İran rejiminə Urmiya gölü ilə bağlı sərt ittiham
İran rejiminə Urmiya gölü ilə bağlı sərt ittiham

Molla hakimiyyəti gölün quruması məsuliyyətindən qaçır

Türkiyədə yaşayan güneyli milli fəal Elçin Hatəmi Urmiya gölü barədə danışıb. E.Hatəmi bildirib ki, 1995-ci ildən Urmiya gölü qurumağa başlayıb. Gölün qurumasının ən başlıca amili İran hakimiyyətinin Güney Azərbaycana istiqamətli siyasətilə bağlıdır.

E.Hatəmi qeyd edib ki, molla rejiminin tapşırığı ilə gölə tökülən çayların qarşısında beton bəndlər salınıb. Təxmini olaraq çayların üzərində 30 bəndin inşa edildiyini deyən Elçin Hatəminin sözlərinə görə, gölün ortasında Təbriz-Urmiya şose yolu salınıb: "Bu da suyun kimyəvi tərkibini pozaraq gölün qurumasına səbəb oldu. İranlı rəsmilər məsuliyyətdən boyun qaçıraraq problemi iqlim dəyişməsilə əlaqələndiririrlər. Ekspertlərin qənaətinə görə, Urmiyanın qurumasında iqlmi faktoru 10-15% rol oynayır. 85-90%-nin isə insan amili olduğunu bildirirlər. Urmiya gölünün quruması bölgədə böyük fəlakətə yol açacaq. Hazırda gölün 85%-i quruyub. 200 növ quş və heyvan bu səbəbə görə məhv olub. BMT-nin son hesabatına əsasən, gölün quruması və bu səbəbə görə, artan duz miqdarı 500 km-lik dairə radiusunda yaşayan bütün canlıların, o cümlədən insanların həyatına mənfi təsir edəcək. İnsanlarda göz, ağciyer və mədə-bağırsaq, dəri, xərçəng xəstəliklərinin artmasına yol açacaq. İran hakimiyyətinin Urmiya gölü ilə əlaqədar verdiyi bəyanatlar bu günədək yalnız söz olaraq qalıb. Qurumanın qarşısını almaq üçün heç bir əməli tədbir görülmür. Əksinə Urmiyanın qurumasına etiraz edən milli fəallar molla rejimi tərəfindən həbs edilir, təzyiqlərə məruz qalırlar. Gölün qurumasında əsas məsuliyyəti İran hakimiyyəti daşıyır".
Bu arada məlum olub ki, İranda tanınmış azərbaycanlı fəal həbs edilib. "Oyannews"un verdiyi məlumata görə, Behnam Şeyxi martın 5-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən iş yerində tutulub.
Hazırda onun harada saxlanıldığı və nədə günahlandırıldığı ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, B.Şeyxi İranda azərbaycanlıların milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə tutulub və həbs cəzasına məhkum edilib. Azərbaycanlı fəal 2011-ci il oktyabrın 12-də Urmiya gölünə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar səbəbindən Tehrandan 17 kilometr cənubda yerləşən Gülüstan şəhərində öz mənzilində həbs edilib. ETTELAAT əməkdaşları onun evində və iş yerində axtarışlar aparıb, fəala məxsus kitabları, əlyazmaları, CD-ləri, kompüteri, ailəvi şəkil albomunu müsadirə ediblər. B.Şeyxi 25 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra ETTELAAT-ın Təbriz şöbəsinin təcridxanasına, daha sonra Təbriz şəhərinin mərkəzi həbsxanasının karantin bölümünə köçürülüb. Azərbaycanlı fəal 2011-ci il noyabrın 5-də 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. B.Şeyxi Rəhim Həmlbərin sədrliyi altında Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində keçirilən prosesdə hakimiyyət əleyhinə təbliğat aparmaq və ictimai təhlükəsizliyi pozmaq ittihamı ilə mühakimə olunub. Məhkəmə onu hakimiyyət əleyhinə təbliğat aparmaqda təqsirli bilərək 6 ay həbs cəzası kəsib.
Azərbaycanlı fəal 2009-cu il iyunun 9-da da İranın eks-prezidenti Məhəmməd Xatəminin azərbaycanlıları təhqir etməsinə etirazını bildirdiyinə görə Tehranda öz mənzilində həbs edilib. B.Şeyxi 55 gün Tehranın Evin həbsxanasının 209-cu bölməsində saxlanıldıqdan sonra 50 milyon tümən zəmanətlə sərbəst buraxılıb. Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi onu milli təhlükəsizliyi pozmaq, hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz yığıncaqlar təşkil etməkdə günahlandırıb. B.Şeyxi həmçinin 2008-ci il noyabrın 17-də Rey şəhərində Səttarxanı anma mərasimində və 2006-cı ilin mayında "İran" qəzetində azərbaycanlıların hamam böcəyinə bənzədilməsinə etiraz olaraq keçirilmiş kütləvi aksiyalar zamanı da həbs edilib.
Murad İbrahimli