Tolerantlığa həmlə və əks-cavablar
Tolerantlığa həmlə və əks-cavablar

"Unikal"ın araşdırmalarındakı yeni faktlar

Son zamanlar Azərbaycanda dini tolerantlığa qarşı yönəlik addımların həddindən artıq artdığı və bu proseslərin arxasında ölkə kənarındakı bəzi qüvvələrin dayandığı söylənilir. Öncələr bu iddialar kifayət qədər ciddi qəbul olunmasa da, hazırda faktlar ortadadır və istər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsi məsələyə kəskin reaksiya verib.
Bunu da qeyd edək ki, radikal fikirləri təbliğ edən, proseslərdən sui-istifadə edən qüvvələr rəsmi dövlət qeydiyyatına alınan təşkilatlar deyil və bəzi hallarda kifayət qədər qapalı şəkildə fəaliyyət göstərirlər.
Maraqlıdır, bəs belə olan halda bu qüvvələr gəncləri hansı yollarla sıralarına qata bilirlər?
"Unikal"ın apardığı araşdırmalar maraqlı faktları ortaya çıxartdı. Gəlin, müəyyən məqamlara baxaq.

Məscidlərdən ələ
keçirilən gənclər

Araşdırmalarımız təsdiqləyir ki, bir neçə il öncəyə qədər radikal dini qruplaşmalar əsasən sələfi təriqətinə məxsus məscid və dərsxanalarda öz maraqlarına cavab verən gəncləri ələ keçirtməklə məşğul olub. Bunun üçün özlərinin əsl niyyətini gizlədərək bu gənclərə daha radikal olmağı, cihada hazır olmağı izahlayırmışlar. Bundan sonra isə bu mühitə düşən gənclər dini ədəbiyyatlarla, audio yazılarla təmin olunur. Nəticədə bu gənclər tam olaraq təsir dairəsinə düşür və bundan sonra bu qruplaşmalar əsl kimliklərini aşkarlayır və onlarla sələfilər arasındakı bütün körpülər yandırılır.

Maddi çətinliyi
olan gənclər

Onlar ciddi dini bilgisi, elementar təhsili olmayan gəncləri də öz sıralarına cəlb edə bilirlər. Bunun üçün əsas şərt odur ki, həmin gənclərin maddi imkanları aşağı olsun. Bu cür şəxsləri aydınlaşdırandan sonra onlara hansısa işlər təklif edilir və ya əllərində olan biznes şəbəkəsinə bu şəxsləri də daxil edirlər. Nəticədə ilk baxışda bu gənclər bu qüvvələrdən maddi aslılıq halına düşürlər. Bundan sonra isə biznesə cəlb etdikləri şəxslər vasitəsilə yeni və yoxsul gəncləri prosesə cəlb edir və istəklərinə nail olurlar. Uzağa getməyək, elə bu günlərdə Suriyada dünyasını dəyişən azərbaycanlı gənclərdən birinin ailəsi bildirdi ki, oğlu Suriyada döyüşmək müqabilində hər ay ailəsinə 300 manat pul göndərilirmiş. Yəqin ki, 300 manata görə ölümə gedən şəxsin hansı maddi sıxıntılar yaşadığını təsəvvür etmək çətin deyil.

