Ukraynadan qanlı xəbərlər gəlir
Ukraynadan qanlı xəbərlər gəlir

Ölkənin şərqində faktiki olaraq müharibə vəziyyəti hökm sürür

Ukraynanın şərq və cənub şərq bölgələrində federasiya tələb edən Rusiya tərəfdarı nümayişçi qruplar etitaz aksiyalarına davam edir. Ölkənin şərqindəki Donetsk şəhərində separatçılar prokurorluq binasını ələ keçiriblər.

1 May - Zəhmətkeşlər gününü qeyd etmək üçün Lenin meydanına toplaşan rusiyameyllilər daha sonra prokurorluq binasına yürüş ediblər. Binanın qarşısına xeyli sayda polis əməkdaşı cəlb edilib.
Prokurorların Kiyev üçün çalışdığını iddia edən aksiya iştirakçıları polis əməkdaşlarını daşqalaq ediblər. Polisin gözyaşardıcı qaz və səs qumbaralarına əl atması gərginliyi daha da artırıb. Qarşıdurma zamanı çoxlu sayda adam yaralanıb.
Təxminən iki saat davam edən toqquşmalarda aksiya iştirakçıları binanın şüşələrini sındırım, içəri Molotov kokteyli atıb. Polis əməkdaşları binanın içərisinə girməyə və oradan müqavimət göstərməyə başlayıblar. Amma qısa müddət ərzində separatçılar binanı ələ keçiriblər.
Rusiyameyllilər polis əməkdaşlarına aid xüsusi vasitələrinə də sahibləniblər. Onlar prokurorluq binasının önündə Ukrayna bayrağına od vurublar.

Ukrayna prezhidenti
hərəkətə keçdi

Ukrayna müvəqqəti prezidenti Oleksandr Turçinov isə silahlı qüvvələrin yenidən bölgədə əməliyyatlara başlaması üçün qərar verib. Turçinovun qərarı rəsmi qəzetdə nəşr olunaraq qüvvəyə minib. Ukraynadakı baş verən hadisələr səbəbi ilə Moskva rəhbərliyi də rəsmi Kiyevə sərt xəbərdarlıq edib. Rusiya Xarici İşlər Nazirliyindən edilən açıqlamada Kiyev rejiminin ölkənin cənub və şərq bölgələrində hərbi əməliyyatları yenidən alovlandırması və həddindən artıq nümayişçinin tərksilah edilməsi tənqid edilib.

Separatçılar Slavyansk şəhərində
məğlub olmağa yaxındır

Slavyansk şəhərində terrorçuluğa qarşı əməliyyat çərçivəsində separatçıların 9 blokpostu nəzarət altına alınıb. unian.net saytının verdiyi məlumata görə, bu haqda "Facebook" səhifəsində Ukraynanın daxili işlər naziri Arsen Avakov yazıb.
"Bu gün (dünən - red.) səhər saatlarında Slavyansk-Kramatorsk ərazisində terrorçuluğa qarşı mübarizə mərkəzi aktiv əməliyyatlara başlayıb. Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı bölmələri hazırda Slavyansk şəhərində terrorçuların 9 blokpostunu nəzarət altına alıb. Şəhər mühasirəyə alınıb", - daxili işlər naziri qeyd edib.
Onun sözlərinə görə, terrorçular Ukraynanın xüsusi təyinatlı bölmələrinə qarşı ağır silahlar və qumbaraatanlardan atəş açır. O, terroçuların daşına bilən PZRK raketlərinə də sahib olduğunu bildirib: "Peşəkar muzdurlarla əsl döyüş gedir. Terrorçular atəş açmaqdan çəkinmirlər. Onlar Slavyansk şəhərinin dinc əhalisi arxasında gizlənərək xüsusi təyinatlı bölmələrə atəş açırlar", - A.Avakov yazıb.
Slavyanskda kütləvi
qırğın xəbərdarlığı

"Ukraynanın Slavyansk şəhərində terrorçular təxribat xarakterli kütləvi qırğınlar törətməyi planlaşdırır. Şəhərə qanlı qırğınların işıqlandırılması üçün rusiyalı jurnalistlərin gətirilməsi prorsesinə başlanılıb". Bunu separatçı hərəkata qarşı olan "İnformasiya müqaviməti" adlı mərkəzin nümayəndəsi Dmitri Timçuk açıqlama verib.
Onun sözlərinə görə, separatçılar Slavyansk şəhərində təxribat xarakterli kütləvi qırğınlar törədərək dünyaya Ukrayna hərbçilərini "vəhşi" kimi göstərmək istəyirlər. Təxribat xarakterli qırğınların dünyaya nümayiş etdirilməsi üçün şəhərə Rusiya xəbər agentliklərinin jurnalistləri gətirilib.

