Ramiz Əzizbəylinin bu halına kim yanacaq?
Ramiz Əzizbəylinin bu halına kim yanacaq?

Sənətkar sözün həqiqi mənasında ölüm-dirim mübarizəsindədir

"Bəxt üzüyü", "Pirverdinin xoruzu", "Yalan" və s. filmləri ilə kino sənətinə əvəzsiz incilər bəxş etmiş bir sənətkar sözün həqiqi mənasında ölüm-dirim mübarizəsindədir.
Bir neçə ay əvvəl iflic olub yatağa düşmüş xalq artisti, Azərbaycanın sayılıb-seçilən rejissorlarından Ramiz Əzizbəylinin səhhəti ağırdır. Baxımsızlıqdan, diqqətdən kənarda qalsa da, neçə-neçə əsərə ekran həyatı bəxş etmiş sənətkarın qüruru kimdənsə imdad istəməyə, yardım üçün müraciət etməyə imkan vermir. Əslində, onun kimdənsə kömək istəyəcək halı da yoxdur.
Xalq artistinin övladları, nəvələri yatağı başında növbə çəkir, sənət yoldaşı Azad Şükürov da onu yalnız qoymur.
Ağır xəstə yatağında belə gözləri işıldayan, sağalmaq üçün mübarizə aparan Ramiz Əzizbəylinin son durumuna kövrəlməmək olmur. Onu ağır xəstə yatağında, diqqətdən kənar görmək çox ağırdır. Açığı, bu mənzərə ilə barışmaq olmur. Mədəniyyət xadimlərinin daim hər bir qayğı ilə əhatələndiyi ölkəmizdə Ramiz Əzizbəyli kimi əsl sənətkarın diqqətdən kənar qalması ürəkaçan olmadığı qədər də heyrət doğurur. Sağlığında qiymət verək sənətkara - bu məqamda yerinə düşən ibarədir. Ailəsi də bu mənzərəyə qürurla səbr etsə də, hər cür imkansızlığa rəğmən sabah səhər tezdən sənətkarı xəstəxanaya yerləşdirəcək.
Allah sənətkara şəfa versin. Kino sənətmizin ona böyük ehtiyacı var.