Azərbaycanlı müğənni: "Gizli  evləndik, anamın ürəyi getdi"
Azərbaycanlı müğənni: "Gizli
evləndik, anamın ürəyi getdi"

Xalq artisti Natəvan Şeyxovanın müsahibəsini təqdim edirik.
- Natəvan xanım, nə var, nə yox, necəsiniz? Özünüzü necə hiss edirsiniz?
- Özümü çox yaxşı hiss edirəm. Hazırda Konservatoriyada sessiyalardır. Tələbələrimiz imtahan verməlidirlər. Buna görə də vaxtımız, demək olar ki, yoxdur. Çalışırıq, işləyirik.
- Tələbələrinizdən razısınız? Gənclərin klassik musiqiyə marağı nə yerdədir?
- Əlbəttə ki, gənclərin klassik musiqiyə böyük marağı var. İstedadlı uşaqlarımız çoxdur. Gözəl səsi olanlar çoxdur. Mən çox şanslıyam ki, belə istadadlı, savadlı, gözəl səsi olan tələbələrim var. Bunu bütün kurslara şamil etmək olar. Düşünürəm ki, gələcəkdə onlar sənətdə öz sözlərini deyəcəklər.
- Hər zaman ətrafa mehribanlıq və səmimiyyət saçmağa necə nail olursunuz?
- Yəqin ki, bu, daxildən gəlir. Mən süni insan deyiləm. Bunları mənə valideynlərim aşılayıb, ona görə də olduğum kimi görünürəm. Xatırlayıram, anamın çox gözəl səsi var idi. Hətta bir dəfə atam istəyirdi ki, anamın ifasını müğənnimiz Şövkət Məmmədova eşitsin. Şövkət xanım da atama təklif etdi ki, qoy yoldaşın gəlib Konservatoriyada oxusun. Əlavə etdi ki, mən onu öz sinfimə götürəcəyəm. Anam çox utancaq idi. Ona görə də oxumaq istəmədi. Təbii ki, evdə oxuyurdu… Düşünürəm ki, mənə səs məhz anamdan keçib.
- Bəs gözəllik?
- Yəqin ki, elə gözəllik də anamdan keçib. Anam çox gözəl qadın olub. Yaxşı görünmək üçün isə xüsusi heç nə etmirəm.
- Sizin həm əminiz, həm atanız, həm də qardaşlarınız kino sahəsində çalışıb. Yanılmıramsa, siz hətta "Onun böyük ürəyi" filminə də çəkilimisiniz. Bəs nəyə görə, aktrisa yox, müğənni olmaq qərarı verdiniz?
- Neyləmək olar, alınmadı… 13 yaşımda "Onun böyük ürəyi" filminə çəkildim. Filmdə 10-cu sinifdə oxuyan bir qızın obrazını canlandırıdım. "Arşın mal alan"nın kastinqlərində məni Asya rolu üçün yoxladılar. Çağırmadılar, yəqin ki, uyğun gəlmədim. Başqa bir filmin kastinqlərinə də dəvət etmişdilər. Güman ki, rejissorlar istədiklərini məndə görmədilər. O zamanlar məktəbli qızcığaz idim. Böyüyəndə aktrisa olmağı arzulayırdım. Bununla belə, evdə, məktəbdə mahnılar oxuyurdum. Atam da məni Rauf Atakişiyevin yanına apardı. Xatırlayıram, 20 yaşında uzun hörükləri olan bir qız idim. Yay idi, Rauf Atakişiyev ifama qulaq asdı. O, dedi ki, hazırda imtahan gedir, qoy Natəvan da özünü sınasın. Mən də çox cəsarətli qız idim. Az da olsun, həyəcan hissim yox idi. Ola bilsin ki, yaşımın az olması ilə əlaqədar idi. Səhnəyə çıxdım, baxdım ki, komissiya heyəti əyləşib. O zaman rektor Cövdət Hacıyev idi. İfamı yoxladılar. Mənə bir neçə mahnı oxutdurdular. Nəsə, oradan çıxdıq və gözləməyə başladıq. Vaxt keçir, xəbər yoxdur… Axırda dözmədim, atama dedim ki, yəqin məni qəbul etmədilər, gedək. Bu zaman imtahan qurtardı, müəllimlərdən biri mənə yaxınlaşdı. Dedi ki, mənim tələbəm olacaqsan. Bu, Ukraynadan olan bir qadın idi. O, mənim üzərimdə iki il işlədi. Daha sonra isə imtahanla məni birinci kursa götürdülər.
- Bildiyim qədərilə, həyat yoldaşınız Rafiq Seyidzadə ilə tanışlığınızın və evliliyinizin maraqlı tarixçəsi olub?
- Doğrudur. Həyat yoldaşımla tanış olanda mənim 20 yaşım var idi, 1965-ci il idi. Konservatoriyanın tələbəsi idim. Rauf Hacıyevin rəhbərlik etdiyi estrada orkestrinə getmişdim ki, səsimə qulaq asıb qiymətləndirsinlər. Gələcək həyat yoldaşım isə həmin orkestrdə saksofon çalırdı. O, məni ilk dəfə görəndə, "Bu qız mənim xanımım olacaq", - demişdi. Onun sözlərini təbəssümlə qarşıladım. Elə alındı ki, qastrola getməli olduq və Rafiq müəllim məndən onunla evlənəcəyimə dair söz aldı. Bu təklifə uşaq sadəlövhlüyü ilə yanaşaraq, "Hə, sənə ərə gələcəyəm",- dedim və getdim.
