Missionerlərin dini tolerantlığa qısqanclığı
Missionerlərin dini tolerantlığa qısqanclığı

Kənardan ixrac olunan islami və xristian missionerləri üçün Azərbaycan qəbuledilməzdir

Son zamanlar Azərbaycanda dini tolerantlığa zərbə vurmaq istəyən qüvvələrin sayı artmaqdadır və qəribədir ki, bu qüvvələr əsasən xarici ölkələrdən istiqamətlənir. Öncələr bu diqqəti o qədər cəlb etməsə də hazırda məsələ kifayət qədər ciddiləşib və bu səbəbdən dövlət tərəfindən mühüm addımlar atılır. Elə bu günlərdə Milli Məclisdə qəbul olunacaq qanunda buna əyani misaldır.
Belə ki, parlamentdə qeyri-qanuni təriqət yaratmaq, gizi fəaliyyət göstərmək yasaqlanacaq və bu şəxslər terrorçu kimi qəbul olunacaqlar. Əslində bu addım bir çox dövlətlərdə tətbiq olunub və kifayət qədər ciddi effektlərdə verib. Maraqlıdır, bəs Azərbaycanda belə addım atmağa ehtiyac varmı? Gəlin suala cavab tapmadan öncə bu günlərdə aşkarlanan bir fakta diqqət yetirək. Belə ki, bir müddət əvvəl mətbuata müsahibəsində öz evini sumqayıtlı sələfilərin məscidi kimi istifadəsinə verdiyini açıqlayan Zöhrab Şıxəliyev yeni bir məscid tikmək arzusunda olduğunu bildirmişdi.Ötən həftə Zöhrabın yaşadığı Corat qəsəbəsindəki evinin yaxınlığında iki traktorun toqquşması nəticəsində qəza baş verib. Qəza nəticəsində traktorlardan biri yoldan çıxaraq Zöhrabın yaşadığı evin həyətinə girib. Maraqlı məqam isə bundan sonra baş verib. Hadisə yerinə gələn polis həyətdə evdən bir qədər aralıda böyük bir tikili aşkarlayıb. (hasar o qədər hündürdür ki, həyəti görmək olmur) Məlum olub ki, Zöhrab bu tikilini qanunsuz olaraq tikir. Zöhrab iddia edib ki, bu tikili onun evinə əlavə olaraq tiklir. Amma maraqlıdır ki, 3 mərtəbəli villası olan Zöhraba yeni ev nəyə lazım imiş? Qanunsuz tikili rayon icra hakimiyyətinin sərəncamı ilə sökülüb. Söküntü işləri başlayanda hətta ağır texnika çətinliklə üzləşib. Dəmir-beton konsturuksiyalar o qədər möhkəm tökülüb ki, sanki ev deyil hündürmərtəbəli bina tikiləcəkmiş.
İddiaya görə, Zöhrab həyətindəki yeni tikilidə 1000 nəfər rahat şəkildə toplaşa bilər. Zöhrabın evinə toplaşan vəhhabilər üçün “qeyri-formal məscid” rolunu oynayan bu tikilidə demək olar ki, hər cür şərait yaradılması üçün ilkin layihələr olub. Yəqin ki, gələcəkdə Zöhrab arzusunda olduğu məscidə elə buranı çevirmək fikrində imiş.İndi isə qayıdağın yuxarıda qoyduğumuz suala cavab tapmağa.

Xəvaric sirri

Bu gün Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən müxtəlif təriqətlər var ki, bunların önündə ilk növbədə xəvariclər durur. Xəvariclər əsasən şimal bölgəsində və Sumqayıtda yerləşiblər. Əsas məqsədləri isə aşağıdakılardır.
1. Azərbaycanda islam dövləti yaratmaq
2. Onlar kimi düşünməyənlərin fiziki məhfi. Çox maraqlıdır ki, onların hədəfində xristianlar yox, islamın digər təriqətindən olanlardır
3. Müsəlmanların sıx yaşadığı ölkələrdə hərbi yolla üsyanlar təşkil etmək və islam xilafəti yaratmaq
Bunu da qeyd edək ki, Suriyaya döyüşməyə gedən azərbaycanlı gənclər məhz bu qruplaşmanın üzvləridir.Başqa maraqlı məqam isə budur ki, xəvaricləri ilk baxımdan müəyyənləşdirmək çətindir. Çünki onlarda sələf təriqətinin üzvlərinə çox bənzəyirlər və əslində ilk mərhələdə onlar sələf təriqətinin üzvləri olurlar.

