Ukrayna hücuma keçdi

Ukrayna hücuma keçdi

Maydan hərəkatının fəallarından formalaşdırılmış Milli Qvardiyanın ilk batalyonu şərqə göndərildi

Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Donetsk vilayətində antiterror əməliyyatının başlandığını açıqlayıb. Turçinov Ali Radanın iclasında aprelin 15-nə keçən gecə Donetsk vilayətinin şimalında antiterror əməliyyatına start verildiyini söyləyib: "Əməliyyat mərhələli, məsuliyyətlə və ölçülüb-biçilmiş şəkildə həyata keçiriləcək. Məqsəd Ukrayna vətəndaşlarını müdafiə etməkdir".
A. Turçinov şərq vilayətlərində milis orqanlarının yenilənməsi prosesinin getdiyini də söyləyib. O, Kiyevdə Ali Radanın binası qarşısında piket keçirənləri milisə, Milli Qvardiyaya və orduya yazılmağı tövsiyə edib.
Qeyd edək ki, aprelin 14-də A. Turçinov "Terror təhlükəsinin qarşısının alınması və Ukraynanın ərazi bütövlüyünün qorunması üçün təxirəsalınmaz tədbirlər haqqında" Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarının icraya yönəldilməsi barədə fərman imzalayıb. Bu qərara əsasən antiterror əməliyyatına Ukrayna Silahlı Qüvvələri də qoşulacaq. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Andrey Parubiy Maydan hərəkatının fəallarından formalaşdırılmış Milli Qvardiyanın ilk batalyonunun şərqə göndərildiyini açıqlayıb.
İlkin məlumatlara görə, Donetsk vilayətinin Kramatorsk şəhərinin milis idarəsini ələ keçirmiş naməlum şəxslər artıq binanı tərk ediblər.

Türk donanması
hərəkətə keçdi

Rusiyanın Krımı işğal etməyi Qara dəniz sularını yenidən isitməyə başlayıb. Qardaş ölkənin "Milliyyət" qəzetinin verdiyi məlumata görə, həm dəniz sularında, həm də havada keçən həftə baş verənlər Qara dənizi qarşıdurma meydanına çevirib.
Türk donanması 7-11 aprel tarixlərində Qara dənizdə "Dəniz ulduzu-2014" hərbi təlimləri keçirib. Hərbi gəmilərin Qara dənizə Mərmərə dənizindən keçdiyi deyilir. Təlimlərin son günündə isə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Xarici İşlər Nazirliyinə çağırılaraq ABŞ-a məxsus iki hərbi gəminin Qara dənizdə qalma müddəti və səbəbləri ilə bağlı məlumat verilib.
Xatırladaq ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın "USS Truxtun" və "USS Taylor" hərbi gəmilərinin Montre sazişini pozaraq Qara dənizdə 21 gündən çox qaldığını bildirmişdi.
Aprel ayının 10-da isə "USS Truxtun" "USS Donald Cook" gəmisi ilə əvəzlənmişdi. "USS Donald Cook"un arxasınca, Fransa donanmasına aid "Dupuy Da Lome" gəmisi Çanaqqala boğazından keçərək, Mərmərə dənizinə daxil olmuşdu.
Aprel 12-də isə Rusiyanın bir hərbi təyyarəsi "USS Donald Cook" gəmisindən 900 metr məsafədə, dəniz səviyyəsindən 150 metr yüksəklikdə uçdu.
Qeyd edək ki, 1936-cı ildə imzalanan Montre razılaşmasına görə, Qara dənizə çıxışı olmayan ölkələrin hərbi gəmiləri burada 21 gündən çox qala bilməz. Boğazlardan hərbi gəmi keçirən bütün ölkələr Qara dənizə çıxışı olub-olmamasından asılı olmayaraq, bu barədə Türkiyəni xəbərdar etməlidir. Xəbərdar etmək üçün müəyyən olunan müddət Qara dənizə çıxışı olan ölkələr üçün bir, digərləri üçün isə iki həftədir.
Rusiya XİN başçısı:
"Ukraynanın
cənub-şərqində güc
tətbiqi yolverilməzdir"

Ukraynanın cənub-şərqində güc tətbiqi yolverilməzdir. "İnterfaks"ın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşü zamanı bəyan edib.
Lavrov qeyd edib ki, Ukraynadakı böhrandan çıxış yolunu konstitusiya islahatlarının hazırlanmasında görür. "Həmin islahatlar Ukraynanın bütün regionlarının maraqlarını nəzərə almalıdır", - deyə o vurğulayıb.

