Azərbaycanlı müğənni: "Çox gözəl ailəm olmasını arzulayıram"

Leyla Ramazanlı şou-biznesdə heç kimi özünə tay tutmur

Müğənni Leyla Ramazanlının müsahibəsini təqdim edir.
Klip çəkdirmək
müğənninin işidir
– Leyla, 7 yaşından etibarən səhnədəsiniz. Amma dünən çıxan müğənnilərdən daha az tanınırsınız. Bunun səbəbi nədir?
– Düzdür, mən 7 yaşından səhnədəyəm. İlk dəfə Eldar Mansurovun "Vətən" adlı mahnısını oxumuşam. Bu mahnının sözləri Vahid Əzizə aiddir. Uşaqlıqda "Cücələrim" ansamblında fəaliyyət göstərmişəm. Uşaqlarla birlikdə 30-a yaxın ölkədə Azərbaycanı təmsil etmişəm. Mən özümdən razı insan deyiləm. Ola bilsin ki, bəzi insanlar Leyla Ramazanlını özündən razı insan kimi tanıyırlar. Amma həyatda necəyəmsə, səhnədə də eləyəm. Bəzi müğənnilər var ki, özlərindən razılıq edirlər, mənəm-mənəm deyib ulduzluq iddiasına düşürlər. Onların fikrincə, şou-biznes aləmində hər şey belə olmalıdır. Bu onların içində olan eqolardır. Mən hər zaman tamaşaçılarıma gözəl kliplər təqdim etməyə çalışmışam. Heç vaxt efirdə nə klipimin qiymətini açıqlamamışam, nə də onu bəh-bəhlə tərifləməmişəm. Bu mənim təbiətimdən asılıdır. Klip çəkdirmək müğənninin işidir. Burada heç də qeyri-adi bir şey yoxdur. Hər zaman öz səviyyəmi gözləmişəm. Başqaları ilə özümü heç zaman tay tutmamışam.
– Sizcə, məşhur olmaq üçün nə etmək lazımdır?
– Məşhur olmağın bir çox yolları var. Həmin yollardan biri odur ki, müğənni nə qədər efirə çıxır-çıxsın, əsas onun şarmıdır. Şarmdan sonra isə səs önəm daşıyır. Görünüş, danışıq qabiliyyəti, bunlar hamısı bir-birini tamamlamalıdır. Bunlardan biri əskik olanda müğənni səhnədə elə də diqqət çəkmir. Hamısı bir yerdə cəmlənəndə müğənni daha yaddaqalan olur. Şou-biznes elə bir aləmdir ki, burada mahnıdan, klipdən də əlavə qalmaqal, dedi-qodu da olmalıdır. Mən bu fikirlə razılaşıram. Artıq dünya ölkələrində belə şou-biznesdə qalmaqal strukturu formalaşıb. Müğənninin adı qalmaqallarda hallananda bu ona daha çox məşhurluq gətirir.