Sosial şəbəkələrin gücü

Nəhayət, bu tip radikal qruplaşmalar həm də müasir texniki imkanlardan yararlanmağa başlayaraq kifayət qədər uğurda qazana bildilər. Onlar adicə "facebook" sosial şəbəkəsində yüzlərlə təbliğat qrupları açıblar və açıq çağırışlarla gəncləri ətraflarına toplamağa çalışırlar.
Ən maraqlısı isə budur ki, son bir neçə ay ərzində bu qruplaşmaya daxil olan şəxslər gah Azərbaycanın jurnalistləri, gah din xadimləri ilə bağlı az qala ölüm fətvaları belə verirlər. Düzdür, hüquq-mühafizə orqanları bunlara qarşı sərt tədbirlər görür. Amma bir tərəfdən də bu şəxslərin böyük hissəsi Azərbaycanda yaşamır və bu səbəbdən prosesi tam olaraq dayandırmaq mümkün olmur.
Bu arada "Unikal" qəzeti maraqlı başqa bir məqamı da aydınlaşdıra bilib. Sən demə, qısa zaman ərzində radikal qruplaşmalar Azərbaycan dilində yeni sayt da yaradıblarmış. Az bir dairənin tanıdığı bu saytda açıq şəkildə Suriyada döyüşməyə çağırışlar, dini qruplaşmaların döyüş səhnələri, tükürpərdici videoçarxlar yerləşdirilib. Saytda ayrıca olaraq Afrika, İraq, Suriya və Livan bölümləri yaradılıb. Sayta daxil olan xəbərlərdə isə bu ölkələrdə müsəlmanlara qarşı qırğınların törədildiyi göstərilir və hamıdan dəstək istənilir.
"ahlisunnahnews.bl.ee" adlı saytda həmçinin daha çox İraq, Şam, İslam Dövləti qruplaşmasının təbliği qurulub və bunu da deyək ki, azərbaycanlıların böyük əksəriyyəti məhz bu təşkilatın xəttilə Suriyadakı döyüşlərə qatılır.
Bununla yanaşı saytda Yardım Fondu da yaradılıb və sosial şəbəkələrə çıxışlar da təmin edilib. Hazırda 4 mindən çox şəxs bu fondu dəstəkləyir.
Saytın fondla bağlı yaydığı müraciətdə ilginc məqamlar var.

Yardım Fondu

Əssələm Aleykum Əziz Müsəlmanlar! Müharibədən, aclıqdan, soyuqdan, təcavüz və işgəncələrdən əziyyət cəkən bir camaata, ən əsas da müsəlman olan bu camaata yardım etməkdən yan kecməyin. Vallahi, savab üçün bundan gözəl fürsət ola bilməz. O halda ki Allah s.t buyurur. Bəqərə 272 Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir. Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Sözünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan (Allah yolunda) nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz. Başqa bir ayədə Allah buyurur. Ali İmran 186
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl Kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbr edib (Allahdan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir. Bəqərə surəsinin ilk 5 ayəsi isə möminlərin vəsfidir. Əlif. Ləm. Mim.
Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər;
O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar.
Onlar öz Rəbbindən (gələn) doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır.
Bu cür Ayələr Quranda coxdur. Və onların hamısını bura yerləşdirmək mümkün deyl. Qısa olaraq son bir ayəni yerləşdirməklə sizləri bu xeyir əməldən geri qalmamağa cağırıram

Ətraflı məlumat üçün Linkə klik edin Suriya xalqına yardım fondu

Gördüyünüz kimi, qısa zaman ərzində şəbəkə yaradılıb və sözsüz ki, kimlərsə bu şəbəkənin toruna düşəcəklər.
Bunu da qeyd edək ki, məlum saytın kimlər tərəfindən yaradılması ilə bağlı heç bir məlumat verilmir. Belə ehtimal etmək olar ki, bu sayt da Azərbaycandan kənarda yayılıb və məqsəd təbliğat aparmaqdır. Çünki sayta yerləşdirilən videolar döyüş bölgəsindən çəkilən videolardır və döyüşənlər, az qala, İslam dünyasının qəhramanları kimi təqdim edilir.

