“Neftçi”nin paranoyası
“Neftçi”nin paranoyası

Bu, son 3 ilin çempionunun hər xal itkisini faciə səviyyəsinə qaldırmasıdır

“Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra bir həqiqət yenidən özünü tam çılpaqlığı ilə ortaya qoydu – Bu, son 3 ilin çempionunun hər xal itkisini faciə səviyyəsinə qaldırmasıdır. Maraqlı bir tendensiya əmələ gəlib - “Neftçi” xal itirdiyi oyunlarda özündən başqa hamını günahlandırır.

“AZAL”a 1-2 hesablı məğlubiyyətdən sonra “Əgər `Qarabağ`ı çempion etmək istəyirlərsə, açıq desinlər, biz də işimizi bilək”,– deyən Flaqman rəsmiləri nəyi nəzərdə tuturdular? Bu bəyanat kimə ünvanlanmışdı? AFFA-yamı, PFL-əmi, ya başqa bir gözəgörünməyən qüvvəyəmi?
Məsələyə onların məntiqilə yanaşsaq, yəni Azərbaycanda çempionluğun qazanıldığını yox, verildiyini nəzərə alsaq, onda belə çıxır ki, “Neftçi” komandası son 3 ildəki çempionluğunu özü qazanmayıb, qızıl medallar onlara ya AFFA, ya PFL, ya da bilmədiyimiz başqa qüvvə tərəfindən verilib, hədiyyə edilib. Yox əgər, özləri qazanıblarsa, onda belə çıxır ki, Azərbaycanda “Neftçi”dən savayı öz gücünə çempion ola biləcək 2-ci komanda yoxdur?!
Razıyam, “Neftçi” 3 ildir ki, bunu sübuta yetirir və mövsümü zirvədə bitirir. Üstəlik, komanda Azərbaycan futbolunda hələ ki, heç kimin bacarmadığını həyata keçirib və Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmaqla adını futbol tariximizə yazıb. Amma gəlin unutmayaq ki, futbolda Avroliqanın qrupuna düşməklə qalxdığımız zirvədən “Şkenderbeu”ya məğlubiyyətlə yerə çırpılmaq kimi hallar da olur. Ona görə də, başqalarına yuxarıdan aşağı baxmaq, “Bizdən başqa heç kim çempion ola bilməz” prinsipi ilə yaşamaq nəyə lazımdır?
“Xəzər Lənkəran”la oyunda 3 futbolçusu qırmızı vərəqə alan, azarkeşlərə orta barmağını göstərən bir intizamsız oyunçuya malik komandanın vitse-prezidenti “Niyə filankəslər oyuna gəlməmişdi?” - deyə haray çəkir. Belə yerdə yaxşı deyiblər: `Qara məni basınca, qoy qaranı mən basım`.
Sağlam tənqidi qəbul edirsinizsə, məncə, bu barədə düşünməyə dəyər.
Orxan Sübhan