"Şər ücbucağı"nın yeni qonağı...
"Şər ücbucağı"nın yeni qonağı...

...yoxsa Tehrana silkələnən barmaq?!

Səudiyyə Ərəbistan-Pakistan nüvə əməkdaşlığı barədə növbəti iddialar səsləndirilir. İddialara görə, Səudiyyə faktiki olaraq atom bombasına sahib olub və yeni raketləri Pakistan satıb. Amma bu cür iddialar dəfələrlə gündəmə gəlsə də, heç vaxt təsdiqini tapmayıb və inandırıcı da deyil.

Ən azından ona görə ki, ABŞ-ın başçılıq etdiyi Qərb, o cümlədən İsrailin Pakistandan sonra ikinci bir müsəlman ölkəsinə nüvə silahına malik olmasına yol verəcəyini düşünmək ağlabatan deyil. İran nümunəsi göz qabağındadır. Amma İsrail timsalında Yaxın Şərqdə bir nüvə dövlətinin olduğunu və İranın hərbi gücünü artırmasını nəzərə alan Səudiyyənin buna cəhd edəcəyi mümkündür. Bu cəhdlərin baş tutma ehtimalı isə çox cüzidir.
Səudiyyənin bu istiqamətdə cəhd göstərməsi BBC-nin gündəmə gətirdiyi iddiada da özünü göstərir. BBC yazır ki, ona danışan çoxlu sayda mənbə Səudiyyə Ərəbistanının Pakistanın nüvə layihələrinə sərmayə qoyduğunu və bunun qarşılığında istədiyi zaman bu ölkədən nüvə başlıqları ala biləcəyini söyləyir.
BBC-nin diplomatiya və müdafiə üzrə redaktoru Mark Urban sözügedən iddiaları şərh edərək ötən illərdə baş verənləri, gizli rəsmi yazışmaları, mütəxəssislərin fikirlərini xatırladıb.

Nüvə silahlarının
pulu ödənilib?

Səudiyyə Ərəbistanının nüvə silahı axtarışlarına əsasən İranın nüvə proqramına reaksiya pəncərəsindən baxılırdı, amma bu informasiyalar Səudiyyənin İrandan daha əvvəl nüvə silahı əldə edə bilməsi ehtimalına işarədir. Bu ilin əvvəlində NATO-nun üst səviyyəli bir səlahiyyətlisi Pakistanda Səudiyyə Ərəbistanı üçün istehsal olunan nüvə silahlarının nəql edilməsinə dair kəşfiyyat hesabatlarıni gördüyünü söyləmişdi.
Ötən ilin sonlarında isə İsrail hərbi kəşfiyyatının keçmiş rəhbərlərindən olan Amos Yadlın İsveçdə keçirilən bir konfransda "İran nüvə silahına sahib olsa, Səudiyyə Ərəbistanı bir ay belə gözləməyəcək. Pulu ödəyiblər, bombaları hazırdır. Pakistana gedib ehtiyacı olan qədər götürüb dönəcəklər", - demişdi.
2009-cu ildə Səudiyyə Ərəbistanı kralı Abdullah ABŞ-ın Orta Şərq nümayəndəsi Dennis Rossu İranın nüvə silahı əldə edəcəyi halda özlərinin də bu silahı əldə edəcəyi ilə bağlı xəbərdar etmişdi. Krallıq həmin tarixdən bu yana amerikalılara bu mövzudakı niyyəti barədə saysız-hesabsız mesaj göndərib.
2013-cü ilin mart ayına qədər ABŞ prezidenti Barak Obamanın nüvə silahları üzrə məsləhətçisi olan Gari Samore BBC-nin "Newsnight" proqramında söyləyib ki, Səudiyyə Ərəbistanı ehtiyac olacağı halda nüvə silahı ala biləcəyi mövzusunda Pakistanla qarşılıqlı bir anlayış içində olduqlarını düşünürlər.

Pakistan nüvə
öbyektlərinə səfərlər

Səudiyyə Ərəbistanının nüvə silahı da daxil olmaqla uzun mənzilli raketlərin əldə edilməsi layihəsinin tarixi onlarla il əvvələ gedib çıxır. 1980-ci illərin sonunda Səudiyyə Ərəbistanı Çindən gizli şəkildə onlarla ballistik raket almışdı.
Bir çox mütəxəssisə görə, konvansionel silah olaraq hədəfi lazımı qədər düz vura bilməyən bu raketlər 20 il əvvəl hazır vəziyyətə gətirilmişdi. ABŞ-ın araşdırma və tədqiqat şirkəti olan "Janes"in mütəxəssisləri bu ilin əvvəllərində Səudiyyə Ərəbistanının İsrail və İrana tuşlanmış yeni "CSS-2" raketlərini hazır vəziyyətə gətirildiyini yazdılar. "Janes" jurnalı Ər-Riyadın təxminən 200 kilometr cənub-qərbində orta mənzilli balistik raketlərin hazır vəziyyətə gətirildiyi üçüncü bir sahənin olduğunu açıqladı.
Hər kəsin bildiyi bir başqa məsələ isə Səudiyyə Ərəbistanının Pakistanın müdafiə sənayesinə illərdir ki, verdiyi comərd dəstəkdir. Qərb mütəxəssisləri bu sərmayələrin raket texnologiyasının inkişafına və nüvə labaratoriyalarına qoyulduğunu iddia edirlər. Səudiyyə Ərəbistanının müdafiə naziri Salman bin Əbdüləziz Al-Səudun 1999 və 2002-ci ilərdə Pakistan nüvə araşdırma mərkəzinə baş çəkməsi də iki ölkə arasındakı müdafiə əməkdaşlığını göstərirdi.