Nurçu izləri

Azərbaycanda qeyri-qanuni fəaliyyt göstərən təriqətlərdən biri də nurçu adlandırılan Fətulla Gülən tərəfdarlarıdır. Son günlər bu məsələ kifayət qədər aktuallaşıb və nurçuların Azərbaycanda ciddi kök saldıqları aydın olub. Nurçuların isə əsas məqsədləri aşağıdakılardır
1. Fəaliyyət göstərdikləri dövlətin hakim düşərgəsində təmsil olunmaq
2. Yaşadıqları ölkənin təhsil, səhiyyə və media sektorunu tam ələ keçirtmək
3. Digər İslami təriqətlərinin fəaliyyətini zəiflətmək və bunun üçün başqa dinlərlə əməkdaşlığa belə getmək
Bunu da qeyd edək ki, Fətulla Gülən yeganə dini liderlərdəndir ki, Vatikan tərəfindən qəbul olunub və Roma papası ilə görüşüdə təşkil olunmuşdu. Hazırda ABŞ-da yaşayan Fətulla Gülənin həm də yəhüdilərlə sıx ünsiyyəti var və İsrail-Türkiyə münasibətləri gərginləşən zaman İsrailin mövqeyini müdafiə etmişdi.

Yeqova şahidlərinin
missionerliyi

Bu gün Azərbaycanda İslamyönlü təriqətlərlə yanaşı xristian missionerləri də fəaliyyət göstərirlər və onlarında fəaliyyəti kifayət qədər qaranlıqdır. Bu tipli təşkilatlardan biri də Yeqova şahidlərdir. İlk baxışdan bu təriqət tərəfdarlarının fəaliyyətində qanunsuz heç nə görünmür. Amma iç qatlarına baxanda kifayət qədər şübhəli nüanslar ortaya çıxır. Bunlar nədir? Apardığımız araşdırmalar sübut edir ki, bu missioner təşkilatın Azərbaycanla yanaşı Ermənistanda da ciddi fəaliyyəti var və zaman-zaman bu şəxslərin Gürcüstanda bir araya gəlmələri də bildirilir. Adi bir fakta baxaq. Yeqova şahidləri təşkilatının üzvü olan azərbaycanlılar üçün ermənilər düşmən deyil və müharibə olarsa ermənilərə qarşı savaşmaq yasaqdır. İddia edirlər ki, bu halda din qardaşlarına qarşı savaşmış olurlar. Həmçinin bildirilir ki, bu təşkilatın üzvü olan azərbaycanlılarla ermənilər Gürcüstan vasitəsi ilə ticarət əlaqələri də qurublar. Bir sözlə Yeqova şahidləri üçün Azərbaycan dövlətçiliyi ikinci plandadır və kim olmasından aslı olmayaraq bu təşkilatın üzvüdürsə o düşmən hesab oluna bilinməz. Çox qəribədir ki, bu misioner təşkilatın Gəncədə və Goranboyda müəyyən qədər sosial bazasıda var.Bu arada aydın olur ki, bu tipli missioner təşkilatlar Azərbaycanda ciddi problemlər yaratmağada meyilli olurlar. Elə Müdafiə nazirliyinin yaydığı məlumatda bunu təsdiqləyir. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin İnformasiya İdarəsindən bildirilib ki, Ermənistan xüsusi xidmət orqanlarının yaxın və uzaq perspektiv planlarında Azərbaycan vətəndaşları arasında dini ayrı-seçkilik, dözümsüzlük, ekstremizm toxumları səpmək, həmçinin missioner təşkilatların rolunun artırılmasını dəstəkləməklə, müsəlman dini-etnik ideyası ilə mübarizə aparmaq, İslamı ləkələyən fikirlər yaymaq, missioner təşkilatların fəaliyyətinin gücləndirilməsi nəticəsində Azərbaycanı dini zəmində əməliyyat meydanına çevirmək məqsədi güdülür.
