Fətullah Gülənin Türkiyə prezidentinə məktubunda nələr yazılıb?
Fətullah Gülənin Türkiyə prezidentinə məktubunda nələr yazılıb?

Qardaş ölkə gündəminə bomba kimi düşən məktubun tam mətni açıqlandı

Türkiyədəki nurçu camaatın başçısı, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin president Abdulla Gülə yazdığı məktubun tam mətni açıqlanıb. Qardaş ölkə gündəminə bomba kimi düşən məktubda deyilir:

“Cənab Prezident, əziz dost, dəyərli insan, hörmətli Abdullah Gül!
Sizə səmimi qəlbdən ehtiramımı çatdırır və ürəkdən can sağlığı diləyirəm. Ölkənin və xalqın dincliyini pozan hər bir hadisənin zati-alinizi nə qədər kədərləndirdiyini bilir və hissiyatınıza şərik olduğumu bildirirəm. “Hizmət”, “Hərəkat”, “Camaat” və “Cameə” və s. kimi adlarla adlandırılsa da, əslində müxtəlif fikir, anlayış, düşüncə və dünyagörüşünə mənsub insanların (məsciddə toplaşıb namaz üçün cərgəyə düzülən insanlar kimi) məntiqi və ağlabatan bir məfkurənin ətrafında birləşməsindən meydana gələn mənəvi bir heyət olduğuna inandığım könüllülərin fəaliyyət və müəssisələrinin hədəf götürülməsi məni çox üzür.
Hazırlıq kursları haqqında söz-söhbətlərin yayıldığı günlərdə cənab Baş Nazirə də müraciət etmiş, xalqımıza faydalı gördüyümüz müsəssiələrin bağlanmamasını və olduğu kimi fəaliyyətinə davam etdirməsini arzuladığımızı çatdırmışdıq. Bu Hərəkatın könüllüləri KİV və sosial şəbəkələr vasitəsilə mümkün qədər nəzakətli bir üslubla etirazlarını bildirmişdir. Buna səbəb isə ortaya atılan ittiham və iftiralardır. Etirazların qanun çərçivəsində hüququn tələblərinə əməl edilərək dilə gətirildiyini düşünürəm.
Get-gedə bir çox insanın məsələ ilə bağlı münasibət bildirməsi nəticəsində, təəssüf ki, bəzən nəzakət çərçivəsinə zidd bir üslubdan istifadə edildi, çirkin sözlər dilə gətirildi, qarşılıqlı ittihamlar ortaya atıldı. Məhz belə bir vaxtda səlim ağıl sahibləri ilk öncə bunların qarşısını almağı bir zərurət kimi görür. Xüsusilə bəzi media orqanlarının qaralama məqsədli xəbərlərinə son qoyulsa, dost və yoldaşlarımın da susmağa üstünlük verəcəklərinə inanıram. Fəqirin də bu hadisələrin qarşısını almaq üçün əlindən gələni əsirgəməyəcəyini bilməyinizi istəyirəm. Mütəmadi şəkildə yayılan çirkin xəbərlərin dayanması istiqamətində zati-alinizin də ciddi addımlar atacağına inanır və sizdən bunu səmimiyyətlə rica edirəm.

