Türkiyədə "Gülən qalmaqalı" səngimir
Türkiyədə "Gülən qalmaqalı" səngimir

MKİ mütəxəssisi: "O, qayıtsa qiyamət qopar"

Pensilvaniya "Lehigh" universiteti Beynəlxalq Münasibətlər kafedrasının dekanı, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Türkiyə üzrə mütəxəssislərindən Henri Barkey, Fətullah Gülən ekstradisya olunaraq həbs olunacağı təqdirdə Türkiyədə qiyamət qopacağını deyib.

Barkey bu barədə Amerikada açıqlama verib. "Mən hesab etmirəm ki, o özü bunu istəyir. Çünki Gülən qayıtsa böyük bir istiqrarsızlıq yaranar. Fikirləşin ki, Gülən geri qayıtdı və onu həbs etdilər. Bu o deməkdir ki, Türkiyədə qiyamət qopacaq. Türkiyə onsuz da qütbləşmə olan bir ölkədir. Bu hadisədən sonra qütbləşmə daha da dərinləşəcək. Bu, yüzlərlə, minlərlə insanın həbs olunması deməkdir. Məncə hədəf göz qorxutmaqdır. Ərdoğan "Xidmət"dən o qədər qorxurmu ki, bu qədər böyük risklərə girir? Bunu başa düşmürəm. "Xidmət" hərəkatını qorxutmaq onun üçün niyə bu qədər əhəmiyyətlidir? Bu sual mənə çox maraqlıdır".
Bu arada məlum olub ki, ABŞ-da fəallar Fətullah Gülən camaatına məxsus məktəblərə qarşı mübarizəyə başlayıblar. Qeyd edək ki, ABŞ-da Gülən camaatına məxsus olduğu iddia edilən 140 məktəbdə 60 minə yaxın şagirdin təhsil aldığı bildirilir.
Amerikalı fəallar isə gülənçilərə məxsus məktəblərə qarşı mübarizə aparmaq üçün internet üzərindən hücuma başlayıblar.
Belə ki, fəallar Gülən məktəblərinin əlehinə olan məqalələr yazaraq internet vasitəsi ilə yaymağa başlayıblar.
Gülənçilər də özlərinə məxsus internet saytlarında amerikalı fəallar qarşı virtual müharibə elan ediblər.
Türkiyədə avqust ayında keçiriləcək prezident seçkisində müxalifətin hələ də konkret namizəd üzərində dayanmaması böyük narahatlığa səbəb olub. Ankaranın siyasət kulvarlarında baş nazir Rəcəb Tayyib Ərdoğanın iqtidar cəbhəsindən prezidentliyə namizəd olacağı, müxalifətin isə vahid namizəd ətrafında birləşəcəyi danışılır.
Türkiyənin tanınmış jurnalistlərindən biri isə müxalifətin hələ də yekdilliklə dəstəkləyəcəyi namizədi müəyyən edə bilməməsini lağa qoyub. "Milliyet" qəzetinin köşə yazarı Aslı Aydıntaşbaş müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyətçi Hərəkat Partiyası (MHP) qarşısında maraqlı namizəd təklifi ilə çıxış edib.
Yazar "Muhteşem Yüzyıl" serialında Qanuni Sultan Süleyman rolunu canlandıran Halit Ergençin prezidentliyə namizədliyinin irəli sürülməsini təklif edib. "Tayyib Ərdoğanın qarşısına Qanuni Sultan Süleymanı çıxarmaq lazımdır. Eh, madam ki, namizəd tapa bilmirik, "Muhteşem Yüzyıl"da Qanuni rolunu oynayan Halit Ergençin namizədliyini irəli sürək. Kifayət qədər populyardır! Hüquq dövlətini qoruyacğından şübhə yoxdur. (Kişinin adı da Qanunidir!) Ailə atası olduğu üçün mühafizəkarlar da ona dəstək verəcək. Üstəlik, padşah namizəd varkən islamçıların Ərdoğanın üzünə baxacaqlarını fikirləşmirəm. Laiklər (dünyəvi dövlət tərəfdarları) onsuzda Halit Ergenç - Bergüzar Korel cütlüyü üçün ölür. "Geziçilər" desəniz, onlar da Halit abilərinin qaz maskalı şəklini unutmayıblar. Uzun sözün qısası, başqa namizəd yoxdursa Qanunini qabağa itələyək" - deyə Aslı Aydıntaşbaş köşəsində yazıb.

Murad İbrahimli