"Onlar şəhid deyil"

Bu arada növbəti dəfə QMİ rəhbəri bəyanatla çıxış etdi: "Təəssüf ki, bu gün Azərbaycanın daxilində şəhidliklə bağlı yanlış təbliğatlar gedir".
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Xocalı soyqırımı ilə bağlı tədbirdə deyib. O bildirib ki, bu gün Azərbaycanda şəhidlik adına, şəhidlik ideologiyasına xələl gətirənlər var: "Şəhid vətənində öz torpağı uğrunda, haqqı uğrunda şəhid olandır. Amma bu gün konkret xarici qüvvələr var ki, onların dəstəyi ilə insanlarımız bu müqəddəs ideyadan yayınırlar. Əsl şəhidliyi gedib haradasa, kiminsə siyasəti uğrunda döyüşməklə, ölməklə səhv salırlar. Lakin onlar bilsinlər ki, istəklərinə nail olmayacaqlar. Bunun qarşısını alacağıq!".
Yeri gəlmişkən, bunu da qeyd edək ki, bir neçə gün öncə Şeyxin qərarı ilə QMİ nümayəndələrinin bu səpkili açıqlamalar vermələrinə yasaq qoyulmuşdu. Bunun isə başlıca səbəbləri hansısa təxribata yol vermənin qarşısını almaqdır.
Qeyd edək ki, son iki ay ərzində radikal qruplaşmalar maraqlı taktika seçiblər və bu, kifayət qədər fəlakətli olaylar yarada bilər. Belə ki, öncələr radikal qruplaşmalar Azərbaycandakı ənənəvi sünnü və şiə təriqətlərinə qarşı çıxırdısa, indi cəhd edilir ki, ənənəvi təriqətləri üz-üzə qoysunlar. Hətta bu məqsədlə Azərbaycandakı sünnilərin lideri kimi qəbul olunan Hacı Salmanla Allahşükür Paşazadə arasında konfliktlərin yaranması ilə bağlı əsassız xəbərlər də yayıldı. Məqsəd isə sadə təriqət üzvləri arasında nifaq yaratmaqdır.
İndi isə sonuncu suala cavab axtaraq: bu qüvvələr Azərbaycanda tolerantlığa zərbə vura biləcəklərmi?
Ekspertlər bunun bir neçə səbəbdən mümkün olmadığını bildirirlər. İlk növbədə ona görə ki, öncələr bu radikal qruplaşmalara cəmiyyətdə az-maz inam var idisə, onların həqiqi İslam tərəfdarları olduğu söylənilirdisə, indi artıq bu inam yoxa çıxıb. Bu qüvvələr daha çox terrora meylli qüvvələr kimi qəbul olunur və get-gedə bu qüvvələrdən ciddi şəkildə qopmalar başlanır.
Azərbaycan cəmiyyəti kifayət qədər tolerant toplumdur və şiddəti heç bir halda qəbul etmir. Bundan başqa artıq heç kimə sirr deyil ki, bu qüvvələr konkret olaraq kənar qüvvələr tərəfindən maliyyələşdirilir və məqsədləri heç də İslamı təbliğ etmək deyil. Sadəcə, dini maarifləndirmənin aşağı həddə olması səbəbindən bu qüvvələr bir müddət meydanda ola bildilər.
Və nəhayət, Azərbaycan cəmiyyəti görür ki, bu qüvvələr İraqda, Əfqanıstanda, Suriyada, Livanda üstünlüyü ələ alıb və adı çəkilən ölkələr cəhənnəmə çevrilib. Belə olan halda kim razı olar ki, Azərbaycan da o həyatı yaşasın?
Sözsüz ki, bu, mümkünsüzdür və hazırda buna görə də cəmiyyətdən əks reaksiyalar eşidilməyə başlanıb.
Başqa bir nüansa da toxunaq ki, son zamanlar hüquq-mühafizə orqanları da kifayət qədər ayıqlıq nümayiş etdirir və bu da qəfil olayların baş verməsinin qarşısını alacaq.
Bu gün Azərbaycan svilizasiyalararası dialoqun mərkəzinə çevrilib və Heydər Əliyev Fondu dünyanın müxtəlif bölgələrində tolerantlıqla bağlı simpoziumlar, konfranslar keçirtməklə Azərbaycanı tolerantlığın beşiyi səviyyəsinə qaldırıb. Belə bir məqamda ölkədəki tolerqantlıq mühitinə neqativ təsir edə biləcək heç bir qüvvə təsəvvür etmək mümkün deyil.