Yanukoviçin düşdüyü vəziyyətdən çıxmaq üçün yeni həmləsi
Yanukoviçin düşdüyü vəziyyətdən çıxmaq üçün yeni həmləsi

Ukrayna prezidenti indii də konstitusiya islahatının keçirilməsinin tərəfdarı olduğunu bəyan etdi

Ukrayna prezidenti Viktor Yanukoviç ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandla ölkədəki siyasi böhrandan çıxış yollarını müzakirə edib. "İTAR-TASS"ın verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Viktor Yanukoviç Ukraynada konstitusiya islahatının tezliklə keçirilməsinin tərəfdarı olduğunu bəyan edib. Tərəflər qeyd ediblər ki, siyasi nizamlanmanın əsasında iqtidar və müxalifət arasında dialoq durmalıdır. "Ölkə siyasi böhrandan yalnız dialoq və kompromis yolu ilə çıxa bilər", deyə Ukrayna prezidenti qeyd edib.
Yanukoviç ölkədə gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni edəcəyini vurğulayıb. Onun sözlərinə görə, iğtişaşlar zamanı saxlanılan şəxslər tezliklə azadlığa buraxılacaqlar.

Soçidə Ukrayna
prezidenti və BMT baş katibi arasında görüş

Soçi Qış Olimpiadasının açılışında iştirak etmək üçün Rusiyada səfərdə olan Ukrayna prezidenti Viktor Yanukoviç və BMT baş katibi Pan Gi Mun arasında görüş olub.
Ukrayna prezidentinin mətbuat xidmətindən göndərilən məlumata görə, görüşdə Ukraynada hazırkı vəziyyət və bu məsələnin həlli istiqamətində birgə əməkdaşlıq məsələsi müzakirə olunub.
V.Yanukoviç BMT baş katibinə ölkədəki vəziyyəti diqqətdə saxladığına görə təşəkkürünü bildirib. O qeyd edib ki, Ukrayna BMT-nin təşəbbüslərinə diqqətlə yanaşır: "Ukrayna hökuməti bütün addımları atacaq ki, münaqişənin eskalasiyası baş verməsin. Son vaxtlar biz Ukraynadakı siyasi vəziyyətin sülh yolu ilə çözülməsi prosesində vacib addımlar atmışıq".

Kiyev böhranın aradan qaldırılmasında
beynəlxalq təşkilatlardan yardım istəyəcək

Kiyev ölkədə siyasi böhranla nəticələnmiş hadisələrin araşdırılmasına beynəlxalq təşkilatları cəlb etmək niyyətindədir. Bu barədə srağagün Ukrayna prezidenti administrasiyasının rəhbərinin birinci müavini Andrey Portnov Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjniekslə görüşü zamanı bildirib.
"Ukraynadakı hadisələrin araşdırılmasında beynəlxalq təşkilatların nüfuzlu rəhbərləri tərəfindən bizə yardım göstərilməsi ilə bağlı təşəbbüs irəli sürürük. Bizim rəsmi mövqe ondan ibarətdir ki, biz bu böhranın məhz araşdırılması və nizamlanmasına yardım göstərilməsini xahiş edirik", deyə Portnov bildirib. Portnov qeyd edib ki, ədalətli qiymət həm hüquq mühafizə orqanlarının, həm də etirazçıların hərəkətlərinə verilməlidir.
Portnov Muyjnieksi iqtidar və müxalifət arasındakı danışıqların gedişatı barədə məlumatlandırıb.

Ukrayna Avropa, yoxsa Avrasiya İttifaqını istəyir?

Ukraynanın xarici siyasi kursunun müəyyənləşdirilməsi üçün təklif olunan həll variantlarından biri də referendumun keçirilməsidir. "İnterfaks-Ukrayna" xəbər agentliyinin verdiyi məlumata görə, Kiyev Beynəlxalq İnstitutunun sosial və marketinq tədqiqatları mərkəzi Ukraynanın xarici siyasi kursu ilə bağlı sorğu keçirib.
Vətəndaşlardan "Avropa İttifaqı, yoxsa Avrasiya İqtisadi İttifaqına inteqrasiyanı dəstəkləyirsiniz" sualına cavab verilməsi istənilib. Sorğunun nəticələrində görə, Ukrayna vətəndaşlarının 46,7 faizi Avropa İttifaqı (Aİ), 38 faizi isə Rusiya, Belorus və Qazaxıstanın yer alacağı Avrasiya İqtisadi İttifaqına inteqrasiyanı dəstəkləyir.
Rəyi soruşulanların 33,8 faizi Aİ, 39,8 faizi Avrasiya İqtisadi İttifaqına qarşı çıxır. Bununla belə, vətəndaşların 9-10 faizi referendumda iştirak etmək niyyətində deyil, 10-13 faizi isə cavab verməkdə çətinlik çəkib. Aİ və Gömrük Şurasına üzvlüyə gəlincə, rəyi soruşulanların müvafiq olaraq 44,5 və 36,1 faizi bunu dəstəkləyir.
Sorğu iştirakçılarının 55,2 faizi referendumda iştirak etməyə hazır olduğunu bildirib. Sorğu 24 Yanvar-1 Fevral tarixlərində Ukraynanın bütün regionlarında üzbəüz müsahibə metodu ilə keçirilib. Sorğuda 2,4 min respondentin iştirak etdiyi və səhv ehtimalının 2 faizi keçmədiyi bildirilir.

Kənan Rzaquliyev