Bizim Dədə Qorqudumuz!
Bizim Dədə Qorqudumuz!

“Qotur Söyüd”, oğurluq taxıl və Cabbar dayının meyiti

Cabbar dayı mənim və məktəb yoldaşlarımın yadında daha çox Dədə Qorqud kimi qalıb - nurani, ağ saçlı və büsbütün ağ libasda. Biz onda birinci sinifdə oxuyurduq - xalqımızın unudulmaz, görkəmli şairi Səməd Vurğunun vəfatından cəmi bir il keçmişdi. Şairin bütün nəsillərin sevə-sevə oxuduğu “Azərbaycan” şeiri uşaqdan böyüyə hamının dilinin əzbəri idi. Cabbar dayının da...

Ancaq o, bu şeirin yalnız bir sözünü, hər bir azərbaycanlı üçün doğma və əziz, müqəddəs olan “Azərbaycan” sözünü daha yaxşı yadda saxlamışdı (elə şeirin bütün dadı-duzu da, şirinliyi, sevimliliyi də o sözdə idi), onu dönə-dönə təkrar etməkdən, özünəməxsus bir avazla, sevə-sevə oxumaqdan nə doymaz, nə də yorulmazdı... Bu müqəddəs söz bu dünyada onun ən böyük sevinci, qürur mənbəyi idi. Sanki o, bütün gücünü “Azərbaycan” sözündən alırdı, bu sözlə yaşayırdı. Bəlkə də bu söz idi yeganə olaraq onu olumlu-ölümlü dünyaya bağlayan, kainatı sevdirən. Bu söz idi onun bütün varı-dövləti, gücü, qüdrəti...
Cabbar dayı hər gün ibtidai - 4-illik məktəbimizin yanından keçərkən bizimlə mehriban­casına, hamımızın ümumi, mehriban və sevimli bir babamız kimi salamlaşıb, “Azerbeycan, Azerbeycan!” deyə oxuyaraq, əllərini gözləri bərabərində qoşalaşdırıb, yaşına uyğun tərzdə asta-asta dövrə vurar, “Azerbeycan, Azerbeycan!” deyə-deyə də gülə-gülə, üzündən-gözündən nur süzülə-süzülə uzaqlaşardı. Əslində elə bir uzaqlaşmağı da yox idi - yolun o tayında, məktəbimizin 10-15 addımlığındakı taxıl anbarına işə gedərdi. Bəlkə işə getməsəydi, elə səhərdən axşamacan bizimlə birgə oynayıb-əylənərdi. Bizim ikinci növbədə dərsdən, onun isə işdən qayıdan vaxtında da biz hamımızın olan Cabbar dayını onun “Azerbeycan, Azerbeycan!” mahnısı ilə gözləyər, onun Azərbaycana ülvi sevgi ilə oxuya-oxuya, asta-asta dövrə vurub fırlanmasından uşaq sevinci ilə böyük həzz alar, elə qəlbimizi coşduran bu sevinclə də məktəbdən qayıdardıq. Bəlkə də müəllimimizin səyi ilə yanaşı Cabbar dayının “Azərbaycan” şeirinə olan böyük sevgisinin təsiri idi ki, biz Səməd Vurğunu onun Vətənə tükənməz məhəbbət oyadan bu şeiri ilə daha çox sevir, hətta Cabbar dayını az qala o böyük şairlə eyniləşdirirdik. Dərsdən evə də sevinc içərisində, beynimizdə bu nurani adamın təkrar-təkrar səslənən “Azerbeycan” sözlərini, göz yaddaşımızda isə onun üz-gözündən nur süzülən obrazını aparardıq. Səbəbini və arzuolunmaz nəticəsini tam aydınlığı ilə dərk etməsək də, uşaq olduğumuzdan, “ağlımız kəsmədiyindən” nə üçün ailəsinin, övladlarının olmadığı barədə düşünməsək də, bilirdik ki, bizə diqqət yetirən, bizə ömründən vaxt ayıran, sevincindən pay verən, bizləri çox istəyən Cabbar dayımız var. Uşaq qəlbimizlə duyur və yaxşı bilirdik ki, Cabbar dayının bu dünyada canından artıq sevdiyi Azərbaycandan və bir də bizdən başqa heç kimi yox idi. Uşaq hissiyyatı ilə bunu az-çox başa düşdüyümüzdən biz onu çox istəyirdik, lap çox! O da bizi çox istəyirdi - özünün olmadığı, lakin doğmalıq duyduğu nəvələri kimi. Bəlkə də biz hər gün dərsə məhz onunla görüşəcəyimiz ümidilə həvəslə gedərdik, o isə - hər səhər yollandığı işə bizləri görmək istəyi ilə.