Slavyanskda separatçılar yerli sakinləri Putin
üçün "canlı qalxan"
olmağa çağırırlar

Ukraynanın Slavyansk şəhərində separatçılar növbəti təxribata hazırlaşırlar.
Konkret olaraq onlar yerli sakinləri Putin üçün videoya çəkilməyə və "canlı qalxan" rolunda çıxış etməyə çağırırlar.
Bu barədə öz "Tvitter" səhifəsində jurnalist Saymon Şuster yazıb.
Bununla belə qeyd edilir ki, Slavyansk sakinləri terrorçuların bu çağırışları ilə şəhərin mərkəzinə toplaşmağa tələsmirlər.

Luqansk
Prokurorluğunun
binası dinc yolla
separatçılardan
azad edildi

Ukraynanın Luqansk vilayət Prokurorluğunun binası dinc yolla silahlı separatçılardan geri alınıb. "tsn.ua" saytının verdiyi xəbərə görə, mayın 2-nə keçə gecə uzun sürən danışıqlardan sonra silahlı şəxslər prokurorluq binasını tərk edib.
Luqansk Prokurorluğunun mətbuat katibi Marina Bragina hər şeyin sakitliklə həll olunduğunu söyləyib: "Bina gecə uzun sürən danışıqlardan sonra azad edilib. Heç kim zərər çəkməyib. Hazırda orada operativ-istintaq qrupu çalışır. Əməkdaşlar bu gün (dünən - red.) nahardan sonra işə çıxacaq".
M. Bragina bildirib ki, hələlik binaya daxil olmadığı üçün içəridə rəsmi sənədlərin məhv edilib-edilmədiyini bilmir.
Qeyd edək ki, separatçılar aprelin 29-da Luqansk Prokurorluğunun binasını ələ keçirmişdi.

Rusiyadan
sərt xəbərdarlıq

Bu arada Ukrayna hökumətinin məsuliyyətsiz və təcavüzkar addımlarının dağıdıcı nəticələr doğuracağı mövzusunda xəbərdarlıq edən Rusiya XİN isə rəsmi Kiyevi ABŞ və Avropa Birliyinin 17 apreldə Cenevrədə imzaladığı razılaşmaya əməl etməyə çağırıb. Nazirlikdən bildirilib ki, Kiyev rəhbərliyinin əldə olunan beynəlxalq razılaşmalara əməl etməməsi bu rəhbərliyin hakimiyyətdən getməsi ilə nəticələnə bilər.

Ukraynanın üçüncü
vertolyotu da vuruldu

Donetsk vilayətinin Slavyansk şəhərində Ukrayna ordusuna məxsus daha bir vertolyot separatçılar tərəfindən vurulub. "Rossiya 24" telekanalı "Krokodil" kimi tanınan məşhur "Mi-24" vertolyotunun vurulduğunu bildirib.
Bundan əvvəl isə Slavyansk şəhərində "Mi-24" və "Mi-8" vertolyotları vurulmuşdu. Məlumata görə, vertolyotlar şəhər ərazisinə hərbçilərin çatdırılmasında iştirak edirdi.

Ukraynanın
hərbi vertolyotlarını
Rusiya vurub?

Slavyansk şəhərində vurulan "Mİ-24" hərbi vertolyotu yüksək ixtisaslı xarici hərbi mütəxəssislər tərəfindən vurulub. Bu barədə isə Ukrayna Təhlükəsizlik Xidmətinin terrorçuluğa qarşı mübarizə mərkəzi bildirib.
Məlumata görə, vertolyot daşına bilən zenit-raket kompleksi olan PZRK ilə vurulub. "Terrorçuluğa qarşı əməliyyatın həyata keçirildiyi ərazidə yüksək ixtisaslı xarici hərbi mütəxəssislər var. Onlar yerli dinc əhali deyil. Onlar Rusiya rəhbərliyinin təmin etdiyi silahlara malikdir", - mərkəzin xəbərində deyilir.
Ukrayna Təhlükəsizlik Xidmətinin terrorçuluğa qarşı mübarizə mərkəzindən bildirilib ki, Kramatorsk ərazisində vertolyotun vurulması da eyni əlamətlərə malikdir: "Mütəxəssislərin qiymətləndirməsinə görə, vertolyot PZRK raketi ilə 1,5 kilometr məsafədən vurulub".

