üçün oğlum Tehranı evə göndərdim. Bir azdan oğlum zəng vurub evimizin ətrafında çoxlu polis əməkdaşlarının olduğunu dedi. Dərhal evə getdim. Ora çatandan sonra qızımla arvadımın öldürüldüyünü öyrəndim".
Məhkəmənin hökmü ilə Z.Hüseynov ömürlük həbsə məhkum edilib.
İnarə