"Kliplərimin
orijinallığının pula heç bir aidiyyəti yoxdur"
– Adın heç bir qalmaqalda hallanmayıb, bunun səbəbi nədir?
– Mən hər zaman adımın qalmaqallarda hallanmasının əleyhinə olmuşam. Hərdən düşünürəm ki, bu mənim mənfi cəhətimdir. Ancaq efirlərdə belə qalmaqalları görəndə deyirəm ki, yaxşı ki, qalmaqala baş qoşmamışam. Azdan-çoxdan tanınıramsa, bu, mənim işimin bəhrəsidir. Nailiyyətləri özüm qazanmışam. Sabah heç kim efirə çıxıb deyə bilməz ki, ya Leylaya dəstək olmuşam, ya da maddi cəhətdən kömək etmişəm. Hər şeyi özüm əldə etmişəm. Bu günə kimi mənə dayım dəstək olub. Dayım mənim oxuduğum mahnıların sözlərinin müəllifidir. Onun mənə çox köməyi olub.
– İfa etdiyiniz mahnıların sözlərini dayın yazır, klipi isə bacın çəkir. Başqasına pul vermək istəmirsən, yoxsa pulun yoxdur?
– (gülür) Mənim üçün belə qayda-qanun qoyulmayıb ki, kimin yazdığı mahnını oxumalıyam və ya kiməsə klip çəkdirməliyəm. Arzu Əsədovun yazdığı şeiri oxudum və çox xoşuma gəldi. Ona görə də bəstəkara təqdim etdim ki, ona musiqi bəstələsin. Əgər tamaşaçılar bu gün mənim kliplərimi gözəlliyinə görə fərqləndirirlərsə, demək ki, bu mənim uğurumdur. Ona görə düşünmüşəm ki, əgər bacımın çəkdiyi klip gözəl alınırsa, nə üçün başqa rejissora müraciət edim. Xavər mənim geyimlərimdə stilist kimi çox dəstək olur. Mənim kliplərim öz orijinallığı ilə seçilir. Bunun pula heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq onunla işləmək mənə rahatdır. İşləyəndə də görürəm kliplərimiz gözəl alınır, yenə ona müraciət edirəm.
– Klip çəkilişlərindən sonra bacına əməyinin haqqını ödəyirsən?
– O, mənə xüsusi bir məbləğ demir. Təbii ki, texniki avadanlıqlar hamısı maddiyyatla həll olunur. Ancaq bacı olduğumuz üçün Xavər məndən çox şey tələb etmir.
– Tək geyimlə və ya xoş bir sözlə bacına klip çəkdirə bilərsən?
– Bizim aramızda heç vaxt belə bir münasibət olmayıb. O, mənə heç vaxt deməyib ki, mənə ya filan qədər pul ver, yaxud da filan hədiyyəni almalısan. Xavər hər zaman mənə dəstək olub.
– Ailə həyatı qurmağı düşünürsənmi?
– Mənim üçün ailə hər zaman müqəddəs olub. Çox gözəl ailəm olmasını arzulayıram. Ancaq tam olaraq istədiyim insan həyatımda yoxdur. Fikirləşirəm ki, hələ qarşıda uzun illər var. Nə zaman qarşıma ürəyim istəyən şəxs çıxarsa, onunla ailə həyatı quraram.
- Özünüzü şou biznesin hansı pilləsində görürsən?
– Qalmaqallardan uzaq öz işində olan bir müğənniyəm. Başımı aşağı salıb öz yolumla gedirəm. Çalışıram ki, kənardan atılan atmacalara da önəm verməyim. Mahnılarımı oxuyub, kliplərimi təqdim edirəm. Əsl Azərbaycan müğənnisi kimi özümü tamaşaçılara təqdim etməyə çalışıram. Şou-biznesdə mənim öz yerim var.

Müğənninin öz qazancı
hesabına bunu
etməsi çətin məsələdir
– Dedin ki, 30-dan çox ölkədə olmusan. Bəs beynəlxalq müsabiqələrdə səni nə üçün görmürük?
– Bizim dövlət tədbirlərimiz olur. Ancaq dediyin kimi onların yüksək şəkildə olması üçün təşkilatçı lazımdır. Müğənninin işi oxumaqdır. Təşkilatçı təklif edir ki, filan yerdə konsert təşkil edirəm, münasibdirsə, gedərik. Şükürlər olsun ki, bizdə də yavaş-yavaş nələrsə yaranmağa başlayır. Mən bir çox tədbirlərdə iştirak etmişəm. Sonuncu dəfə Ankarada, Kiprdə olmuşam.
– Xaricdə festivallarda olarkən onların şou-biznesinə qatılmaq barədə təklif almısanmı?
– Bizim müğənnilərin xarici şou-biznesinə qatılmağa yaxşı baxıram. Kimsə məşhur olmaq istəyirsə bu işə baş vurur. Belə olan halda, müğənninin üzərinə çox yük düşür bunu siz jurnalistlər də bilirsiniz. Bunun üçün müğənniyə maddi dəstək lazımdır. Müğənninin öz qazancı hesabına bunu etməsi çətin məsələdir. İnşallah, qismət olar, mən də gedərəm.
– Toylardan əlavə biznesin varmı?
– Toylara, tədbirlərə pulla gedirəm. İndi əldə edə biləcəyim müğənnilikdən əlavə biznesim yoxdur. Vaxt keçdikcə bu haqda düşünəcəm. Bu mütləq olmalıdır. Kirayə verdiyim bir iki yer var ki, o da mənə atamdan qalıb. O haqda düşünürəm, artıq hərəkət etməyin vaxtıdır.