"Mançestr Siti" İngiltərə çempionu oldu
"Mançestr Siti" İngiltərə çempionu oldu

İspaniyada isə hər şey son tura qaldı

İngiltərə çempionatında sonuncu - 38-ci turun oyunları keçirilir. Bu tur çempionluğun taleyi həll olunub.
Lider "Mançester Siti" öz meydanında "Vest Hem"in, ikinci yerdə gedən "Liverpul" isə doğma divarlar arasında "Nyukasl"ı qəbul edib. "Mançester Siti" "Vest Hem"i 2:0 hesabı ilə məğlub edərək, sonuncu turda ölkə çempionu adını qazanıb. "Liverpul" ikinci, "Çelsi" isə üçüncü olub.
"Liverpul" klubunun kapitanı Stiven Cerard Premyer Liqada əldən verdikləri çempionluq haqda fikirlərini bölüşərkən çempion "Mançester Siti"nin cari mövsümün ən yaxşısı olduğunu etiraf edib: "Çempionluğu əldən verdiyimiz üçün çox məyusam. Azarkeşlərimiz bizi sonadək dəstəklədilər, ancaq olmadı. Bununla belə, başımızı dk tutmalıyıq. Çünki yaxşı mövsüm keçirdik. "Mançester Siti"ni təbrik etməliyik. 38 oyun sonunda ən yaxş komanda məhz onlar oldu. Buna görə də onlar təbrikləri haqq edirlər.
Təbii ki, əsas hədəfimiz ilk 4 komanda arasında yer almaq idi. Lakin 11 qələbədən sonra çempionluğa inanmışdıq".
Ukraynada isə "Şaxtyor" futbol klubu ölkə çempionu adını qazanıb. Rumıniyalı mütəxəssis Mirça Luçeskunun yetirmələri 29-cu turda Luqans "Zarya"sını 3:1 hesabı ilə yenərək, bu titula yiyələniblər.
"Şaxtyor"un heyətində 16 və 29-cu dəqiqələrdə Luis Adriano, 92-ci dəqiqədə isə Eduardo fərqlənib. "Zarya"nın yeganə qolunu isə 49-cu dəqiqədə Nikita Şevçenko vurub.
"Şaxtyor" çempionatın sonuna 1 tur qalmış 62 xal yığıb və ikinci yerdə gələn "Dnepr"i 9 xal qabaqlayır. "Dnepr" in ehtiyatda 1 oyunu olsa da, heç bir halda liderə çata bilmir.
Qeyd edək ki, "şaxtaçılar" artıq 5-ci dəfədir dalbadal çempion adını qazanırlar.
İspaniya La Liqasında isə 37-ci turun oyunlarına yekun vurulub. Son oyun günündə səkkiz qarşılaşma baş tutub.
"Atletiko" (Madrid) öz meydanında "Malaqa" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. "Elçe" - "Barselona" matçında hesab açılmayıb.
"Real" isə səfərdə "Selta"ya uduzub (0:2) və çempionluq şansını itib.
Qeyd edək ki, "Atletiko" qələbə qazanmaqla çempionluğunu rəsmiləşdirə bilərdi. Qızıl medalların taleyi növbəti turda həll olunacaq. Həlledici oyunda "Atletiko" "Barselona" ilə üz-üzə gələcək. Çempion olmaq üçün "Barselona"ya qələbə lazımdırsa, "Atletiko"nu heç-heçə də qane edir.
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone komandasının La Liqada çempionluq şanslarını dəyərləndirərkən "Barselona" ilə çempionluq şanslarını bərabər gördüyünü bildirib: "Mövsümün əvvəlində çempionluq uğrunda mübarizənin son tura qədər davam edəcəyini söyləsəydilər, heç kəs inanmazdı. Lakin biz çempionluğa iddialı olmaqla yanaşı, "Barselona"dan 3 xal öndəyik. Bununla belə, çempionluq şanslarımızı bərabər görürəm. "Malaqa" ilə matça 100 faiz köklənmişdik, ancaq bu qələbə üçün yetərli olmadı".
"Nou Kamp"da baş tutacaq "Atletiko" ilə matçda azarkeş dəstəyinə ehtiyacımız olacaq. Yalnız onlar bizi La Liqada çempion edə bilərlər". Bunu isə "Barselona"nın baş məşqçisi Xerardo Martino La Liqanın son turunda çempionun müəyyənləşəcəyi "Atletiko" ilə matç haqda fikirlərini bildirərkən deyib.
Argentinalı mütəxəssis 37-ci turda "Elçe" ilə görüşdə alınan bir xalın onlar üçün yetərli olduğunu söyləyib: "Bir xal bizim üçün yetərli oldu. Çünki "Atletiko" və "Real" da xal itirdi. Düzdür, qələbə qazanmaq istəyirdik, bunun üçün də çox çalışdıq. Qarşılaşma ərzində "Atletiko"nun matçındakı hesabı bilmirdik. Bərabərə qalaraq çempionluq yolunda böyük risk etdiyimizin fərqindəydik".
Çempionluq şansları qalmayan "Real" klubunun baş məşqçisi Karlo Ançelotti isə komandasının La Liqada bu mövsümkü çıxışını dəyərləndirərkən cari mövsümdə ən uğursuz çıxışlarının məhz İspaniya birinciliyində olduğunu deyib: "Ölkə çempionu ola bilməyəcəyimiz üçün çox təəssüflənirik. Bu, uğursuz çıxış etdiyim ilk turnir oldu. Bəzi önəmli futbolçularımız zədələndiyi üçün bu, oyunumuza da təsir etdi. Son matçlarda pis oynadığımızı qəbul edirəm. Ancaq Çempionlar Liqasında yarımfinal görüşlərindən sonra komanda çox yoruldu".
Ançelotti bildirib ki, bundan sonra ÇL-dəki final qarşılaşması barədə düşünəcəklər.
İlkin Həsənoğlu