Ukraynada jurnalistlər bir-bir yoxa çıxır

Ukraynanın Donetsk vilayatində SkyNews və CBS telekanallarının çəkiliş qrupu itkin düşüb. Bu barədə "Novosti Donbassa"nın jurnalisti xəbər yayıb.
Onun sözlərinə görə, telekanalların çəkilliş qrupları Donetsk vilayətinin Konstantinovka şəhərində olarkən onlarla əlaqə kəsilib. Hazırda jurnalistlərlə əlaqə saxlamaq mümkün deyil. Hər iki telekanaldan ümumilikdə 8 nəfər olub. CBS telekanalından Klarisa Uard, Erin Liall, Endi Srevenson, Qiof Mabberley, SkyNews telekanalından isə Stüart Ramzey, Barnabi Qrin, Oleq Malko, Aleksandr Pustovit adlı jurnalistlər itkin düşüb. Hazırda onların tapılması istiqamətində axtarışlar davam edir.
Qeyd edək ki, dünən səhər saatlarında Donetsk vilayətində ABŞ-ın "Buzzfeed"qəzetinin əməkdaşı Mayk Ciqlio və onun tərcüməçisi Yelena Qlazunova itkin düşüb. Onlar hələ də tapılmayıb.

Ruslar Ukraynadan
Krımdan başqa heç bir vilayəti qopara bilməz

Krım istisna olmaqla Ukraynanın cənub-şərqində elə bir vilayət yoxdur ki, rusların sayı 50%-dən çox olsun.
Donetskdən başqa hər yerdə onlar əhalinin 30%-dən azdırlar. Bu barədə erməni təhlilçi İqor Muradyan son hadisələri şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynadan bu vilayətləri qoparmağa imkanı yoxdur və buna ehtiyacı da yoxdur, çünki büdcəyə əlavə yükdür. "Ukraynanın bu vilayətlərində əmlakın qiyməti çox aşağı düşüb, Rusiya rieltorları isə ucuz mənzillər üçün böyük alıcı axını olacağına ümil edirlər. Bəzi məlumatlara görə, Ukraynadan artıq 500 min rus Rusiyaya köçüb", - deyə İqor Muradyan vurğulayıb.
Onun sözlərinə görə, Ukraynada yaşayan 7 milyon rus gözləmə mövqeyi tutub ki, bu da yaxşı əlamət deyil: "Bu məsələdə son söz etno-demoqrafik duruma aiddir ki, zaman burada açıq-aydın Rusiyanın əleyhinə işləyir".

Ermənistan əhalisinin əksəriyyəti Krımın
Rusiyaya birləşdirilməsini dəstəkləyir

Ermənistan əhalisinin əksəriyyəti Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyir. "RİA Novosti"nin verdiyi xəbərə görə, "Gallup International Association"un bu ilin aprelin 8-dən 18-dək Ermənistanın bütün vilayətlərində və İrəvanın inzibati rayonlarında keçirdiyi sorğu 1067 nəfəri əhatə edib.
Sorğunun nəticələrinə əsasən, respondentlərin 80 faizi Krımın Rusiyaya birləşdirilməsini dəstəkləyib. "Referendum nəticəsində Krımın Rusiyaya birləşdirilməsinə sizin münasibətiniz ?" sualına respondentlərin 30 faizi "Tamamilə müsbət" cavabı, "Daha çox müsbət" - 47 faiz, "daha çox mənfi" - 8 faiz, "tamamilə mənfi" - 4 faiz cavab verib.
Qeyd edək ki, respondentlərin 76 faizi Krımın birləşdirilməsi məsələsində Rusiyanın addımlarını "müsbət" qiymətləndirib, sorğuda iştirak edən Ermənistan vətəndaşlarının 73 faizi qeyd edib ki, Ermənistan Krımı Rusiya ərazisi kimi tanımalıdır.
Ukraynada baş vermiş inqilab barədə erməni respondentlərinin 92 faizi məlumatlıdır. Sorğu iştirakçılarının 77 faizi Ukraynada baş verən hadisələrə "mənfi", "tamamilə müsbət" - 4 faizi, "daha çox müsbət" isə respondentlərin 14 faizi yanaşır.

Kənan Rzaquliyev