Murad Arif:
Murad Arif: "100 ilin tənhalığı"nı bir ilə oxudum"

Bəstəkar və teleaparıcı Murad Ariflə müsahibəni təqdim edirik.
- Orta məktəbi necə oxumusuz?
- Babat, əla, bərbad arasında - qızıl orta səviyyəsində. Halal "4" alan olmuşam (gülür).
- "Uşaq və buz" şeirini bilirsiniz? Mümkünsə, deyərdiniz...
- Dərsə gedən bir uşaq,
Çıxdı buz üstə qoçaq;
Sürüşdü birdən-birə,
Düşdü üz üstə yerə.
Durdu uşaq neylədi?
Buza belə söylədi:
"Sən nə yamansan, a buz?
- Məktəb illərindən hansı əsərləri xatırlayırsınız?
- Çingiz Aytmatov "Gün var əsrə bərabər" romanını, Nəcəf bəy Vəzirovu, Cəlil Məmmədquluzadəni, Hüseyn Cavidi oxuyurdum... Sonra yadımdadır ki, Cek Londonun "Martin İden" əsərini oxumuşam. Aşağı siniflərdə "Oliver Tvistin macəralarını", "Səfillər" i oxumuşam... Yadıma salıb lap dəhşətə gəlirəm. Əməlli-başlı kitab həvəskarı olmuşam eeyy (gülür).
- İlk oxuduğunuz kitab... Mümkünsə ətraflı xatırlayın. Necə və hansı şəraitdə oxumuşdunuz.
- Üç-dörd kitab birdən yadıma düşdü, "Dədə Qorqud", "Korolevstvo krivıx zerkal", "Starik Xottabıç", bir də Aqata Kristinin "İspanskiy sunduk"... Bunlardan hansısa biri ilk kitabım olub.
- Həyatınıza təsir edən kitab olubmu?
- Bir dəfə 7-ci sinifdə dostumdan bir kitab almışdım. Kitabın adı "Emmanuel" idi. Bax o kitab mənə çox təsir etmişdi.
- Müqəddəs kitablardan hansıları oxumusunuz?
- Bəlkə də mənfi xüsusiyyətlərimdən biridir ki, dinlərə bağlı deyiləm. Bununla belə, Allahın mövcudluğundan, ona olan inamımdan çox asılıyam. Lakin, dini kitablardan heç birini oxumamışam.
- Axırıncı dəfə nə vaxt kitab oxumusunuz?
- İki saat öncə. Günel Mövludun tərcüməsində Stendalın "Qırmızı və Qara"sını. Üç aydır ki, bitirə bilmirəm kitabı. Həm ləng oxuyucuyam, həm də vaxtım az olur.
- Kitab seçiminizə nə təsir edir?
- Kitabla bağlı rəylər, şərhlər və tövsiyələr. Forumlardan, saytlardan maraqlanıram. Bestellerləri çək-çevir edirəm. Bundan əlavə yazıçılar və janrlarla maraqlanıram.
- Kitab alırsınızmı? Yoxsa hədiyyə edirlər? Alırsınızsa sonuncu dəfə hansını almısınız?
- Den Braunun "İnferno"sunu hədiyyə veriblər. Özü də iki dəfə. Çünki facebookda yazmışdım ki, kim mənə kitab hədiyyə verər? (gülür). Özüm isə son dəfə, Murakaminin "Norveç meşəsi"ni almişam.
- Hansı fasilələrlə kitab oxuyursunuz? Hər gün, həftədə bir dəfə, ya ayda bir dəfə?
- Həftədə 1-2 dəfə... Ölə-ölə 15-20 vərəq oxuyuram. 1 kitab 3-6 aya bitir. Rekordum Qabriel Qarsiya Markes olub. "100 ilin tənhalığı"nı 1 ilə oxudum. Utanıram!
- Kitabxananız varmı? Varsa əsasən hansı kitablardır. Yoxdursa, ümumiyyətlə evinizdə kitab varmı?
- Bağımızda var. Atam bağda çox olur, orada mütaliə başqa zövq verir adama. Bax, mənim atam əsl kitabsevərdir. Kitabxananı da o düzəldib. Kitabları əsasən tarixi qəhrəmanlardan bəhs edir. Nə bilim, Napoleon, Pyotr, Çörçill və başqaları haqda. Atam o kitablarda qələmlə qeydlər edir mənim üçün. Mən də oxuyum deyə. Amma nədənsə mənim bu kitablara marağım yoxdur.
- Təkrar oxuduğunuz kitablar olubmu?
- Heç vaxt olmayıb. Çünki məğzini bildiyim kitabı niyə təkrar oxuyum? Hətta filminə baxdığım əsəri oxumuram. Süjetlə əvvəldən tanışlıq məni kitabdan soyuda bilər. Mənə görə, intriqa sonadək gizli qalmalı.
- Hansı mövzular sizə daha maraqlıdır və nə üçün?
- Fərqi yoxdur. Remarkın "3 Yoldaş"ından da, Den Braunun "İtirilmiş simvol"undan da zövq ala bilərəm. Əsas odur ki, əsər məni özünə yoluxdursun.
- Yandırmaq istədiyiniz kitab olubmu?
- Yooox. Günahdır eee! Kitab mədəniyyətdir. Əlim gəlməz kitabı yandırmağa.
- Hansı kitabı hamıya məsləhət görərdiniz?
- Erix Mariya Remarkın "3 Yoldaş"ını. Həyat var bu əsərdə.
- Kitab oğurlamısınızmı?
- Uşaqlıqda. O qədər olub ki... (gülür)
- Maraqlı hesab etdiyiniz yazıçı və şairlər: klassik Azərbaycan yazarları, müasir Azərbaycan yazarları və dünya yazarları... Mümkünsə adlar çəkin...
- Çətin sualdır. Ən azı mən cavab verə bilməyəcəyəm. Çünki aktiv mütaliəçi deyiləm. Çox vacib kitablar və yazarlar var ki, mən onlardan xəbərsizəm. Bu barədə yalnız onu deyə bilərəm ki, nə qədər Azərbaycan və azərbaycanlılar var, bir o qədər də Mirzə Ələkbər Sabir yaşayacaq. O, bizim üçün həmişə müasirdir.
- Sevdiyiniz şeir hansıdır? Əzbər bilirsiz?
- Əzbər bildiyim: "Burə mqloö nebo kroet, Vixri snejnıe krutə... (gülür) İlk əzbərlədiyim Puşkin... (gülür) Sevdiyim şeir isə yəgin ki, yoxdur.
- Bəstələdiyiniz mahnılara yazılan sözlərə fikir verirsiz?
- Özüm yazıram sözlərimi. Mahnını və sözlərini çox vaxt ifaçısına uyğun yazdığım üçün, çox da tənqidi yanaşmıram bu işə. Azərbaycanda nə Zemfira var, nə də ki, Sezən Aksu. Belə azad ruhlu, sosial təbəqəli müğənnilərə bizdə yer yoxdur. Ona görə, biz mahnı yazanlar da çiçəkdən-böcəkdən yazırıq. Bizi qınamayın. Tələb-təklif məsələsidir.
- Sizcə Axundov kimdir?
- Var Mirzə Fətəli Axundov, bir də ki, Suleyman Sani Axundov (gülür). İkincisindən "Qorxulu nağıllar" oxumuşam uşaqlıqda.
- Cavablara görə təşəkkür.
- Sizə də təşəkkürlər!