Azərbaycan futbolunda ilk

Bosniyalılar İbrahim Şehiçi Braziliyaya aparırlar

Tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə yüksələn Bosniya və Herseqovina millisinin Braziliyaya yollanacaq "23-lüy"ü tərtib olunub. Baş məşqçi Safet Suşiçə tövsiyə vermək niyyətində olan balkanlı həmkarlarımız mundial üçün ideal heyəti açıqlayıb.

Bosniya və Herseqovinadan olan jurnalistlərin təhlillərinə əsasən qurulan 23 nəfərlik heyətdə "Qarabağ"ın qapıçısı İbrahim Sehiç də yer alıb. Millidə 3 oyun keçirən 28 yaşlı əlcək sahibi əsas komandanın 3-cü qolkiperi kimi heyətə daxil edilib.
İbrahim İngiltərə "Stok Siti"sində çıxış edən Asmir Beqoviç və vətənində "Borats"ın şərəfini qoruyan Asmir Avdukiçin əvəzləyicisi olmalıdır. Həmkarlarımız onun 3-cü qapıçı olmaq üçün əsas rəqibi olan Yasmin Feyziçdən üstün olduğunu düşünür.
Suşiç mətbuatın tövsiyələrinə qulaq assa, Şehiç Azərbaycan futbolu tarixində ilkə imza atacaq. Belə ki, indiyədək ölkəmizdə çıxış edən heç bir futbolçu dünya çempionatının final mərhələsinə yollanmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Şehiç yığmaya qayıtmaq, mundiala yollanmaqla bağlı baş məşqçi ilə söhbət etdiyini, Suşiç isə ona deyil, son vaxtlar güvəndiyi qolkiperlərə üstünlük vermək istədiyini açıqlamışdı.
İlkin Həsənoğlu