ABŞ da Bəşər Əsədə köməyə başladı
ABŞ da Bəşər Əsədə köməyə başladı

Kimyəvi silahların terror qruplaşmalarının əlinə keçməsi Rusiya və Qərbin profilaktik tədbirlərin həyata keçirilməsi planlarını alt-üst edir

Müxaliflər və radikal təşkilatlar Suriyada müxtəlif istiqamətləri ələ keçiriblər. Dəməşq və ətrafına nəzarət isə rejimin əlindədir. Yəni ki, Bəşər Əsəd hakimiyyətdən könüllü getsə belə Suriya parçalanacaq. Çünki Əsəddən sonra müxtəlif qütblər ölkədə tutduğu mövqelərindən geri çəkilməyəcəklər.

Belə ki, Suriya müharibəsində döyüşən qruplaşmaların fikirayrılığı faktoru yürüdülən siyasətin Bəşər Əsədin devrilməsinə istiqamətli olduğunun üzərindən qırmızı xətt çəkir. Əsədin hakimiyyətdən getməsi Suriya müharibəsində barmağı olanlara sərf etmir. Məsələn, Tehran başa düşür ki, Əsədin devrilməsilə növbə İrana çatacaq. Ona görə də İran müharibənin mərkəzində oturaraq onun qızışması üçün dəqiqəbaşı körüyü basır. Rusiya Aralıq dənizindəki mövqeyini itirmək istəmir. Əsəddən sonra kimin Suriyada hakimiyyət başına keçəcəyi İsraili narahat edir. İsrail özünün seçdiyi şəxsin Suriya prezidenti olmasını istəyir. Almaniya və Fransanın Bəşər Əsəddən heç bir narazılıqları yoxdur. Suriyanın ən çox ticarət əlaqəsi saxladığı Avropa ölkələri Fransa və Almaniyadır. ABŞ və İngiltərə isə "Böyük Orta Şərq" proyektinin reallaşmasına çalışırlar. Bunun üçün Suriyada siyasi dəyişikliyə çalışır. Türkiyə milli təhlükəsizliyinin qorunmasına, Səudiyyə Ərəbistanı isə məsələyə dini müstəvidən yanaşır. Planların reallaşması üçün Suriya çürüdülür.
"əl-Qaidə" Əsəddən də təhlükəlidir

Müxalifət parçalanmağa davam edərkən, məzhəbi qruplaşmaların ölkədə yaratdığı qarışıqlıq Suriyada xaotik vəziyyəti daha da təhlükəli hala salır. Müxaliflər Bəşər Əsəd rejimilə yox, "əl-Qaidə", "Hizbullah" və "İraq-Dəməşq İslam Dövləti" (İDİD) terror təşkilatları ilə müharibə aparır. Arasında kənardan gətirilmiş xarici qüvvələrin olduğu qruplaşmaların Suriya Azadlıq Ordusuna qarşı döyüşmələri hansı vəziyyətin yarandığını göstərir. İDİD getdikcə Suriyada baş verən proseslərə nəzarəti ələ alır. Təşkilat Suriya ilə yanaşı İraqda da müharibə aparır. İDİD üçün Suriya və İraq böyük müharibə poliqonunun mərkəzidir. "əl-Qaidə" də yaranmış vəziyyəti lehinə çevirməyə çalışır. Əfqanıstan, Pakistan və İraqdan sonra terror təşkilatı bu dəfə Suriyada yaranmış boşluqdan faydalanmağa çalışır. Məqsəd Yaxın Şərqdə şəriət qaydaları ilə idarə olunan dövlət yaratmaqdır. Artıq daxili və xarici qüvvələr bu təhdidi aradan qaldırmaq üçün baş sındırırlar. "əl-Qaidə" Suriyada nəzarətdən çıxaraq, müharibə planında əli olanlara qarşı çevrilib. Təşkilat Suriyada Əsəddən də təhlükəli impulsa çevrilib. Çünki Suriya müharibəsində iştirak edən ən radikal qruplaşmalar iradi olaraq, "əl-Qaidə"-yə tabedirlər.

İraq xırdalanır

Suriyada baş verən proseslərin İraqa sıçraması isə irimiqyaslı müharibələr zəncirinin yaranması ehtimalını labüd edir. İraq hakimiyyəti bir tərəfdən Şimaldakı seperatçı kürdlərlə mübarizə apararkən, digər tərəfdən də İDİD-in nəzarətinə keçən bölgələri geri qaytarmağa çalışır. İraqın Cənubunda yerləşən Bəsrə, Misa və Ziqar bölgələri federativ republika olmaq qərarı veriblər. Sünnilərin çoxluq təşkil etdiyi Mosulun da daxil olduğu Ninnova regionu da hökumətə İraqdan ayrılmaq üçün ultimatun verib. Başlar "əl-Qaidə"-nin qarşısının alınmasına qarışdığı vaxtda Suriyada yaranmış boşluq İraqın da parçalanması üçün zəmin yaradıb. ABŞ və Qərb Bəşər Əsədi devirmək mübarəzindən geri çəkiliblər. "əl-Qaidə" tərəfindən dəstəklənən İDİD-in regionda əldə etdiyi üstünlüklə terrorçu qruplaşmaların Yaxın Şərqdə iqtidarı ələ keçirmək təhlükəsi təkcə Qərbi yox, Rusiyanı da ciddi şəkildə narahat edir. Kimyəvi silahların terror qruplaşmalarının əlinə keçməsi Rusiya və Qərbin profilaktik tədbirlərin həyata keçirilməsi planlarını alt-üst edir. Təşkilatlardan başda gələn adı isə yenə də "əl-Qaidə"-dir. Hətta radikal İslam qruplaşmaları ilə mübarizədə ABŞ və Qərbin Rusiya ilə yanaşı Bəşər Əsədə kömək etdiyi bildirilir.

Suriyada vətəndaş müharibəsi yoxdur

Suriya inqilabının daxili müharibəyə çevilməsi xarici müdaxilələrlə bağlıdır. Çünki Suriyada xalqın biri-birinə döyüşəcək üçün böyük kütlələr şəklində parçalanması mümkün deyil. Suriya əhalisinin quruluşu bu ölkədə vətəndaş müharibəsinə səbəb ola bilməzdi. Suriyada vətəndaş amilinə söykənən müharibə getmir. Vətəndaş müharibəsi bir ölkənin vahid cəmiyyətinin parçalanmasından sonra başlayır. Əsədin təşkil etdiyi "Şəbbiha" qatilləri xalqın parçalanaraq biri-biri ilə döyüşməsi demək deyil. "Şəbbiha" muzdlu qatil briqadasıdır. Nüsari azlıq Suriyada vətəndaş müharibəsi apara bilməz, heç buna cəhd də etməz. Siyasi rejimin yıxılmamasının yeganə səbəbi xarici faktorlardır. Buna görə də Suriyada qətlə yetirilən hər nəfərin hesabı "Hizbullah" mollaları, İran, ABŞ, Qərb, Çin və Rusiyanın hesabına yazılır. Xarici faktorların geri çəkilməsilə Əsədin hakimiyyət vaxtı bir saniyə çəkəcək. Həmin qüvvələr Suriyada özlərinin aldıqları canlardan yox, həm də "əl-Qaidə" kimi terror təşkilatlarının qatilliklərindən məsuldurlar.

Mənsur Rəğbətoğlu