...Bir gün səhər tezdən yenə də Cabbar dayını ağır ləngərliklə, gözlərində parlayan sevinclə “Azerbeycan” deyərək oxumasını eşitmək həvəsi ilə məktəbə yollanmaq istərkən, ölüm-itimin nə olduğunu bilməyən biz uşaqlar üçün çox ağır, müdhiş bir xəbər eşitdik. Səhərin alatoranlığında işə gedən Cabbar dayını məktəbimizin yanındakı yolu keçərkən... maşın vurmuşdu. Bütün kənd camaatı bu dəhşətli xəbərdən sarsılaraq, həyəcanla hadisə yerinə axışırdı. Biz - Cabbar babamızın nəvələri isə göz yaşları içərisində boğularaq, son dəfə onu görmək ümüdilə məktəbimizin yanına yığışmışdıq. Bizə “Əlifba”nı öyrətmiş sevimli müəllimimiz Yaqub müəllimi də üzgün və gözü yaşlı gördükdə hönkürtümüz daha da artdı. Yolun kənarında ”uzanıqlı qalmış” Cabbar dayının paklığı qədər təmiz, dümağ olan libasının üstünə ağ örtük atılmışdı. Yan-yörəsindəki laxtalanmış qanı görməsəydik, elə bilərdik ki, Cabbar dayı uzanaraq yeri, canından artıq sevdiyi Azərbaycan torpağını qucaqlayıb, dərin yuxuya gedib. Biz uşaqlar o gün böyüklərdən xəlvət onun üçün göz yaşı tökür, hönkür-hönkür ağlayırdıq. Axı, daha bizim üçün “Azerbeycan, Azerbeycan” deyə-deyə heç kəs o avazla, Azərbaycana və bizlərə onun kimi böyük sevgi ilə qol açıb oxumayacaqdı. Artıq bizim Cabbar dayımız yox idi... Ancaq biz möcüzə gözləyərək, Cabbar dayının sabah da, o biri gün də, hələ daha neçə gün adəti üzrə məktəbimizin qarşısından keçəcəyini gözləyirdik. Gözlərimiz hər gün onun gəlib-getdiyi yollara dikilmişdi. Ancaq o gəlmirdi, gələ bilmirdı...