"Wikileaks"dan ipucları

Pakistan nüvə proqramının yarı rəsmi tarixini yazan general Feroz Həsən Xan Səudiyyə nazirinin səfərlərini iki ölkə arasındakı hansısa razılaşmaya dəlil olaraq göstərilə bilməyəcəyini yazmış, amma etiraf etmişdi: "Səudiyyə Ərəbistanının comərd maliyyə dəstəyi Pakistanın nüvə proqramının davam etdirilməsini təmin etdi".
Üst səviyyəli səudiyyəli səlahiyyətlilər tərəfindən sızdırılan bir sənəddə ölkə rəhbərliyi tərəfindən qiymətləndirilməsi mümkün olan üç ehtimal sıralanırdı: Öz nüvə silahını əldə etmək, bir başqa nüvə güc ilə krallığın qorunması üçün razılaşma əldə etmək, ya da Orta Şərqdə nüvə silahlarından təmizlənilən bir bölgənin yaradılmasını təmin etmək. B. Obamanın yaxın vaxtlara qədər nüvə məsələləri üzrə məsləhətçisi olan Gari Samoreyə görə, məhz həmin vaxtlarda Səudiyyə Ərəbistanı ilə ABŞ əlaqələrindəki ciddi gərginliklər özünü hiss etdirməyə başladı.
Uzun müddətdir ki, ABŞ-ın İsrail siyasətindən narahat olan Səudiyyə Ərəbistanı İraqda Səddam Hüseynin devrilməsinə görə hirsli idi. Səudiyyənin vaxt keçdikcə İranın nüvə proqramından da narahatlığı daha çox ifadə edilir, baxmayaraq ki, Qərb nüvə proqramı ilə bağlı İranla razılaşma əldə etməyə yaxındır. Daha sonrakı illərdə isə diplomatik dəhlizlərdə Səudiyyə-Pakistan nüvə əməkdaşlığı mövzusundakı söhbətlər getdikcə çoxaldı.
"Wikileaks" tərəfindən sızdırılan rəsmi yazışmalarda adı verilməyən pakistanlıların "Səudiyyənin nüvə silahı əldə etməyə çalışaraq ərəb dünyasının hərəkətverici qüvvəsi olma yolunda irəliləməsinin məntiqli olduğu" bəyan edilirdi.

İddialar ciddidirmi?

Səudiyyə təhlükəsinin ciddi qəbul olunması ilə bağlı bir şərh də Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı Simon Hendersondan gəldi. Henderson "Səudiyyə İran və nüvə mövzularında çox ciddidir. Bu məsələdə uydurma yoxdur", - deyir.
Cavabı açıq olmayan tək şey Səudiyyə Ərəbistanının Pakistandan nüvə silahları hansı şəkildə ala biləcəyidir. İsrail keçmiş kəşfiyyat səlahiyyətlisi Amos Yadlın BBC-yə göndərdiyi yazılı açıqlamasında Səudiyyənin artıq hər an nüvə silahına sahib ola biləcəyi fikrini dilə gətirib. Bu fikir doğru olsa da, Səudiyyənin nüvə başlıqlarını hələlik Pakistanda gözlətməsi daha məntiqlidir.
Pakistan Xarici İşlər Nazirliyi isə iddiaları "fərziyyə, əsassız və problem yaradıcı" adlandırıb. Səudiyyə Ərəbistanının Londondakı səfirliyi də yazılı açıqlama verərək ölkəsinin nüvə silahlarının yayılmaması ilə bağlı müqaviləyə imza atdığını və Orta Şərqin nüvə silahlarından təmizlənilməsi üçün mübarizə etdiyini bildirib.

"İran qorxudulur"

Bizimlə söhbətində politoloq Zərdüş Əlizadə səslənən iddiaları şərh edib.
Politoloq hesab edir ki, səslənən bu iddialar İranla aparılan danışıqlar ərəfəsində Tehranı qorxutmaq məqsədi daşıyır.Z.Əlizadə İranın da bu iddiaları ciddi qəbul etmədiyini deyir. Politoloq Səudiyyənin mədəni, texnoloji və elmi səviyyəsinin nüvə silahından istifadə etməyə imkan vermədiyini bildirib: "Digər tərəfdən Səudiyyə krallığı yaxşı başa düşür ki, belə bir addım atsa onu devirmək ABŞ-ın əlində su içmək. Ona görə də Səudiyyənin belə bir addım atması inandırıcı deyil. Sadəcə, bu bir piardır və İrana təzyiq etmək məqsədi daşıyır. Pakistanın Səudiyyəyə silah satacağına yalnız sadəlöhv insanlar inana bilər. İran müstəqil dövlətdir, Səudiyyə isə ABŞ-ın əsarətindədir. Dünya mətbuatında təhlilər gedir ki, Səudiyyə Ərəbistanı ABŞ-dan aralanaraq müstəqil siyasət yürütməyə çalışır. Bunların hamısı boş söhbətlərdir. Səudiyyə ABŞ-ın cibindədir".
Ömər Dağlı