Avto-qəza törənin işi Appelyasiyada
Avto-qəza törənin işi Appelyasiyada

Bakı Apellyasiya Məhkəməsində yaşlı qadının üzərindən maşınla keçərək qətlə yetirən 21 yaşlı Alı Süleymanlının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə aprelin 21-nə təyin edilib.
Qeyd edək ki, 2013-cü il yanvar ayının 22-də Alı Süleymanlı anası Rübabə Süleymanovanın sevdiyi şəxs Zaur Feyzullayevlə sonu dava-dalaşla bitən telefon söhbətinin şahidi olub. Bunu eşidən Alı öz tanışı Elçin İsmayılovla bərabər "VAZ-2107" avtomobilində Zaur Feyzullayevin evinə gediblər. Maşından düşən kimi Alı və Elçin Zaura hücum edərək onu döyməyə başlayıblar. Zaur onların əlindən qaçmaq üçün evə girib bıçaq götürərək onların üstünə hücum edib. Zaurun ardınca onun anası Ruqiyyə və atası Hafiz bayira çıxıblar. Mübarizə zamanı Elçin Zaurun əlindən bıçağı alıb, ordan uzaqlaşmaq üçün maşına oturublar. Sükan arxasına oturan Alı sürətlə Ruqiyyə Feyzullayevanın üstündən keçib. Sonra isə hadisə yerindən qaçıblar, yaşlı qadın elə hadisə yerində dünyasını dəyişib.
Fakt üzrə cinayət işi açılıb, A.Süleymanlı və E.İsmayılov həbs ediliblər. İstintaq zamanı Zaur Feyzullayev bildirib ki, Alının anası Rübabə Süleymanova ilə 2010-cu ildə tanış olub. Onlar iki il vətəndaş nikahında yaşayıblar, sonra isə Zaur Rübabədən ayrılıb. Ayrılmaqlarına baxmayaraq Rübabə Zaura tez-tez zəng edir və hədə-qorxu gəlirdi.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alı Süleymanlı 14 il, Elçin İsmayılov isə 4 il azadlıqdan məhrum edib. Hökmdən narazı qalan A. Süleymanlı apellyasiya şikayəti verib.