Medvedev: "Ukrayna
vətəndaş müharibəsinin astanasındadır"

Ukrayna vətəndaş müharibəsinin astanasındadır. Bunu öz "Facebook" səhifəsində Rusiya baş naziri Dmitri Medvedev yazıb. "Bu çox kədərlidir. Ukraynadakı faciənin səbəbi ondadır ki, bölgələrdə administrativ binalar ələ keçirilməyə başlayanda, legitim hakimiyyət qayda-qanunu qorumağa cəhd göstərməyib. Qeyri-legitim hakimiyyət isə özü pozduğu qayda-qanunu bərpa etməyə çalışır. Kiyevdə hakimiyyətə gəlmiş insanların əsl niyyəti indi üzə çıxıb", - deyə o vurğulayıb.

Timoşenko Ukraynada xalq müqaviməti
hərəkatı yaradır

Ukrayna prezidentliyinə namizəd, "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko xalq müqaviməti hərəkatı yaradaraq ona başçılıq etməyə hazırlaşır. "İnterfaks" agentliyinin verdiyi məlumata görə, hərəkata hərbçilər və keçmiş xüsusi təyinatlılar da daxil olacaqlar.
Timoşenkonun sözlərinə görə, aprelin 15-i, səhər saatlarında hərəkatın ilk toplantısı keçiriləcək.
"Ukraynanı müdafiə etməyə hazır olan könüllülərdən ibarət xalq müqaviməti hərəkatı yaradılmalıdır. Və mən bu hərəkat üçün əlimdən gələni əsirgəməyəcəyimə bu andan qərara aldım", - deyə Timoşenko bəyan edib.

Jirinovski: "Yanukoviç ordu ilə qayıdır"

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç mayın 1-də ölkəsinə qayıdacaq ki, "prosesləri legitimləşdirsin". Onun əsas işi Radanı buraxmaq, seçkiləri ləğv etmək və ölkənin cənub-şərqini Rusiyaya birləşdirmək. Bu barədə rusiyalı deputat, Liberal Demokratlar Partiyasının rəhbəri Vladimir Jirinovski "Exo Moskvı" radiosuna açıqlamasında deyib.
"Yanukoviç öz iqamətgahına qayıdacaq, o, qanuni prezidentdir. O, Ukraynanın cənub-şərqində yerləşən 9 regiona müstəqillik verilməsi ilə bağlı referendum keçirəcək" deyə Jirinovski bildirib. Jirinovski sözügedən regionların Rusiya üçün "konfet" olacağını deyib. Onun sözlərinə görə, bu regionların və Denestryanının Rusiyaya birləşməsindən sonra Rusiya artıq Ukrayna ərazisi ilə deyil, öz torpaqları ilə Avropaya neft və qaz nəql edəcək.
Onun sözlərinə görə, Yanukoviç ölkəyə şəxsi mühafizəçiləri və Cənub-Şərqi Ukrayna ordusu ilə girəcək: "Artıq Ukraynanın cənub-şərqində ordu qurulub . Bu ordunun öz komandanları , qərargah rəhbərləri var. Onlar xalq qarşısında and da içiblər. Kiyevdə oturan saxtakarların hamısı həbs olunacaqlar".
Jirinovski deyib ki, Yanukoviş mayın 1-də Kiyevə daxil olanda, Rusiya sakinləri Moskvada keçiriləcək ənənəvi parad zamanı ona həmrəylik nümayiş etdirəcəklər.

Obama Putini hədələdi

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinə zəng vurub. Bazar ertəsi baş tutan telefon danışığında B. Obama bildirib ki, Rusiya Ukraynanın şərq bölgələrində baş verən hadisələrə görə cavab verməli olacaq. Bu barədə "Reuters" agentliyi xəbər verib.
Obama Putini Ukraynada qarışıqlıq salan separataçıları geri çəkilməsi üçün təşəbbüs göstərməyə çağırıb. Ağ Evin rəsmi saytında qeyd olunub: "Prezident B. Obama bildirib ki, Ukraynada separatçılar silahlarını atmalı, tutduqları hökumət binalarını tərk etməlidir".
ABŞ prezidenti eyni zamanda V. Putini Ukrayna sərhədlərindən rus qoşunlarını çıxarmağa çağırıb.
Obama xəbərdarlıq edib ki, Rusiya Ukraynadakı tədbirlərinə son qoymazsa ona qarşı siyasi, iqtisadi beynəlxalq təcridetmə siyasəti genişlənəcək.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Putin Obama ilə telefon danışığında Rusiyanın Ukraynanın daxili işlərinə qarışmadığını deyib. Eyni zamanda Rusiya prezidenti Vaşinqtonu qan tökülməsinin qarşısını almaq üçün nüfuzundan istifadə etməyə çağırıb.

"Ukrayna Rusiya
satqınları ilə doludur"

Ukraynada səfərdə olan politoloq Elxan Şahinoğlu paytaxt Kiyevdə şahidlik etdiyi mənzərələr barədə danışıb. E.Şahinoğlu bildirir ki, Ukraynada ətraf satqınla doludur, Rusiyanın 5-ci kolonu bu ölkədə tam gücüylə işləyir.
Politoloq qeyd edir ki, polis və təhlükəsizlik orqanları separatçılara təslim olur, Şərqin regional idarəediciləri Kiyevə deyil, Moskvaya itaət edirlər: "Gün ərzində yenə onlarla inzibati bina müqavimətsiz separatçıların əlinə keçib. Yəni rus kəşfiyyatı adamlarını illər öncə Ukraynada yerləşdirib, "X" günündə təlimatlarını veriblər".

