"Keyxanım": "Nişanlım məni səhər saat 5-ə kimi gözləyib"

"Hərənin öz ulduzu"nda Ceyran, "Səhnədə məhəbbət"də müğənni qız, "Volqalı canan"da İradə, "Talelər qovuşanda"da Gülər kimi rollarla tamaşaçı sevgisi qazanıb. Səhnədə ifa etdiyi bu rollarla sənətə gəlsə də, televiziyadakı "Keyxanım" obrazı ona daha çox şöhrət gətirdi.

Keyxanım obrazı ilə sevilən tanınmış aktrisa Ülviyyə Əliyevanın müsahibəsini təqdim edirik.
Bir illik nişanlısı barədə danışmağa tərəddüd edən aktrisa suallarımızı cavablayıb:
-bTeatr aləminə gəlişiniz necə oldu?
- Mən 17 yaşımdan teatrda çalışmışam. Universiteti bitirən kimi Hüseynağa Atakişiyevin rəhbərliyi ilə Dövlət Gənclər Teatrında çalışmışam. Sonradan orada hazırlaşıb universitetə girmişəm. Haradasa, 18 yaşımda Afaq Bəşirqızının dəvəti ilə Musiqili Komediya Teatrında fəaliyyətə başlamışam. Artıq 14 ildir ki, bu teatrda çalışıram. Teatr məktəbdir. Teatrda çalışmayanda aktyor paslanır. Sadəcə olaraq, qismətim televiziyada gətirdi. Tamaşaçılar məni verilişlərdən tanıdılar, sevdilər.
- Tamaşaçılar sizi ən çox televiziyada yaratdığınız "Keyxanım" obrazından tanıyıb sevdilər. Ülviyyə Əliyevanı bu obraz məşhurlaşdırdı demək olarmı?
- Bu "SOY Production"un ideyası oldu. Mən "Hərənin öz payı" filminə çəkildim. O filmi görəndən sonra Oqtay müəllim məni "SOY Production"a dəvət etdi. Və Keyxanım obrazı tez bir zamanda populyarlıq qazandı.
- Eşitdiyimə görə, sevgiliniz biznesmendir?
- (gülür) Ay bacı, nə olar, o barədə soruşma. Narahat olmayın, bir irəliləyiş olsa, deyəcəm. Biz qız eviyik. Qız evinin də boynuna gözləmək düşür.
- Toya media nümayəndələrini dəvət edəcəksinizmi?
- Yox. Sadəcə kifayət qədər məlumat ötürüləcək. Ancaq toyum mediaya qapalı şəkildə keçiriləcək. Həyat yoldaşım özü bu barədə qərar verəcək.
- Deməli, bu qərarı o verib...
- Bilirsinizmi, mən istəyirəm ki, sənətimlə gündəmdə qalım. Aktual olum. İnsan nə qədər sirli qalırsa, o qədər maraqlı olur. Mən də elə istəyirəm. Şükür Allaha, hələ ki, sənətim var. Yaradıcılıq işlərim var ki, onlarla gündəmdə qala bilim. Nə vaxt ki, Allah etməmiş, gündəmdən düşərəm, o zaman ola bilər, şəxsi həyatımla bağlı nələrisə açıqlayaram.
- Sizcə, indi şəxsi həyatı ilə gündəmi zəbt edənlər sənəti olmayanlardır?
- Yox, əstəğfurullah, mən elə demirəm. Demərəm də... Elə şəxsi həyatı ilə gündəmdə olanlar var ki, mən onların sənətini də, özlərini də çox sevib, hörmət edirəm. Bu onların şəxsi işidir. Mənimsə prinsipim belədir ki, şəxsi həyatla gündəmdə olmayım.
- Nişanlınıza kifayət qədər vaxt ayıra bilirsizmi? Heç olurmu vaxt çatdıra bilmirsiz, dava düşür aranızda?
- Xeyr, o insan məni şükürlər olsun ki, çox yaxşı başa düşür. Lazım olanda nişanlım məni səhər saat 5-ə kimi gözləyib. Gəlib, aşağıda gözləyib, çəkiliş bitib, çıxıb getmişik. Ay zəng etsin ki, tez ol, harada qaldın, gəl - belə şeylər olmayıb. Sakitcə gözləyib və aparıb evə qədər ötürüb məni.
- Xoşbəxt olmaq üçün insana nə lazımdır?
- Öncə can sağlığı. İnsanın canı sağ olmayanda var-dövlət əhəmiyyətsiz olur.
- Necə evlilik planlaşdırırsınız?
- Hüzurlu, sakit yuva istəyirəm. Kifayət qədər xarici ölkələr də, var-dövlət də görmüşəm. Başqa heç nə lazım deyil.
- Çox kompleksli görünürsünüz. Deyəsən, nişanlnız sizə "sus, otur, çox danışma" kimi qadağalar qoyub?
- (gülür-red) Yox. Qadağa yox, bu sadəcə bizim ortaq məxrəcimizdir. Bizim istəklərimiz, dünya görüşümüz üst-üstə gəlir. O mənə demir ki, yox, sən bunu etməyəcəksən, etsən, öldürərəm, kəsərəm. Belə şeylər aramızda yoxdur. Mən də öz həddimi bilirəm. Çalışıram, onun bir dediyini iki etməyim. Əsl Azərbaycan qadınına məxsus olan kreteriyaları bilirəm. Özümü heç zorlamıram. Özümü çərçivələmirəm. O da bilir, mən tanınmış adamam. Başa düşür məni.
- Neçə ildir nişanlısınız?
- Bir ildir.
- Özünüzü xoşbəxt hesab edirsinizmi?
- Bəli, çox xoşbəxtəm. Nəhayət ki, həyatımda arzuladığım kişi qarşıma çıxdı.