Bakıda anaları ağlar qoyan bir yol var
Bakıda anaları ağlar qoyan bir yol var
Bu yolda ay ərzində bir neçə qəza baş verir, bəs rəsmilər nə deyir?

Səhər saatlarında evdən çıxıb şəxsi avtomobili ilə paytaxt istiqamətində hərəkət edən Məmmədovlar ailəsi Hövsan qəsəbəsinin məhz dayandığımız ərazisində qəzaya uğrayıblar. Lakin bu qəza sözü gedən yolda ilk deyil. Ayda bir-birinin ardınca bir neçə qəza baş verib ki, buna səbəb kimi yolun ensiz olması göstərilir.
Təxminən 10 km uzunluğu olan Hövsan yolu 1 gediş, 1 gəliş zolağından ibarətdir. Yol sovetlər dönəmində inşa olunub və daha sonra ərazidə hər hansı əsaslı təmir aparılmayıb. Vaxtilə sözügedən yoldan istifadə edənlərin də sayı bu günə nisbətdə xeyli az olub. Hövsan sakinləri deyirlər ki, qəsəbəyə gedən yol təkcə hövsanlıların gediş-gəlişi üçün deyil, eləcə də ətraf qəsəbələrində sakinlərinin işlək yoluna çevrilib. Bu səbəbdən də nəqliyyatın intensiv hərəkəti yolda nəzərə çarpacaq dərəcədə artıb. Buna baxmayaraq, hələ də qəsəbənin yolunda infrastruktur dəyişikliyi aparılmayıb.
Hər gün bu yoldan istifadə edən sürücülər əsas problem yolun ensiz olmasında görürlər. Deyirlər ki, qarşıdan gedən maşını keçmək mümkün olmur. Artıq neçə illərdir, vəziyyət belə acınacaqlıdır.
Yolun hərəkət zolağı asfalt örtüyü ilə təmin edilsə də, kənarları kələ-kötürlü torpaq hissədən ibarətdir. Sürücüləri də narahat edən məsələ elə yolun asfalt örtüyündən qəflətən torpaq hissəsinə keçməsidir. Asfalt örtüyü yolun kənarından bir neçə santimetr hündürlükdə olduğundan yüksək sürətlə hərəkət edən avtomobil qəflətən yolun kənarına keçdiyi zaman qaranlıqda idarə etməni itirərək ağır qəza törədir. Yolda işıqlandırma sistemi də mövcud deyil.
Bu səbəbdən qaranlıqda hərəkət daha təhlükəli olur. Sürücülər berlə deyirlər.
Hövsan yolunda qəzalara şərait yaradan amillərdən biri də məhz magistral yol üzərində olan əlavə kəsişmə yollarının olmasıdır. Hansı ki, kəsişmə yoldan əsas magistral yola çıxmaq istəyən avtomobillər bəzən magistral yolla hərəkət edən avtomobili gözləmədən onun yoluna çıxır. Bu isə ensiz yolda ciddi qəzalara səbəb olur.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyir ki, sözügedən yolun yenidən qurulması "Bakı şəhərində nəqliyyat problemlərinin aradan qaldırılması məqsədi ilə 2014-2018-ci illər dövlət proqramına" salınıb. Nə zaman ki, proqram təsdiq olunacaq o zaman yola əncam çəkiləcək: "Sözügedən ərazidə artan hərəkət şiddətini, təbii ki, həmin yol qəbul edə bilməzdi. Çünki həmin yol keçmiş normativlər və texnologiyalar əsasında inşa olunub. Bunu nəzərə alıb, biz həmin yolun yenidən qurulmasını tədbirlər planına salmışıq. Yenidən layihə hazırlanacaq və həmin yol müasir formada inşa ediləcək".
Layihəyə əsasən, yolun 4 hərəkət zolağından ibarət olması nəzərdə tutulur. Yolun işıqlandırma sistemi də yol inşa edildikdən sonra tam təmir ediləcək.
Aliyə