Biz uşaqlar böyük sevgi ilə dolu “Azerbeycan” mahnısından, sevimli babamız Cabbar dayıdan məhrum olmuşduq və öz uşaq qəlbimizdə onu maşınla vurmuş ”qotur Söyüd” ləqəbli sürücünü lənətləyirdik. Ürəyimizdə söydüyümüz, lənətlədiyimiz, ”Qotur Söyüd” özü də bədbəxt bir adam idi - erməni daşnaklarının zülmündən ailəsini güclə qurtararaq, iki il əvvəl - 1957-cı ildə Zəngəzur elindən didərgin düşərək, bizim rayona, kəndimizə pənah gətirmişdi. Sürücü işləyirdi. Əsl adı Hüseyn idi, lakin doğma kəndlərində onu hələ uşaqlıqdan qocaların təbirincə Söyün, arıq olmaqla sonradan boy verib uzandığından isə adını qəsdən bir az da təhrif edərək, “Söyüd” deyə çağırırdılar. Ermənistandan min bir zillətlə, həftələrlə yol gələrkən başına-bədəninə qotur düşdüyünə görə isə, yaxşı hal olmasa da, kəndimizdə çoxları ona ”Qotur Söyüd” deyirdilər. Bəlkə də qoyub gəldiyi el-obasının həsrətindən idi ki, o, zahirən sakit, çox dinib-danışmağı xoşlamayan, heç kəsin işinə qarışmayan, bir qədər qapalı adam idi. Əsasən taxılçılıqla məşğul olan kolxozun anbarından Yevlaxa buğda-arpa daşıyırdı. Lakin son vaxtlar ehtiyac üzündən anbar müdiri ilə əlbir olaraq, kənd camaatı hələ yuxuda ikən anbardan taxılı oğurluqla çıxardaraq, ətraf rayonların adamlarına satmaqla məşğul imiş. Dünyanın və onun naxələf adamlarının hiylələrindən baş açmayan Cabbar dayını da işə gedərkən ”qotur Söyüd” qəfildən, səhərin alaqaranlığında, göz-gözü görməyən dumanlı bir havada yoldaca vurmuşdu. Düzdür, biz çox sonralar anladıq ki, bu faciədə heç bir qəsdi-qərəzlik yox idi. Lakin, heyf ki, artıq bizim Cabbar dayımız da yox idi...
Kolxozun rəhbərliyi və anbarın müdiri ”qotur Söyüd”ə “yazıqları gəlib” (həmin vaxt onları Cabbar dayıdan daha çox özlərinin ”qotur Söyüd”lə birgə cinayətkar taleləri narahat edirdi), işi necə qurmuşdularsa, faciənin araşdırılması ilə rayonun milis və prokurorluq işçiləri nəinki məşğul olmadılar, heç hadisə yerinə də gəlmədilər. Bəlkə baş vermiş faciə barədə onlara heç xəbər də verilməmişdi. O zamanlar rayon mərkəzi ilə kəndin telefon rabitəsi və digər şəkildə əlaqə olmadığından hadisəni ört-basdır etmək, xəbərin kənddən çıxmasına yol verməmək heç də çətin deyildi. Bir də ki, Cabbar dayının heç nəyə gücü çatmayan biz uşaqlardan başqa kimi var idi ki, şikayətçi olsun. Haqqını-hüququnu bilməyən, “böyüklərin” işinə qarışmağı xoşlamayan kənd camaatı isə avamlığında və hər şeyə biganəliyində qalmaqda idi.
Baş vermiş faciə yalnız ağlasığmaz, ğözlənilməz bir təsadüfün nəticəsi idimi? Bunun bir kor təsadüfdən baş verdiyi bəlli olsa da, hər halda təqsirkar “qotur Söyüd” idi. Əgər o, oğurluq dəstəyə qoşularaq, alaqaranlıqda, həm də dumanlı havada maşınla yola çıxmasaydı, ehtiyatsızlıq, səhlənkarlıq etməsəydi, qəza baş verməzdi, taleyi onsuz da nakam olan Cabbar dayının ömrü bu cür dəhşətli sonluqla başa çatmazdı. Kim bilir, bəlkə də Söyüd kişi o dəhşətli günün dumanını son zamanlar ayrı düşdüyü, həsrətini-ağrısını çəkdiyi elinin-obasının, Zəngəzur dağlarının dumanına bənzətməklə sükan arxasında ötən günlərinin xoş xəyallarına dalıbmış və buna görə də gediş-gəlişin az olduğu səhər çağı maşının qarşısına adam çıxa biləcəyini fikrinə belə gətirməyibmiş. Hər halda həmin gün necə yozulsa da, arada ölüm vardı, kimsəsiz, lakin bütün varlığı, paklığı ilə yaşamağa haqqı olan, biz uşaqların isə diqqətinə ehtiyac duyduğu çox mehriban, gözəl və nurani bir insanın ölümü.
