"Hamı kimi məni də sevən var..."
"Hamı kimi məni də sevən var..."

Tanınmış teleaparıcı İlhamə Bədəlovanın Milli.Az-a müsahibəsi.
- Aparıclıq sənətini seçərkən nələri gözə almışdınız?
- Tamaşaçıların iradlarını. Bəzən deyirlər ki, əvvəl özünü düzəlt, sonra başqasına irad tut. Yoxsa elə bilər ki, onu axmaq sayırsan, özünü ağıllı. Amma mən mənə deyilən iradlardan və o iradı tutan insanlardan heç vaxt inciməmişəm. Çünki irad varsa, deməli, səhvim var. Səhvimi düzəltməklə mən püxtələşib daha peşəkar olmağa çalışıram. Kənardan baxanlara asan gələ bilər, amma televiziya işi çox çətin və məsuliyyətli bir işdir. Eyni anda sənə milyonlarla göz baxır. Hamının psixologiyası, qavrama tərzi eyni deyil. Ona görə də qəbul olunub-olunmamaq məsələsi var. Mən efirdə deyib-güləndə həmin an dərdi olan bir insan mənə baxırsa, özlüyündə fikirləşə bilər ki, mənim problemim var, bunlar isə əylənirlər və s. Axı biz tamaşaçını ayrı-ayrılıqda görə bilmirik, yalnız onlara efir vasitəsilə hər şeyin ən gözəlini təqdim etməyə çalışırıq. Bu, çox çətindir.
- Sükut etməyə üstünlük verirsiniz, yoxsa sübut?
- Sükuta və sakitçiliyə bir halda riayət edirəm. Quran oxunanda və ya azan veriləndə sakit qalıram ki, bilmədən etdiyim günahlarım bağışlansın... Sübut etməyə gəlincə, həyatda sözü üzə deməyi, dedi-qodu etməməyi xoşlayıram. İkiüzlü insanları ifşa etməmiş hər zaman insan gördüklərini, eşitdiklərini özündə saxladıqca günahsız yerə günahkar olur.
- Buna nail ola bilmisiniz?
- Bəzən sübut etmək olmur. Onda Allaha əmanət ol, deyirəm və zamanla haqlı olduğum ortaya çıxır.
- Tarixin yaddaşından nəyi silmək istərdiniz?
- Millətimin yaşadığı faciələri.
- Nədən yaxa qurtara bilmirsiniz?
- Yalançı insanlardan. Yalana nifərt edirəm. Yalan danışan insanları qətiyyən çevrəmdə görmək isətmirəm. Ətrafım boşdur (gülür).
- Yuxularınız çin olur?
- Mənim gördüyüm bütün yuxular çin olur. Yuxularımı dilə gətirməkdən ehtiyat edirəm və bəzən yuxuda gördüyümü nəyisə bildiyim kimi əvvəlcədən proqnoz edirəm.
- Ailə qurmusunuz?
- Xeyr, hələ ki, subayam.
- Niyə hələ də subaysınız?
- Bunu məndən hamı soruşur. Bəzən efirdə də zarafata deyirəm ki, alan yoxdur, evdə qalmışam və s. Bunu da söz edirlər. Axı səmimiyyət öndə gəlir. Səmimi olmasam, özümü ifadə edə bilməyəcəm. Bu, mənim subyektiv fikrimdir. Hamı kimi məni də sevən var, yazan var, pozan var, gələn var, hətta gəlib getməyən var. Nə deyim? Bəziləri kimi deyim ki, qapımda yatıblar? Ya da filankəsin oğlu istədi, getmədim, qonşu elçi gəldi, bəyənmədim? Ayıb deyil? Niyə mən şəxsi həyatımı müzakirə obyektinə çevirim ki?! Amma inanın, mən istəyən insan hələ qarşım çıxmayıb. Çıxsa, məmnuniyyətlə ailə quraram.
- Nədən əziyyət çəkirsiniz?
- Məsuliyyətdən. Üzərimdə böyük məsuliyyət və hər şeydən çox narahat insanam. Hətta doğmalarımdan kimsə harasa gedəndə, o, mənzil başına gedib çatana qədər çox həyəcan keçirdirəm.
- Kaş ki... Bu sözü necə tamamlamaq istərdiniz?
- İnsanın davranışları, hərəkətləri kəlmələrdən çox şey ifadə edir və səhvə yol verəndə artıq kaş ki deyirsən. Kaş ki, kaş ki, dediyim anlar olmayaydı.
- Səhərin açılmağını həsrətlə gözlədiyiniz gecələr olub?
- Bəzən səhərin açılmağını istəmirəm. Xoş güzəran açılmayacağından ehtiyat edirəm.
- Sizin üçün tamamlanmayan nə qalıb?
- Ailə qurmaq. Ondan sonra fırtına da qopsa, bir yarpaq belə düşməz məndən...
- Sizə nə olar, nə olmaz?
- Mənə heç bir insana qarşı xəyanət etmək olmaz. Xəyanət saxta insanlara yarşır. O, mən deyiləm! Bunu özümə qadağan etmişəm. Ancaq belə götürəndə, mənə hər şey olar. Deyib-gülmək, əylənmək və s. (gülür).