Siyasilərin məhkəməsi yeddinci dəfə təxirə salınıb

Bakı Ağır Cinayətlər Məhkəməsində 2003-cü ilin 16 oktyabr hadisələrinə görə həbs olunan şəxslərin cinayət işi üzrə məhkəmənin bu günə təyin olunan hazırlıq iclası növbəti dəfə təxirə salınıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, təqsirləndirilən şəxslərin vəkilləri prosesdə iştirak etmir. Hakim onlar olmadan işə baxmağın mümkünsüz olduğunu əsas gətirib, məhkəmə iyunun 6-na təxirə salınıb.
Xatırladaq ki, bundan əvvəl 6 dəfə proses təyin olunsa da, hər dəfə təqsirləndirilən şəxslərin və ya onların vəkillərin gəlməməsi səbəbindən təxirə salınıb.
Qeyd edək ki, 2003-cü il oktyabrın 16-da Bakıda keçirilən aksiyada polislə mitinq iştirakçıları arasında baş verən qarşıdurma ilə əlaqədar həbs edilənlər sonradan Avropa Məhkəməsinə müraciət ediblər.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, ADP sədri Sərdar Cəlaloğlu, AXP sədri Pənah Hüseyn, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə və digərləri 2005-ci ilin martında əfv olunublar. Onlar Avropa Məhkəməsinə Azərbaycan hökumətinin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə hüququ) və 11-ci (sərbəst toplaşmaq azadlığı) müddəalarını pozmasından şikayət ediblər. Avropa Məhkəməsi onların xeyrinə qərar çıxarıb.
24 yanvar 2014-cü il tarixində Ali Məhkəmənin plenumunda həmin şəxslərin barəsində Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərara baxılıb. Ali Məhkəmə "16 oktyabr" məhkumlarının barəsindəki bütün məhkəmə qərarlarını ləğv edib və işə yenidən baxılması üçün cinayət işinin materiallarını yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.