Ərdoğan "gülənçilər"ə qarşı ikinci cəbhəni açdı
Ərdoğan "gülənçilər"ə qarşı ikinci cəbhəni açdı

"Gülən camaatı" qanlı aksiyalara başlayır

"Dövlətin içərisində yer alan "paralel hökumət" şəbəkəsinin adamlarını necə təmizlədiksə, ədliyyə orqanlarında çalışan bu şəbəkənin tərəfdarlarını tamamilə zərərsizləşdirəcəyik". Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Baş nazirin sözlərinə görə, ədliyyə orqanlarında çalışan "paralel hökumət" şəbəkəsinin tərəfdarlarını təmizləmək bir az vaxt tələb edəcək. "Dövlət artıq 35 ildir ki, mövcud olan gizli strukturla mübarizə aparır. Ona görə də onları hüquq sistemindən tamamilə təmizləmək asan olmayacaq", - deyə R.T.Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyədə dini icma lideri Fətullah Gülən "paralel hökumət" şəbəkəsinin yaradaraq dövləti ələ keçirməkdə təqsirləndirilir.

Fətullahın əlilə
yaradılmış paralel
şəbəkənin məqsədi

olaylar.az isə yazır ki, 17 dekabr əməliyyatları ilə Türkiyədə özünə yer tapa bilməyən paralel şəbəkə təxribat manevrlərinə başlayır. Qurumun mayın 1-də Türkiyənin Şırnak və Diyarbəkir əyalətlərində qanlı təxribat ssenarisi hazırlaması barədə məlumatlar yayılıb. Türkiyə mətbuatının məlumatına görə, şəbəkənin mayın 1-də Şırnak və Diyarbəkirdə keçiriləcək sosialist bayramı şənliklərinə təxribat qrupları sızdıracaqları deyilir. Şəbəkə üzvlərinin həm də təxribat məqsədilə polislərə atəş açacaqları da iddia olunur. Bununla da polislərin müdaxiləsilə marginal qruplar ortaya çıxacaqlar. Həmin vaxt şəbəkənin qabaqda gedən adları televiziyalar vasitəsilə "Biz sülh istəyirik!" mesajını verəcəklər. Həmçinin "Twitter" vasitəsilə "Polis kürdlərə hücum edir!" başlıqlı kampaniyalara start veriləcək. Ölüm hallarının baş verməsi üçün koordinasiyalı hücumlar təşkil ediləcək. Layihə baş tutsa, təxribatlar prezident seçkilərinədək davam etdiriləcək. "Gülən camaatı" da mayın 1-də reallaşdırılacaq təxribat planında yer alır. İnqilabçı Xalq Qurtuluş Partiyası (DHKP -C əslində terror təşkilatıdır) və Xalq Cəbhəsi başda olmaqla, "Böyük Yol", MLKP, DSİH, "Marksist-Leninist Silahlı Propaqanda Birlikləri", MLSPB, SDP kimi marjinal təşkilatları da cəlb etməklə paralel şəbəkə proseslərin miqyasını genişləndirməyi hədəfə alıb.