Erməni terror siyasətinin əsas dini dayaqlarından sayılan Ermənistandakı Eçmiədzin, Livandakı Antilyas və Qüds kilsələri müxtəlif ölkələrdə yaşayan erməni əhalisinin və onların yaratdıqları "Daşnaksutyun", "Hnçaq", "Ramqavar" kimi bir sıra digər siyasi-terror təşkilatları və qruplaşmalarının fəaliyyətlərini koordinasiya edir. İnformasiya İdarəsindən bildirilib ki, əksəriyyətinin fəaliyyəti bu və ya digər səbəblərdən hətta bir sıra Avropa ölkəsində qadağan olunmuş "Həyatverici Lütf Ümumdünya Kilsəsi", "Yəhva şahidləri", "Gideon qardaşlığı", "Yeni apostol kilsəsi", "Ümid səsi", "Yeddinci Günün Adventistləri", "World Wision", Bakı Bibliya İnstitutu, "İxtus" kilsəsi, Nehemiya Xeyriyyə Cəmiyyəti kimi təşkilatların erməni kilsələri ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur.
Erməni terrorçularının Azərbaycana qarşı informasiya-təxribat fəaliyyəti ölkədə dini zəmində süni qarşıdurmanın yaradılması, sistematik olaraq təxribat xarakterli mövzuların gündəmə gətirilməsi, həmçinin bəzi Qərb dövlətləri tərəfindən dəstəklənən milli-mənəvi dəyərlərimizi daxildən parçalamaq cəhdlərinin erməni kilsələrinin həyata keçirməsi istiqamətində addımların atılması, təriqətçi qüvvələrin ölkədəki dünyəvi quruluşa qarşı çıxmaları üçün fəaliyyətlərin aparılmasından ibarətdir: "Bəzi mətbu orqanlarda Azərbaycan Silahlı Qüvvələri sıralarına təriqətçilərin yol tapmasına dair yayılmış qərəzli və heç bir əsası olmayan iddialara missioner təşkilatların satın aldığı bəzi yerli "ekspertlərin" də düşmən dəyirmanına su tökərək bu məsələyə təkan verməsi, ayrı-ayrı faktların manipulyasiya edilərək təhrif edilməsi beynəlxalq səviyyədə ölkəmizin imicinə zərbə vurmaq məqsədi ilə atılmış addımlardır". Bunu da qeyd edək ki, xristian missioner təşkilatları Azərbaycanda tarixi belə saxtalaşdırmağa da müəyyən mənada nail olublar. Belə ki, Şəki rayonunda olan Kiş kilsəsi xarici təşkilatların yardımı ilə təmir olunub. Təmir zamanı kilsənin aşağı hissəsində yerləşən 6 minillik tarixi olan yazının üstü örtülüb. Bundan başqa missioner təşkilatlar Bakını xristianlığın paytaxtı kimi təqdim edirlər. Onlar hətta Bakının adını dəyişdirmək iddiasına düşüblər.Həmçinin Qax rayonunda olan qədim Alban abidəsinin üstündə kilsə ucaldıblar.
Beləliklə gördüyünüz kimi xarici ölkələrdən ixrac olunan bu tipli missioner təşkilatları nəinki insanların düşüncəsinə, psixologiyasına təsir edirlər, həmçinin Azərbaycan dövlətçiliyinin özünə belə təhlükədirlər. Bu gün Azərbaycanda milli-dini tolerantlığa zərə vurmağa çalışan bu qüvvələrin ifşası və ölkədən çıxarılması üçün artıq mühüm addımlar atılıb və hesab etmək olar ki, yaxın zamanlarda bu sahədə hiss olunacaq həddə dəyişikliklərin şahidi olacağıq. Artıq bununla bağlı hüquq-mühafizə orqanları,Elmlər Akademiyası və icraedici strukturlarda konkret planlar işlənilib və bunların həyata keçməsi Azərbaycanda dini tolerantlığın qorunmasına müsbət təsirini göstərəcək.