Səfir: "Azərbaycan Ukraynanın ərazi bütövlüyünün, vahid sərhədlərinin toxunulmazlığının tərəfdarıdır"
Səfir: "Azərbaycan Ukraynanın ərazi bütövlüyünün, vahid sərhədlərinin toxunulmazlığının tərəfdarıdır"

Azərbaycanın Ukraynadakı səfirliyi yaranmış vəziyyətlə əlaqədar bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarını qarşıdurmalara, təxribatlara qoşulmamağa çağırıb.

Səfir Eynulla Mədətli açıqlamasında bildirib ki, səfirlik Krımdakı azərbaycanlı icması, ölkədəki diaspor təşkilatları ilə, xüsusilə də tələbələrlə daimi təmasdadır.
E. Mədətli qeyd edib ki, baş verənlərlə əlaqədar hələlik Ukraynada azərbaycanlıların həyatı, işləməsi, təhsil alması üçün ciddi təhlükə yoxdur.
Səfir xüsusilə Krımda son günlər baş verən gərginliyə toxunaraq deyib ki, buradakı azərbaycanlılarla, onların yarımadada yaşaması ilə bağlı hələlik heç bir problem qeydə alınmayıb: "Orada nəinki azərbaycanlılar, istənilən ölkənin vətəndaşı üçün təzyiq və ya təhlükə yoxdur. Asayiş əvvəlki kimidir. Lakin hamı gözləmə vəziyyətindədir. Krımdakı azərbaycanlılar da bir-biri ilə sıx əlaqədədir, biz də onlarla daim əlaqə yaradırıq. Hələlik Krımda baş verən son hadisələrdə azərbaycanlılardan zərər çəkən olmayıb".
E. Mədətli ölkədə, xüsusilə də Krımda yaşayan Azərbaycan vətəndaşlarına səfirlik adından tövsiyə xarakterli müraciət etdiklərini də bildirib: "Tövsiyəmiz o olub ki, münaqişə olan bölgələrdən, qarşıdurma olan yerlərdən mümkün qədər uzaq dayansınlar. Ukrayna vətəndaşı olan azərbaycanlıların proseslərdə hansı formada iştirakı isə onların öz işidir. Hesab edirik ki, Krımdakı tatarlar kimi, azərbaycanlılar da olduqca təmkinli mövqe nümayiş etdirirlər".
Diplomat bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin vahid mövqeyi var: "Bu da Ukraynanın ərazi bütövlüyünün heç bir halda pozulmamasıdır. Biz Ukraynanın ərazi bütövlüyünün, vahid sərhədlərinin toxunulmazlığının tərəfdarıyıq".