Ağcabədidə qızqaçırma olayı
Ağcabədidə qızqaçırma olayı

Polis rəisi: “Qaçıran da, qaçırılan da ailə qurmaq istədiklərini deyir”

Ağcabədinin Qaradolaq kəndində evə basqın edilərək qız qaçırılıb. Qaçırılan qızın Nərgiz Namazovanın isə 21 yaşı var.

Kənd sakinlərinin verdiyi məlumata görə, gecə saatlarında qapı-pəncərə sındırılıb, ev sahiblərinə, hətta qonşuya qarşı zor tətbiq olunub. Şahid ifadələrinə əsasən, qızı qaçıran kəndin sakini 30 yaşlı Teymur Bahadur oğlu Eyvazovdur.
Basqına məruz qalmış ev sahibinin yaxınları bildirir ki, oğlan qıza dəfələrlə elçi düşsə də hər dəfəsində rədd cavabı alıb. Bu səbəbdən də sonda onunla evlənmək istəməyən qızı zor tətbiq edərək qaçırıb. “Qızın atası dünyasını dəyişdiyindən polis işə biganə yanaşır. Oğlan isə qız evinin şikayətini geri götürəcəyi təqdirdə qızı qohumlarına göstərəcəyini deyir”.
Qaçırılan qızın yaxın adamı Kənan Qasımov bildirib ki, polis bölməsinə şikayət ərizəsi ilə müraciət etmələrinə baxmayaraq hələ ki, heç bir cavab verilməyib. “Qız oğlanı istəmir. Məcbur ailə qurulası deyil ki? Polisə də müraciət etmişik. Dünən bir nömrədən zəng gəlib qızla danışıblar. Həmin nömrəni polisə vermişik, hətta nömrənin sahibinin kim olduğunu da demişik. Oğlanın rayonda olduğunu da bildirmişik. Amma heç bir tədbir görmürlər. Oğlanın atasına da şikayətimizi demişik. Qardaşı oğlanın yerini bilir. Polisə onunla da söhbətləşmələri üçün müraciət eymişik. Heç bir addım atılmır”.
Ağcabədi rayon Polis Şöbəsində faktla balı bildirdilər ki, şikayət qeydə alınıb, iş aparılır. “Məsələ artıq araşdırılır. Məsələ artıq araşdırılır. Yaxın saatlarda nəticəsi olcaq”.
Ağcabədi rayon Polis Şöbəsinin rəisi Şamil Seyidli açıqlamasında bildirib ki, artıq gənclər polis şöbəsindədir: “1984-cü təvəllüdlü Teymur Bahadur oğlu Eyvazov və 1993-cü il təvəllüdlü Nərgiz Surxay qızı Namazova əl-ələ tutaraq yanıma gəliblər. Cütlük ailə qurmaq istədiyini bildirib. Teymurun sözlərinə görə, Nərgizi sevdiyi üçün qaçırıb və onunla evlənmək istəyir. Nərgiz isə anasının nə səbəbdən şikayətçi olduğunu başa düşmədiyini bildirib. O həmçinin deyib ki, anasını görsə, ona bildirəcək ki, "onların ailə işlərinə qarışmasın. Bir daha deyirəm ki, gənclər yanımdadır və çox xoşbəxt olduqlarını və ailə qurmaq istədiklərini deyirlər”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, qız qaçırma adam oğurluğu hesab edilir. Bir neçə ildir ki, Cinayət Məcəlləsində adam oğurluğu ilə bağlı maddə bəzi oğlanların cəsarətini buxovlayıb. Bununla belə, bir sıra hallarda 5 ildən 12 ilə qədər həbs cəzası da, qız qaçırma hallarının qarşını tam almır. Elə hallar olur ki, oğlan tərəf “adətdəndir” deyib, qızı “nikah kəndiri” ilə sarıyır.
Bəzən belə hallarda qızı qaçırılan ailə milli mentaliteti əsas tutub hüquq-mühafizə orqanlarına şikayət etmir. Sadəcə, qızı qaçırılan ata-ana bir neçə gün bu olaya sərt münasibət göstərər, el ağsaqqallarının məsələyə müdaxiləsindən sonra ara sakitləşər. Amma elə bölgələr də var ki, orada qız qaçırılmasına sərt münasibət var və belə hadisə hətta arada düşmənçiliyə, adam öldürülməsinə səbəb ola bilir.
Bir daha xatırladaq, Cinayət Məcəlləsinin 144-cü maddəsinin 1-ci bəndinə əsasən, evlənmək məqsədilə qız qaçıran şəxsləri 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir. 144.2-ci maddə isə əgər olay tamah məqsədilə törədilibsə, 8 ildən 12 ilədək cəza nəzərdə tutur. 144.3-cü maddəyə görə, olay zərərçəkənin ölümü ilə nəticələndiyi halda, əməli törədən şəxs 10 ildən 15 ilə qədər müddətə azadlıqdan məhrum olunur. Qanun dili ilə desək, il ərzində adam oğurlamaqla ailə qurmaq istəyənlər az olmur. Hətta paytaxtda da belə hallara rast gəlinir. Ölkə ərazisində 2010-cu ildə 7 belə fakt baş vermişdisə, 2011-ci ildə bu rəqəm 16-ya kimi artıb. 2012-ci ildə evlənmək məqsədilə ilə cəmi 28 dəfə qız qaçırılması halı baş verib. Bu hadisələr zamanı 18 yaşına çatmayan 10 nəfər qız da evlənmək məqsədilə qaçırılıb. Ötən ildə 18 yaşından yuxarı olan qızların qaçırılması ilə bağlı 18 hadisə baş verib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, 2013-cü ilin birinci yarımilliyində adam oğurluqlarının sayı 20% azalıb. Nazirlikdən onu da bildiriblər ki, qız qaçırma əvvəllər adət-ənənə hesab olunurdusa, indi cinayət sayılır. Ötən illərlə müqayisədə bu ilin altı ayında qız qaçırma ilə bağlı 2 fakt azalma olub.