Qərbdən gələn "həyəcan" təbili
Qərbdən gələn "həyəcan" təbili

Milli tolerantlığa kimlər zərbə vurmaq istəyir?

Millətlərarası münasibətlərin inkişafı, milli tolerantlığın mövcudluğu ilk növbədə həmin dövlətin inkişafı və dəyərlərə sayğı ilə yanaşması deməkdir. Aparılan müşahidələr göstərir ki, zəngin etnoslara malik xalqlar və ya dövlətlər stabil inkişafa nail ola bilir və bunun bariz nümunələri indi də mövcuddur. Məsələn, götürək elə ABŞ-ı. Bu gün dünyaya demokratiya ixrac edən bu ölkənin əhalisi, demək olar ki, müxtəlif millətlərdən formalaşıb və milli tolerantlığın nümunəsinə çevrilib. Buna görə də milli tolerantlığın məntiqi davamı olaraq, dini tolerantlıq və millətlərarası münasibətlərin inkişafında da ciddi irəliləyişlər ortaya çıxdı.
Və yaxud götürək tolerantlığın mövcud olmadığı ölkələri. Elə uzağa getməyək, qonşu Ermənistanda 1987-88-ci illərdə, demək olar ki, ermənilərdən başqa bütün millətlər ölkədən qovuldu, milli-dini tolerantlığa ağır zərbə vuruldu və regionda millətlərarası münasibətlərin inkişafı kökündən sarsıldı. Nəticə isə göz qabağındadır: bu gün Ermənistan tam tədric olunmuş durumdadır, həmçinin indinin özündə Ermənistanı ermənilərin özü də tərk etməyə başlayıb.
Statistik rəqəmlərə baxaq.
"2008-ci ildən bəri Ermənistandan miqrasiya tempi güclənib". Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeganyan belə deyib. Rəsmi statistikaya görə, 1993-94-cü illərdə əhalinin xaricə ən kütləvi axını müşahidə edilib - bu illərdə ölkəni, təxminən, 600 min nəfər tərk edib. 1995-2001-ci illərdə axın 370 min nəfər təşkil edib. Beləliklə, müstəqilliyin birinci onilliyi müddətində Ermənistandan yarım milyon adam mühacirət edib. 2002-07-ci illərdə emiqrasiya orta hesabla ildə 25 min nəfər, 2008-13-cü illərdə isə 30-35 olub. "Tətbiq edilən metodikadan asılı olaraq miqrasiya ildə 30 və ya 35-36 min təşkil edir. Bu isə sözsüz ki, ilk növbədə özünütəcrid siyasətilə bağlıdır. Həmçinin monoton bir toplumda istər-istəməz psixoloji gərginlik yaranır və nəticədə mühit yaşanılmaz həddə çatır. Bu gün də Ermənistan məhz bu problemi yaşamaqdadır.
Bu arada Qərbdən Azərbaycanla bağlı maraqlı xəbərlər gəlməkdədir. Belə ki, Avropa Birliyində Azərbaycandakı milli azlıqların durumu ilə bağlı müzakirələrin olacağı bəyan edilmişdi. Amma sonra aydın oldu ki, bu toplantıya sadəcə olaraq talış separatizmini açıq şəkildə dəstəkləyən şəxslər çağrılıb. Nəticədə Azərbaycan deputatlarının müdaxiləsindən sonra bu proses dayandı. Amma bu ilk nümunə deyildi. Bundan öncə də süni şəkildə ləzgi məsələsi gündəmə gətirilmişdi. Belə ki, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasına daxil olan Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin bir neçə üzvü Brüsselə səfər edərək Avropa Birliyində Azərbaycan əleyhinə təbliğat aparıb. Təşkilatın rəhbəri, əslən Azərbaycanın Oğuz rayonundan olan Arif Kərimovun başçılıq etdiyi heyət Azərbaycanda ləzgilərin və digər etnik qrupların "hüquqlarının pozulduğu" barədə təbliğat aparıb. Məlumatda qeyd olunur ki, A.Kərimov və onu müşayiət edən şəxslər Avropa Parlamentinin deputatları ilə görüşlərdə Azərbaycanda ləzgi dilinin ikinci dövlət dili statusu almasından tutmuş hakimiyyətin etnik qrupları "əzdiyi" barədə müxtəlif mövzuları müzakirə ediblər.