Camaatın gizli terror
təşkilatı üzə çıxdı

Təqaüddə olan polkovnik Ahmet Zeki Üçok "paralel dövlət"in "Ötüken" adlı gizli təşkilat yaratdığını bildirib. Üçok rahib Santoro, Qrant Dink və "Ton nəşriyyatı" qırğınlarının paralel şəbəkə tərəfindən həyata keçirildiyi iddia edir. "Balyoz" və digər ittihamlarla 36 il 3 ay həbs cəzası alan polkovnik Üçok "Axşam" qəzetinə müshaibəsində deyir: "Paralel quruluş tərəfindən yaradılmış "Ötüken" adlı gizli təşkilatın olduğunu bilirəm. Təşkilatın hansı planları həyata keçirdiyindən də xəbərdaram. "Gəzi" hadisələrində, rahib Santoro, Qrant Dink, Ton, Danıştay cinayətlərində də "Ötüken"in əli olub. Cinayətlərin üstünün açılmamasına əsas səbəb paralel şəbəkənin MOSSAD üslubunda təşkil edilməsidir. Şəbəkənin araşdırılmasında maksimum 2-3 nəfərin adına qədər gedib çıxmaq mümkündür. Bu cinayətlərin arxasında paralel şəbəkənin olduğunu konkret sənədlərlə bilən bəzi böyük kəşfiyyat təşkilatları və dövlətlər, qurumu Türkiyə hökumətinə qarşı kamikadze kimi sitifadə edirlər". Polkovnik Üçok qeyd edir ki, əslində fətullahçılardan ibarət olan paralel şəbəkə müxtəlif "dövlət sənədləri" düzəldərək MİT-i də siyasi oyunlarına cəlb ediblər. Üçok iddia edir ki, Qərargah Evləri istintaqı MİT rəsmisi Emre Tanerin imzası ilə ona təqdim edilən çox məxfi sənədilə başlayıb: "Məxfi sənəddə adları qeyd olunduğu üçün 11 hərbi məktəbin kursantı və bəzi zabitlər ordudan uzaqlaşdırıldılar. Aldadıldığını sonradan bilən Taner sənədi imzaladığı üçün peşman oldu". Ahmet Zeki Üçok qeyd edir ki, paralel şəbəkənin üzə çıxmasından sonra əsas məsuliyyət "Ötüken"in üzərinə düşür. Üçok hesab edir ki, şəbəkə gizli təşkilatdan baş nazir Rəcəb Tayyib Ərdoğana qarşı istifadə etmək niyyətindədir: "Onların əllərində hər cür gizli məlumat var. Terror təşkilatları kimi kod addan istifadə edirlər. Təhlükəli təşkilatdır. Hökumət, ordu və kəşfiyyat orqanlarını hədəfə alıb. "Gülən camaatı" da hökumət orqanlarına sızıb məxfi məlumatlar əldə edib. Həmin məlumatlar hakimiyyətə qarşı istifadə edilməlidir. Quruluş onların planlarından xəbəri olanları müxtəlif yollarla susdurur. Şəbəkə hüceyrə kimidir, üç nəfərlik qruplar şəklində fəaliyyət göstərirlər. Heç kim biri-birini tanımır".
Şəbəkə kinlidir

Mütəxəssislər paralel şəbəkənin PKK və DHKP-C terror təşkilatlarından da radikal olduğunu bildirirlər. Şəbəkənin məqsədi Türkiyəni sərhədlərindən yox, daxildən - küçə, prospekt, hətta evlərin içərisindən işğal etməkdir. PKK və DHKP-C açıq müstəvidə fəaliyyət göstərirlər. Lakin paralel şəbəkənin mərkəzinin harada olması barədə heç bir məlumat yoxdur. Qurumu yaradanların şəxsiyyətləri də bəlli deyil. Şəbəkəni yaratmaqda ittiham olunan əsas şəxs "Gülən camaatı"nın rəhbəri Fətullah Gülən və nurçulardır. Bəlli olan budur ki, şəbəkə Türkiyəyə qarşı olduqca kinlidir. Həyata keçirilməli olan "1 may planı" qanlı təxribatdır. Şəbəkə "17 dekabr əməliyyatı" ilə hakimiyyəti ələ keçirməyə cəhd etsə də bacarmadı. İndi də özünü qanlı təxribatlarda sınamağa qərar verib. Qurumun gec-tez növbəti təxribatının üzə çıxacağı əvvəlcədən məlum idi. Kin, qan və təxribat məsələsi varsa, bu o deməkdir ki, planın əsas icraçısı məhz "Gülən camaatı"dır. Gülənin "Mən Cəbrayıl da gəlsə, partiya yaratsa da uzaq dayanaram. Çünki siyasətdən uzağam" fikirlərini dilə gətirməsilə, Türkiyə siyasi qarşıdurmanın içərisinə atıldı. Bu isə proseslərin əsas dəstəkçisi və müəllifinin Fətullah Gülən olduğunu sübut edir.

Qurum radikallaşır

Fəthullah Gülən məhz Türkiyəni parçalamaq istəyən Qərbin layihəsidir. Gülənin əlilə yaradılmış paralel şəbəkənin məqsədi Türkiyə və Azərbaycanın təməlinə bomba yerləşdirməkdir. Hər iki ölkədə özlərinə qarşı başlayan əməliyyatlarla güc itirən fətullahçılar artıq radikallaşrılar. Sübut: gizli "Ötüken" təşkilatı, üzə çıxarılan qanlı "1 may planı", PKK və DHKP-C ilə əməkdaşlıq, erməni diasporasına maliyyə yardımı, Göyçayda keçirilən əməliyyatlarda nurçulara məxsus silah-sursatın aşkar olunması və s. Hər-halda şəbəkənin gec deyilkən Türkiyə və Azərbaycanın təhlükəsizlik orqanları tərəfindən ifşa edilməsi yaxşıya inkişafdır. Şəbəkənin tamamilə çökdürülməsi üçün tədbirlər planının icrası daha da genişləndirilməlidir.

Murad İbrahimli