Cənubi Qafqazın kölə düşərgəsinə xəbərdarlıq
Cənubi Qafqazın kölə düşərgəsinə xəbərdarlıq

Məzhəkə teatrında belə olayların sonu kuklalar üçün heç yaxşı olmur

Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin Yerevanda çox böyük qalmaqala səbəb olub. Ermənistandakı onlarla qeyri-hökumət təşkilatı, siyasətçi və ictimai xadim İ.Volınkinin "persona non-qrata", yəni arzuolunmaz şəxs elan edilməsini və ölkədən qovulmasını tələb edirlər.

Onlar bildirirlər ki, 2007-ci ildə Gürcüstana qarşı casusluq fəaliyyətində suçlanan və ölkədən qovulan bu diplomat Ermənistanın daxili işlərinə kobud şəkildə qarışır.
Qalmaqalın səbəbi isə İ.Volınkinin son müsahibəsindəki bir məqamdır: "Əminəm ki, Rusiya burada, Ermənistanın informasiya məkanında mövcudluğunu daha fəal şəkildə göstərməlidir. Bu məsələdə əsla şübhə olmamalıdır. Lakin Rusiya ilə Ermənistan arasındakı münasibətləri pozmaq istəyən qeyri-hökumət təşkilatlarının Ermənistanda zərərsizləşdirilməsi üçün, belə görünür, başqa vasitələrdən və metodlardan da istifadə etməliyik. Yeri gəlmişkən, Rusiyada qeyri-hökumət təşkilatlarının fəaliyyətini çox konkret şəkildə tənzimləyən qanun qəbul olunub".
Aprelin 12-də isə İ.Volınkin bildirmişdi ki, Rusiya "şüur və ürəklərimizə yad olan ideyaların yayılması pərdəsi altında" dost ölkələrin daxili işlərinə qarışmağa yönəlmiş istənilən aqressiv müdaxilənin qarşısını alacaq.
Ermənistandakı QHT-lər rus səfirinin açıqlamalarından qeyzə gəliblər. "Belə bəyanatları mövcud diplomatik normaların kobud pozuntusu, Ermənistanın daxili işlərinə qarışmaq və Ermənistanın suverenliyinə növbəti təcavüz cəhdi sayırıq. Səfir Volınkin Ermənistan Konstitusiyasına sayğı bəsləməli və anlamalıdır ki, Ermənistan suveren, demokratik, hüquqi dövlətdir. Volınkin bəyanatları ilə özünü qanundan kənar vəziyyətdə qoyub. Ermənistanın hakimiyyət dairələrindən tələb edirik ki, Volınkini qanunlara riayət etməyə çağırsınlar. Volınkin ya vəzifəsindən kənarlaşdırılmalı, ya da Ermənistan vətəndaşlarından lazımi qaydada üzr istəməlidir. Ermənistanda erməni-rus dostluğuna qarşı fəaliyyət göstərən ictimai təşkilatların olmadığını bildirməklə yanaşı, səfir Volınkinə məsləhət görərdik ki, əcinnə ovuna Ermənistan sərhədlərindən kənarda çıxsın", - bəyanatda deyilir.
Göründüyü kimi, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinin açıqlamaları ermənilərin səbr kasasını daşdırıb. Halbuki təəccüblü və ya heyrətamiz heç nə yoxdur.
Cənubi Qafqazda "Ermənistan" adlanan dövlət əslində ərazisi 29800 kvadrat kilometr olan bir böyük həbsxana, islah-əmək düşərgəsidir. Burada hakimiyyətdə olan Serj Sarkisyan rejimi idarə etməyə çalışdığı insanların əməklərindən bəhrələnir və varlanır, onları iqtidara sədaqət ruhunda islah etməyə çalışır.
Bütün həbsxanalarda olduğu kimi də Ermənistanda məhbuslar nəzarətçilərə və xüsusilə də onları azadlığın nə olduğunu anlamaq imkanlarından məhrum edənlərə nifrət bəsləyirlər.
Əllərinə girəvə düşən kimi barmaqlığın o biri tərəfində olanları cəzalandırmaq, öz cəzalarının qisasını almaq istəyirlər.
Halbuki həbsxananın gerçək sahibi və nəzarətçisi Yerevandakı iqtidar yox, bu dəstəni çoxdan iqtidarsız etmiş Rusiyadır.
İvan Volınkin də Rusiyanın Ermənistandakı səfiri yox, həbsxanaya təyin etdiyi rəisidir.
Həbsxana rəislərinin də fəaliyyətinin əsas prinsiplərindən biri məhkumların nə etmələri ilə yanaşı, nə düşünmələrindən də vaxtında xəbər tutmaq, "zərərli" sayılan əməllərin qarşısını gecikmədən almaqdır.
Volınkin məhz bu səbəbdən informasiya müstəvisində daha sərt və aqressiv davranışın, tam nəzarətin tərəfdarı olduğunu deyir.
