Tələ, qadın, pul, "şilləvuran": Manaf Ağayev danışdı
Tələ, qadın, pul, "şilləvuran": Manaf Ağayev danışdı

Müğənni Manaf Ağayevin jurnalist Zümrüd Güləddinqızına qarşı təzyiq göstərməsi məsələsinə müğənni mətbuat vasitəsilə, açıq məktubla cavab verdi. Manaf Ağayev bildirib ki, xanım jurnalistin onun barəsində bu qədər yalan, iftira atması onu təsirləndirib:

"İnanın mən hələ də şokdayam. Mənim peşəkar jurnalistilərə, media nümayəndələrinə böyük hörmətim var. Dost məclislərindən birində mənim də oxumağımı istədilər. Oxuyan zaman bir xanım mənə yaxınlaşdı, qulağıma tərif yağdırdı ki, bəs mən sizin pərəstişkarınızam, ölürəm sizin ifanız üçün. Mən də oxuyurdum deyə, sadəcə, başımla təşəkkürümü bildirdim. Məclisdə oturan dostlarıma da işarə etdim ki, aralasınlar xanımı, məclisi rahat idarə edim. Bu xanım da məndən əl çəkmədi, gəldi yanımda da oturmağa çalışdı ki, mən sizin səsinizin vurğunuyam. Belə məqamlarla, demək olar ki, məclislərdə tez-tez rastlaşırıq. İndi nə deyim, xanımı acılayım, ayıb olar. Məcburam ki, yola verim. Bu məqamda həmin jurnalist xanım başladı mənim şəkillərimi telefonuna çəkməyə.
Dostlarımın diqqətindən bu qaçmadı. Mən ailə başçısıyam, böyük övladlarım var. Ayıbdı. O xanıma ayıbdı ki, belə məqamdan öz marağı üçün istifadə etməyə çalışdı. Dostlarım ona yaxınlaşıb xahiş etdilər ki, şəkilləri silsin. Xanım onlara bildirdi ki, telefonu koda düşüb silə bilməz. Biz uşaq deyilik ki... nə isə telefonu ondan alıb şəkilləri sildilər. Hətta bir dostum da Zümrüd xanıma bildirdi ki, əgər sən bunu pula görə edirsənsə, gələ 100 manatı götür. Sənətçi adamdı, ona məclisdə onlarla adam yaxınlaşır... Zümrüd xanım da mənim dostuma dedi ki, mən 100 manatı neynirəm, mən ondan bu şəkillər üçün 500 manat alacaqdım. Yəni bu söz nə deməkdi? Məni şantaj etmək niyyətinin oduğunu sübut etmir? Xanım mətbuata açıqlama verəndə bildirib ki, Manafın şilləvuranları, cangüdənləri...
Bütün Azərbaycan, elə mətbuat nümayəndələri də bilir ki, Manaf indiyə qədər heç bir məclisə şilləvuranla, cangüdənlə getməyib. Mən o biri müğənnilər kimi 10 nəfərlə məclisə girmirəm e... Mənim xalq arasında hörmətim var. Bir də ki mən kişiyəm, cangüdənə filana da ehtiyacım olmayıb. Bəli dost məclisi olduğu üçün dostlarıma jurnalist xanımın bu hərəkəti xoş gəlməyib. Əgər ona qarşı təzyiq olunmuşdusa, niyə 3 gündən sonra yadına düşdü ki, açıqlama yaysın. Həmin məclisin kaseti də var. Harada ona təzyiq edilib? Yəqin o özünü bununla reklam etməyə çalışır? Vallah ayıbdı. Mən o qədər aciz kişi deyiləm ki, qadına əl qaldıram, ya da təzyiq edəm. Adam haqqa danışar. Bütün toylara mən böyük oğlumla gedirəm, bunu hamı bilir. Onun yanında hansısa qadınla qeyri-etik hərəkət etmək nə qədər məntiqə uyğundur. Yenə deyirəm, əgər o jurnalist qadın olmasaydı, mən onun yalanına başqa şəkildə cavab verərdim. Amma qadına təzyiq göstərmək, nə bilim onunla söz güləşdirmək mənə yaraşmaz.
Bir daha qeyd edirəm ki, mənim mətbuata hər zaman hörmətim olub, onların içində dostlarım da var. Ona görə də bu xanım mənim imicimə, ad-sanıma ləkə gətirmək istəyirdirsə, bu, onda alınmadı. Düzdü, dedim ki, "sənin kimi şantajla məşğul olan jurnalistlər çoxunun evini dağıdıb, indi mənim evimi dağıtmaq istəyirsiz?" sözünü demişəm. Çünki bunun başqa adı da yox idi. Sonradan onu da öyrəndim ki, mənə yaxınlaşan qadın da məclisə elə Zümrüd xanımın sifarişi ilə gəlib. Yenə deyirəm mən kişiyəm, qadınla mübahisə etmək. Qadına təziyq göstərmək mənim kişiliyimə ziddir. Bunu Zümrüd xanım bilmirdisə, bundan sonra diqqətində saxlasın. Mən bundan artıq hər hansı açıqlama verməyə də ehtiyac duymuram. Onu da, məni də tanıyan tanıyır. Mən yenə deyirəm peşəkar jurnalistərin qələminə, imzasına, şəxsiyyətinə hər zaman hörmətlə yanaşmışam. Onun, bunun şəkilini çəkib şantajla pul əldə etmək jurnalist adına yaraşmaz..."