- Bəs sonra nə oldu?
- 1966-cı ildə valideynlərimizdən gizli VVAQ şöbəsində qeydiyyatdan keçdik. Pasportda soyadım Seyidzadədir. Mən yoldaşımın soyadını götürdüm. Oradan çıxandan sonra ağlamağa başladım, çünki evə getməyə qorxurdum. Dedim ki, nə danışırsınız, atam məni öldürəcək. İki qardaşım da var hələ... Bizi qarşıda qastrol səfəri gözləyirdi və valideynlərimin təkbaşına səfərə çıxmağıma razı olmayacağını bildiyim üçün təcili və gözlənilmədən evlənmişdik. O vaxt Əli Yusubov da Konservatoriyada oxuyurdu. O, dedi ki, qorxmayın. Götürdü telefonu, evimizə zəng elədi. Anama dedi ki, Tünzalə xanım, sizin Natəvanla Rafiq evləndilər. Anam eşitdiyi xəbərdən özünü itirdi və dəstəyi asdı. Yaxşı ki, böyük qardaşım evdə olub. Təkrar telefonla yığdı, dedi ki, niyə qorxurlar, gəlsinlər evə. Amma ananın vəziyyəti pisləşdi, təcili tibbi yardım gəldi. Onun üçün bu faciə idi.
- Axşam bizə gələndə özümüzlə orkestr heyətinin demək olar ki, yarısını götürmüşdük. Atama hər şeyi danışdıq. Atam qulaq asdı, yoldaşımdan soruşdu ki sənin ailən var?
Yoldaşım da dedi ki, var. Atam cavabında dedi ki, bu kağız parçası heç nəyi həll etmir. Bunu qəbul etmirəm, qoy valideynlərin adət-ənənəyə uyğun olaraq gəlib qızımı istəsinlər. Yoldaşımın da valideynləri heç nə bilmirdilər. Sonra onlar xonçalarla bizə gəldilər. Bundan sonra qastrola getdik. Bakıya qayıdandan sonra isə toy elədik. Toyumuz Kinostudiyada oldu.
Xatırlayıram, həmin gün dəhşətli leysan var idi. Anam da deyirdi ki, mənim qızımı qaçırıblar deyə hətta təbiət ağlayır. Allaha şükür ki, 48 ildir ki, bir yerdəyik, xoşbəxt ailəmiz var. İki övladım - bir oğlum, bir qızım var. İki nəvəmiz var. Qız nəvəm böyükdür. Bu yaxınlarda isə oğul nəvəm oldu, 6 aylıqdır.
- Son zamanlar sənət aləmində baş verənlər haqqında nə deyə bilərsiniz?
- Müğənnilər öz evlərini, geyimlərini, maşınlarını nümayiş etdirirlər. Qalmaqallarla efirə çıxırlar, mən belə hallardan heç xoşlanmıram. Müğənni yaradıcılığı, sənəti ilə maraqlı olmalıdır. Qalmaqalları və bahalı geyim və ya evi ilə deyil. Əgər yaradıcılıq varsa, bütün bunları reklam etmək kimə lazımdır? Hətta maqazin tipli verilişlərə də baxmamağa çalışıram.
- Müasir estarada müğənnilərindən kimi dinləyirsiniz?
- Mən müğənninin səhnə görünüşü, ifası tam olanını sevirəm. Təbii ki, müğənnilərimizdən qulaq asdıqlarım var. Amma indi adları yadımda deyil. Əvvələr efirə çıxmaq asan iş deyildi. Əgər yaxşı səsin var idisə, ilk öncə Bədii Şuranın nəzarətindən keçməliydin. Onlar sənin ifana qulaq asmalı idilər. Mahnının sözlərini və musiqisini kim yazıb. Amma indi zəmanə dəyişib. İndi müğənnilərə hər şey olar… Səsyazma studiyaları da çoxdur. Mahnı oxumaq istəyirsən, istənilən səsyazma studiyasına girisən, pulunu verirsən, sənə səs də edirlər…
- Natəvan xanım, o zamanlarda qalmaqallar olurdu?
- Əlbəttə olurdu. Amma ki, bunu jurnalistlər bilmirdilər. Müğənnilər öz aralarında məsələnin həlli yolunu tapırdılar. Dalaşırdılar, amma bunu heç bir zaman ictimailəşdirmirdilər.
Mən Şövkət Ələkbərova, Sara Qədimova, Gülağa Məmmədov, Rəşid Behbudov kimi korifeylərlə işləmişəm. Hər zaman özümüzdən böyük sənətkarlara hörmətlə yanaşmışıq. Onlar da gənc ifaçılara çox yaxşı münasibət göstərirdi.
Cavanlar korifey sənətçilərə "artıq qocadır, oxuya bilməz" demirdilər.