Rusiyanın Ermənistanı dövlət yox, idarəsində olduğu ərazi saydığı aydındır. Moskva bunu dəfələrlə, ən müxtəlif məqamlarda və şəraitlərdə göstərib. Elə böyüklüyünə görə Ermənistanın ikinci şəhəri olan Gümrüdə hərbi paradın keçirilməsi zamanı rus hərbçilərin şəstlə addımlamaları və Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının texnikasının da şəhərin mərkəzi meydanından təntənəli marş sədaları altında keçməsi ermənilərin müstəmləkə dövlətində yaşadıqlarını bir daha xatırlamalarına yönəlmiş jestlərdi.
Ermənilər əvvəlcə İvan Volınkinin açıqlamalarından, sonra da Gümrüdəki paraddan hiddətlənsələr də, belə qəzəb izharlarının faktiki olaraq heç bir mənası yoxdur.
Əvvəllər də belə olub. Amma indi Rusiya Ermənistanla bağlı mövqeyini daha sərt və aşkar şəkildə nümayiş etdirərək Yerevandakı iqtidarla yanaşı, erməni cəmiyyətinə kənardan idarə olunduqlarını açıq "izah" edir.
İvan Volınkinin bəyanatları normal ölkədə məhkəmə prosesinin, sonra da səfirin rüsvayçı şəkildə qovulmasının səbəbi olardı.
Ermənistanda isə heç nə olan deyil.
Səbəblər az deyil. Əvvəla, ermənilər arasında demokratiya, insan haqları, sivil cəmiyyət və inkişafı istəyən, tələb edən, bu prinsiplər uğrunda mübarizə aparanlar olsa da, onlar çox deyil. Ayrı-ayrı fərdlərin mütərəqqiliyi isə heç bir halda toplumun inkişaf səviyyəsinin göstəricisi sayılmadığından Ermənistandakı cəmiyyət küll halda deformasiyaya uğramış kütlədir. Həmin kütlənin ləyaqəti dəfələrlə tapdansa da, küçələrə çıxıb bir qədər çığır-bağır etməklə işi bitmiş sayıb, onu alçaldan, təhqir və istismar edən cinayətkarları devirməyə cəsarəti, imkan və istəyi olmayıb.
İvan Volınkin də bunu əla bildiyindən Ermənistanda Rusiyanın "maraqlarına cavab verməyən" təşkilatların fəaliyyətinin ləğvinə, senzuranın tətbiqinə və ümumiyyətlə, "haram" QHT-lərin bağlanmasının gərəkli olduğuna işarə vurur.
Rusiya Ermənistandakı mövqelərini daha da möhkəmlətmək və ümumiyyətlə, bu ölkədə Moskvanın mənafe dairəsindən kənardakı bütün fəaliyyəti bilmərrə yox etmək üçün aktivləşməyə meylli olduğunu göstərməklə yanaşı, eyni zamanda İvan Volınkinin bəyanatları vasitəsilə Yerevandakı rejimin rəhbəri Serj Sarkisyana üstüörtülü xəbərdarlıqlar edir.
Bəlli olur ki, Rusiya Ermənistanı onun maraqlarının tam təminatı üçün idarə etməyə təyinat alan Sarkisyanın işindən narazıdır. Həmin narazılıq QHT-lərlə bağlı açıqlamalar vasitəsilə bildirilsə də, Ermənistanda ABŞ və Avropa Birliyinə meylli qüvvələrin zərərsizləşdirilməməsi Moskvanı narahat edir.
Serj Sarkisyanın hakimiyyətinin müddəti və ümumiyyətlə, bu adamın siyasi karyerası, habelə varidatının taleyi Moskvanın mövqeyindən asılıdır...
Rusiya çox narazıdır. Çünki bütün səylərinə və Ermənistanı formal olaraq, tam idarə etməsinə rəğmən Serj Sarkisyan hakimiyyəti ölkədə "Rusiya ilə əbədi qardaşlıq" prinsiplərinin bərqərarını göstərən mühit yarada bilməyib.
Olanlar Yerevan küçələrində maşınlarına Georgi lenti vurub şütüyən və yol polisini qıcıqlandıran taksi sürücüləri, "Rusiyaya, Kremlə" ünvanlı yalvarış məktubları yazaraq "Nə olar, Ermənistanla Dağlıq Qarabağı Rusiyanın tərkibinə daxil edin" deyən qoca idiot Zori Balayan, iki əsr əvvəl Tehranda qılıncdan keçirilmiş gürcü kürəkənin adını daşıyan "klub"da sülənən bir neçə sarsaqdan ibarət "ziyalılar dəstəsi" və Moskvadan alınan pullar hesabına "müstəqil fəaliyyət göstərən" bir neçə qəzetlə xəbər saytıdır.
Halbuki Ermənistanın sərhədləri, müdafiəsi, ordusu, iqtisadiyyatı, maliyyəsi, hətta təbii qaz və elektroenerji ilə təminatı büsbütün Rusiyanın nəzarətindədir. Belədə Rusiyanın qıcıqlanması, İvan Volınkinin də diplomatik etiketdən çox kənar bəyanatlar verərək erməniləri ultimatum qarşısında qoyması anlaşılandır.
Serj Sarkisyan rejimi Rusiyanın ümidlərini doğrultmamaqla yanaşı, ölkəni bütünlüklə ram etmək üçün alınan maliyyənin hesabını ödəyə bilmir.
Deyəsən, dartıldığı iplərlə idarə olunan kukla bu dəfə marionetka statusu ilə barışmayaraq özünün iplərini dartdığı kuklalar vasitəsilə sahibinə qarşı çıxmaq istəyib.
Məzhəkə teatrında belə olayların sonu kuklalar üçün heçyaxşı olmur.
Elçin Alıoğlu