Görüşlərdə Avropa Parlamentinin deputatlarına bildirilib ki, Azərbaycan hakimiyyəti ləzgilərin, talışların, avarların və digər etnik qrupların hüquqlarını pozur, onlara öz dillərində KİV yaratmağa imkan vermir, milli hərəkatların fəallarını təqib edir.
Maraqlıdır, bəs bunun kökündə nələr dayanır?
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu "Unikal"a verdiyi açıqlamada bir sıra maraqlı məqamlara önəm verməyimizi vacib saydı: "Bu gün Azərbaycanda süni şəkildə belə bir problemi yaratmağa çalışan qüvvələr var və bunların bir sıra məqsədləri var. Biz dəfələrlə beynəlxalq təşkilatlara da bildirmişik ki, Azərbaycanda hansısa milli azlığın hüququ pozula bilməz. İnsan hüquqları pozula bilər və bu anda həmin şəxsin milliyətinə fikir verən olmur. Yəni qaldırılan məsələ süni məsələdir. Və məncə, bunun kökündə Azərbaycandakı milli tolerantlığa zərbə vurmaq və yaxın gələcəkdə Azərbaycanda parçalanmanın olmasını istəyən maraqlar dayanır. Buna görə indidən özümüz təbliğat aparmalı və göstərməliyik ki, Azərbaycan o zaman inkişafda olacaq, güclü olacaq ki, bu ölkədə milli tolerantlıq qorunub saxlanılsın və Azərbaycana hamı öz doğma vətəni kimi baxsın. Daha Azərbaycanda hansısa separatçı çıxışlara qulaq asıb, güzəştə getməyimiz mümkünsüzdür".
Ekspertlər bunu da bildirirlər ki, hazırda dini tolerantlığa zərbə vurmaq istəyən müəyyən qüvvələrlə separatizmi yayan qüvvələr, əslində, bir mərkəzdən idarə olunan qüvvələrdir. Məsələn, şimal bölgəsində gah bəyanatlar səsləndirilir ki, Ləzgistan yaradılacaq, gah da radikal dini təşkilatlar Azərbaycan ərazisində İslam xilafəti yaradacaqlarını bildirirlər. Əslində isə hər iki qüvvə bir mərkəzdən idarə olunur və onların Azərbaycan vətəndaşlarına heç bir şəkildə aidiyyatları yoxdur və hansısa xarici ölkələrdən maliyyələşirlər.
Politoloq Mübariz Əhmədoğlu mövzu ilə bağlı "Unikal"a verdiyi açıqlamada maraqlı məqamlara diqqət ayırdı. Onun sözlərinə görə, hətta bəzi məqamlarda beynəlxalq təşkilatların işin mahiyyətini bilmədiklərinə görə ciddi yanlışlığa da yol verirlər: "Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının tam iflasa uğramasının başlıca səbəbi hadisələrə düzgün yanaşmaması oldu. Xatırladım ki, 3 dəfə Azərbaycandakı etniklərin problemləri müzakirəyə çıxarılıb. Hətta birində məlum oldu ki, ümumiyyətlə, müzakirəyə qatılanlar Azərbaycan vətəndaşları deyil və Rusiyadan gəliblər. Nəticədə heç bir sənəd qəbul olunmadı. Bir incə məqamı da nəzərinizə çatdırım ki, apardığımız araşdırmalar zamanı ortaya çıxdı ki, bu müzakirələrin təşkilində əsas aktivlik göstərən ölkə Ermənistan olub. Hətta talışların müzakirəsini də ermənilər təşkil etmişdilər. Buna görə də ayıq-sayıq olmalı və belə müzakirələrdə ciddi diplomatik aktivlik göstərməklə oyunun arxasında kimlərin dayandığını sübut etməliyik. Qeyd edim ki, Avropada milli azlıqlara qarşı yanaşmada bir həssaslıq var və bəzən bu həssaslıq yanlış addımlar atmağa da səbəb olur. Hazırda Norveçdə qanun hazırlanır ki, miqrantların ölkəyə gəlişinin qarşısı alınsın. Buna görə Avropa İttifaqı bu ölkəyə xəbərdarlıq edib ki, belə qanun qəbul olunarsa, onlarla münasibətlərə yenidən baxılacaq. Yəni bu həssaslıqdan yarana məsələdir. Ermənilərdə bunu bilir və çalışırlar ki, Azərbaycanda belə bir problemin olduğunu nümayiş etdirsinlər, bununla da özlərinin işğalçılıq siyasətlərinə haqq qazandırsınlar. Bunun isə qarşısını diplomatik yollarla almalıyıq".