...”Qotur Söyüd” Cabbar dayının ölümünə görə havadarları sayəsində bir gün də olsa, həbs cəzası çəkmədi. Ancaq həmin hadisədən sonra o, daha da qaraqabaq olmuşdu, çox az hallarda adamlara qaynayıb-qarışırdı. Beləcə, üstündə ölüm qaralığı, ölüm damğası olan bir adam kimi, nə qədər qəribə olca da, hər an tutulub, qazamata atılmaq təhlükəsi ilə üz-üzə daha 50 il yaşaya bildi. Bir-neçə il əvvəl isə bağışlanılmaz günahı ilə birgə köçünü bu dünyadan birdəfəlik yığışdırıb getdi. Kim bilir, bəlkə də ömrünün son anına qədər o da qəlbində hamıdan gizlin gəzdirdiyi vətən, yurd qubarı ilə bərabər Cabbar dayının da faciəsini ürəyində ağır, çarəsiz bir dərd kimi daşıyırmış. Yəqin ki, elə idi. Axı, o da vaxtilə bütün kənd camaatının sevimlisi, əzizi oilan Cabbar dayının xətrini çox istəyirdi.
Deyirlər ki, “o dünyada” cənnət də var, cəhənnəm də. Orda “bölgü”nü aparandan başqa heç kəs bilmir ki, kim hara düşəcək. Lakin heç bir şübhə yoxdur ki, Cabbar dayının yeri ancaq cənnətdir - o Ulu Tanrının da sevdiyi cənnətlik adam idi. Bunu ”qotur Söyüd” haqqında da inamla demək olarmı? Əlbəttə ki, yox. Ancaq hara düşməsindən asılı olmayaraq, yəqin ki, ”qotur Söyüd”ün Cabbar dayıya görə narahat olan ruhu onu bir an da sakit buraxmır.
...Hər dəfə kəndimizə yolum düşəndə bizim Cabbar dayımızın yıxılıb qaldığı, Azərbaycanın onun payına düşən torpağını qucaqladığı yerə - maşınla vurulduğu yola gizlı bir kədərlə baxıram. Və düşünürəm: axı, biz uşaqları o nurani qocaya bağlayan nə idi? Əlbəttə, yalnız bir şey - hər cür təmtəraqdan uzaq, yalnız bi sözlə, “Azerbeycan” sözü ilə dilə gətirdiyi, varlığına sevindiyi Vətən sevgisi, Azərbaycan sevgisi. Əgər Cabbar dayı bütün Azərbaycan uşaqlarının sevimlisi Abbas Səhhətin bu misralarını da bilsəydi, ucadan deməsəydi də, hər zaman öz-özünə zümzümə edərdi:
“Könlümün sevgili məhbubu mənim
Vətənimdir, vətənimdir, vətənim!”
Düşünürəm: görəsən, Cabbar dayı bütün varlığına hopmuş, sakitcə aşıb-daşan Vətən, yurd sevgisi ilə bizim üçün hər gün “Azerbeycan” deyib-oxumasaydı, məktəbimizin, biz uşaqların yanından laqeydliklə ötüb-keçsəydi, onu bu qədər sevərdikmi və o, yaddaşımızda Vətən aşiqi kimi qalardımı? Axı, Cabbar dayıdan əvvəl də, sonralar da kəndimizin çox ağsaqqalları dünyadan köçüb (Allah hamısına rəhmət eləsin!), ancaq onlardan yaddaşlarda yaşayanları çox azdır. Cabbar dayı isə...
O, dahi şairimiz S.Vurğunla birğə bizə ilkin olaraq Vətən dərsi, Vətənə məhəbbət dərsi keçmişdi. Onu bizə sevdirən o unudulmaz “dərslər”, Azərbaycana və Azərbaycanın kiçik bir zərrəsi, sabahı hesab etdiyi uşaqlara olan sevgisi, kövrək duyğuları olmuşdu... Biz o Vətən sevgisindən böyüyüb boy atdıq. Ruhun şad olsun, Cabbar dayı - bizim Dədə Qorqudumuz!..
Rəhman Orxan