Avropa Birliyi Ukraynaya missiya göndərir

Avropa Birliyi Ukraynaya təhlükəsizlik və müdafiə yardımı üçün missiya göndərməyi planlayır. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorskiy məlumat verib.
Onun sözlərinə görə, Avropa ekspertləri yaxın gələcəkdə Ukraynaya göndəriləcək. Missiya isə öz işinə iyunda başlayacaq.
Avropa dövlətlərinin xarici işlər nazirləri 14 aprel görüşündə Ukraynaya təhlükəsizlik və müdafiə yardımı üçün missiya göndərilməsini razılaşdırıblar.
Avropa Birliyi Ukraynaya hərbi və ya müşahidəçi missiya göndərə bilər. Bu barədə hələ dəqiq məlumat yoxdur.

"Putinin məqsədi Kiyevi ələ keçirməkdir"

Ukraynanın keçmiş ədliyyə naziri Serqey Qolovatov sensasion bəyanatla çıxış edib.
Qolovatov Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun və "Batkivşina"nın lideri Yuliya Timoşenkonun Kremlin agentləri olduğunu açıqlayıb. Onun sözlərinə görə, hər iki şəxs Vladimir Putinlə işləyərək, Ukraynanı məhv edir.
"Radanın sədri seçildiyi gündən Turçinovun Ukraynanın maraqlarını ayaqlar altına atır. Şəxsi müçahidələrimə əsasən deyə bilərəm ki, prosesə şəxsən Putin və onun dostu Medvedçuk nəzarət edir. Təbii ki, rəhbərlikdəki agentlər, Turçinov və Timoşenko vasitəsilə"-deyə Qolovatov vurğulayıb.
Qolovatov onu da bildirib ki, Putinin məqsədi Kiyevi ələ almaqdır və onu bu yolda heç kim saxlaya bilməyəcək.

ABŞ Ukraynada
keçiriləcək prezident seçkilərinə 11,4 milyon dollar vəsait ayırıb

Bu arada məlum olub ki, ABŞ Ukraynada keçiriləcək prezident seçkilərinə 11 milyon dollardan çox vəsait ayırıb. RİA Novosti agentliyinin verdiyi məlumata görə, ABŞ Dövlət departamentinin açıqlamasında belə deyilir.
"ABŞ-ın beynəlxalq inkişaf üzrə Agentliyi və Dövlət departamenti Ukraynada 25 may prezident seçkilərinin azad və ədalətli keçirilməsinə kömək məqsədilə 11,4 milyon dollar ayırıb", - sənəddə qeyd olunur.

"Tatarların Krımdan köçürülməsi Rusiyanı qarışdıracaq"

Politoloq Qabil Hüseynli Rusiya Federal Miqrasiya Xidmətinin Krım tatarlarının yarımadadan köçürülməsi barədə qərarını şərh edib.
Q.Hüseynli bildirib ki, Rusiyanın yürütdüyü siyasət normal məntiqə əsaslanmır, tamamilə absurd tezislərlə zəngindir. Politoloq qeyd edib ki, Moskva Krım tatarlarının köçürülməsi planını həyata keçirə bilər. Vaxtilə Krım tatarlarının bir neçə dəfə öz vətənlərindən deportasiya olunduğunu deyən Qabil Hüseynlinin sözlərinə görə, bu dəfə rusların qurduqları planların çox cüzi hissəsi həyata keçə bilər: "Çünki, Rusiya ətrafında vəziyyət gərginləşir. Federasiya daxilində yaşayan tatarların sayı 20 milyona yaxındır. Rusiya daxilindəki etnik oyanışın başında tatarlar dayanır. Tatarlar Moskvanın bu siyasətinə adekvat cavab verəcəklər. Bundan sonra federasiya daxilində vəziyyət qarışa bilər. Rusiya daxilində 100-dən çox millət yaşayır. Onlar da hüquqlarını müəyyənləşdirmək uğrunda mübarizəyə başlayacaqlar. Proseslərə kənardan da müəyyən stimullar olacaq. Krım tatarlarının yarımadadan deportasiya edilməsi beynəlxalq hüquq normalarına ziddir. Avropa Şurası məsələ ilə əlaqədar xüsusi qətnamə qəbul edib. Həmin qətnamədə deportasiya edilmiş xalqların, ilk növbədə Krım və mesxeti türklərinin öz vətənlərinə qaytarılması haqda tezislər əksini tapıb. Rusiya buna görə də köçürülmə planını həyata keçirə bilməyəcək".

Kənan Rzaquliyev