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə "Unikal"a açıqlamasında bu cür müzakirələrin nəyə görə aparılmasının səbəbini bilmədiyini dedi: "Bu gün çəkinmədən demək lazımdır ki, Azərbaycan dini və milli tolerantlığa görə nümunə sayılacaq bir ölkədir. Bu günə qədər, bir dəfə də olsa, hansısa topluma qarşı həqarətli addım atılmayıb. Mənim müavinim milliyətcə talışdır və bir dəfə də olsun, hansısa problemlə qarşılaşdıqlarını deməyib. Hər kəsə öz dilində oxumağa, qəzet buraxmağa imkan yaradılıb. Hansısa azlıq öz dilində oxumaq istəmirsə, buna dövlət nə etməlidir? Hələ Əbülfəz Elçibəyin zamanında "Milli azlıqlarla bağlı" qanun qəbul olunub və qanun bu gün də qüvvədədir. Yəni demək istəyirəm ki, Azərbaycan tolerantlıq baxımından bir nümunədir. Buna görə də dediyiniz məsələləri gündəmə gətirənlər əslində Azərbaycanı sevməyən qüvvələrdir və məqsədləri də süni gərginliklər yaratmaqdır".
Ekspertlər də hesab edirlər ki, əslində, ölkə kənarında bu cür hesabatların hazırlanması, toplantıların keçirilməsi ölkənin siyasi düzəninə heç bir şəkildə təsir etməyəck. Çünki ölkədəki milli azlıqlar, iddia edildiyi kimi, müstəqil bir ölkə yaratmaq və ya hansısa status almaq təşəbbüsü ilə heç vaxt çıxış etməyiblər və zaman-zaman separatçılarla üz-üzə də gəliblər.
Xatırlayırsınızsa, Əlikram Hümbətov Talış-Muğan Respublikası yaradanda da heç kəs ona dəstək vermədi.
Yeri gəlmişkən, bunu da qeyd edək ki, separatizmin arxasında Ermənistanın durması açıq faktlarla da sübut olunub. Belə ki, uzun illər separatçı "Sadval" təşkilatı Ermənistanda öz tədbirlərini keçirtdi, talış separatçısı Əlikram Hümbətov Ermənistana, daha sonra Dağlıq Qarabağa səfər etdi və ermənilərlə savaşdığına görə üzr də istədi. Bütün bunlar isə heç də təsadüfdən baş vermir.
Sonda bunu da xatırladaq ki, Azərbaycanda milli azlıqlarla bağlı məsələlərin şişirdilməsində bəzi QHT rəhbərlərinin də rolu var və bunların sırasında Leyla Yunusu xüsusi olaraq qeyd etmək lazımdır. Amma əksər müşahidəçilər hesab edirlər ki, Azərbaycanda milli tolerantlıq çox yüksək həddədir və bunu zədələmək sadəcə mümkünsüzdür.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə əsasında. Hazırladı Eldəniz Elgün