Azərbaycan və İran arasında yeni razılaşma olacaq

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayini qəbul edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ş. Mustafayev iki ölkə arasında əlaqələrin inkişaf etdiyini, bu yaxınlarda Azərbaycan prezidentinin İrana rəsmi səfərinin ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyətini vurğulayıb.
Qeyd edilib ki, iki ölkə arasında enerji, nəqliyyat, infrastruktur, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar var. İqtisadi əlaqələrin daha da genişləndirilməsi baxımından Azərbaycan və İran arasında hökumətlərarası komissiyanın səmərəli fəaliyyəti də mühümdür və bu yaxınlarda komissiyanın yeni tərkibi təsdiq edilib. Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlətlərarası Müştərək Komissiyanın həmsədri olan Ş. Mustafayev müvafiq hazırlıq işləri aparıldıqdan sonra, yeni tərkibdə komissiyanın iclasının yaxın zamanlarda Azərbaycanda keçirilməsini təklif edib.
İranlı diplomat iqtisadi əlaqələrin genişləndirilməsinin ölkələrimiz üçün faydalı olacağını vurğulayıb, əlaqələrin bundan sonra da inkişaf edəcəyini qeyd edib.
Görüşdə iki ölkə arasında mövcud iqtisadi əlaqələr, eləcə də iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.