16 Sentyabr 2019
Bu gün Azərbaycanın futbol millisi ABŞ yığması ilə qarşılaşır
Bu gün Azərbaycanın futbol millisi ABŞ yığması ilə qarşılaşır İDMAN 11:02 2014-05-28

Bu gün Azərbaycanın futbol millisi ABŞ yığması ilə qarşılaşır
Bu gün Azərbaycanın futbol millisi ABŞ yığması ilə qarşılaşır

Bu qarşılaşma millimizin Amerika materikində ilk oyunu olacaq

Azərbaycan millisi bu gün növbəti yoxlama oyununu keçirəcək. Berti Foqtsun baş məşqçisi olduğu yığmamız ABŞ qarşısında sınağa çıxacaq. Bu qarşılaşma millimizin Amerika materikində ilk oyunu olacaq.

Düzdür, yığmamız 9 il əvvəl də səfərdə KONKAKAF təmsilçisi ilə görüşüb. Lakin Trinidad və Tobaqo ilə qarşılaşmalar Şimali Amerikada deyil, qitənin yaxınlığında yerləşən ada ölkəsində baş tutub.
Ardıcıl 4-cü dəfə yoxlama oyununa çıxacaq komandamız 2014-cü ildə 2-ci sınağına çıxacaq. Martın 5-də Filippini minimal hesabla yenən millimiz bu dəfə daha güclü rəqiblə üz-üzə gələcək. ABŞ yığmasının gələn ay keçiriləcək dünya çempionatının final mərhələsində iştirakı da bundan xəbər verir.
Almaniyalı baş məşqçi Yurgen Klinsmannın rəhbərlik etdiyi "yankilər" də məhz mundiala hazırlıq məqsədilə komandamızla görüşəcək. Braziliyada keçiriləcək yarışa yollanacaq "23-lüy"ü müəyyənləşdirən mütəxəssis həmin futbolçuları bir daha sınaqdan keçirəcək.
ABŞ millisi dünya reytinqinin 14-cü komandası olsa da, yığmamız San-Fransiskodakı görüşdə uduzmaya da bilər. Çünki mundial ərəfəsində zədələnməmək üçün amerikalılar ehtiyatlı oynayacaq, canfəşanlıq etməyəcək. Özünü göstərmək imkanı əldə edən millimizin üzvləri isə bundan yararlana da bilər.
Alman mütəxəssislər Foqtsla Klinsmannın dueli həm də yığmamızın baş məşqçisinin sabiq yetirməsini sınağa çəkməsi ilə əlamətdar olacaq. 1996-cı ildə Almaniyanı baş məşqçi kimi Avropa çempionu edən Foqts həmin vaxt hücumda Klinsmanna güvənirdi. Lakin almaniyalıların işbirliyi yenidən start ərəfəsindədir.
Belə ki, yığmalar arasında oyundan sonra Foqts Klinsmannın müşaviri kimi ABŞ millisində çalışacaq. O, bu komandaya dünya çempionatı zamanı kömək edəcək, sabiq yetirməsinə məsləhətləri ilə yol göstərəcək.
Qeyd edək ki, ABŞ - Azərbaycan oyunu yerli vaxtla mayın 27-də saat 19:00-da başlayacaq. Lakin həmin vaxt ölkəmizdə artıq mayın 28-i olacaq. Görüş Bakı vaxtı ilə səhər 7-də start götürəcək.

Yoldaşlıq oyunu, 28 may:

07:00. ABŞ - Azərbaycan
Baş hakim: Henri Bejarano
Baş hakimin köməkçiləri: Uorner Kastro, Karlos Fernandez (hamısı Kosta Rika)
Dördüncü hakim: Armando Kastro (Honduras)
San-Fransisko. "Kandlestik Park" stadionu
İlkin Həsənoğlu