Cənab Prezident!
Dövlətin qanuni fəaliyyətlərinə müdaxilə etmə, ona əmr vermə və ya məmurları bir məqsədə yönəltmə səlahiyyətimin olmadığını zati-aliniz də bilir. Bununla yanaşı, gərginliyin azalması üçün dost, qardaş və yaxınlara mötədilliyi tövsiyə etməyimin faydalı olacağını düşünürsünüzsə, mənim qənaətim də bu yöndədir, bu məsələdə əlimdən gələni etməyə hazıram.
KİV-dən əldə etdiyimi məlumata görə, ictimaiyyətə də məlum olduğu kimi, səlahiyyətli şəxslər qanuna müvafiq olaraq cinayətkarları müəyyənləşdirib məsuliyyətə cəlb etməyə çalışırlar. Digər tərəfdən, yalnız verilən vəzifələri yerinə yetirməklə məşğul olan, yaxud da müxtəlif bölgələrdə çalışan insanlarla bağlı müəyyən “tədbir”lər görülür. Qanuni vəzifələrini qanuna müvafiq şəkildə yerinə yetirən məmurlara sırf müəyyən bir yerə mənsub olduqlarını iddia edərək mane olurlar, hətta bu işlə heç bir əlaqəsi olmayanları da eyni bəhanə ilə təsviyə edirlər ki, bu da məni kədərləndirir. Dövlət məmurlarının üstünə gedərək vəzifələrini yerinə yetirməsinə əngəl törədilməsi və məsum vətən övladlarının sırf bir yerə mənsub olduqları iddiası ilə təsviyə edilməsi məsələsinə biz sussaq belə, zənnimcə, xalqın vicdanı susmayacaq.
Cənab Prezident!
Bundan başqa, məlumatlara görə, dövlət qurumlarına işə qəbulda ciddi ayrı-seçkiliyə yol verilir. Hal-hazırda da, keçmişdə olduğu kimi, bəzi insanlar haqqında “Bu camaatdan, filan təriqətdəndir. Bu hazırlıq kursuna gedib, filan məktəbdən məzun olub” deyə məlumat toplanılır və həmin şəxslərə əngəl törədilir. Verilən məlumatlara görə, bu haqsızlıqlar təkcə rəis, rəis müavini və şöbə müdirinə qarşı edilmir, digər məmurlar da bundan zərər görürlər. İndiyədək ictimai həyatın müxtəlif sahələrində sırf “filan yerə mənsub, filançı... fəsmənçı...” qəbul edildiyinə görə haqsızlığa məruz qalan, göz yaşı tökən insanlara şahid olmuşam. Lakin bunları heç vaxt dilə gətirməmişəm, əksinə belə insanlara səbri tövsiyə etmişəm. Müəyyən bir yerə mənsubluq ittihamı ilə əngəllərlə qarşılaşan bu vətən övladları öz yaxınlarına, ərkləri çatan insanlara dərdlərini danışır, ürəklərini boşaldırlar. Qənaətimcə bu ölkənin doğma övladlarının, günahsız Anadolu insanlarının qara siyahılara salınmasına və qarşısına əngəllər çıxarılmasına artıq birdəfəlik son qoyulmalıdır. Dünyanın dörd bir tərəfinə yayılan və Allahın inayəti, zati-aliniz kimi dəyərli dostların himmət və himayəsi ilə sürətlə böyüyən Hizmət hərəkatının, təəssüf ki, açıq-aşkar qarşısını almağa çalışanlar var. Bu cür əngəllərin Hərəkatın böyüməsinə paralel olaraq artdığını görürük. Süleyman əfəndinin tələbələri, “Elm yayma” cəmiyyəti, “Mənzil” mənsubları və digərləri eyni münasibətlə qarşılaşmayacağına necə əmin ola bilər?!
Cənab Prezident!
Göndərdiyiniz dəyərli qonağın bizə çatdırdığı məsələləri diqqətə alaraq bildiririk ki, dünən hansı mövqedə idiksə, bu yaxınlaşan seçkilərdə də eyni mövqedəyik. Həmişə dialoqa hazır olduğumuzu, zati-aliniz və cənab Baş Nazirin ortaq tənsiblərini (münasib gördüyünüz məsələləri) tənsibimiz sayacağımızı da bildirmək istəyirik. Sözügedən məsələləri cənab Baş Nazirlə də bölüşməyinizi arzu edərdim. Ömrünü dinə, millətə və bəşəriyyətə həsr edən bir qardaşınız olaraq bütün səmimiyyətimlə qeyd edirəm ki, həmişə sülh və əmin-amanlığı, birlik və ittifaqı, qardaşlıq və dostluğu müdafiə etməyə, fəqirə (özünü nəzərdə tutur – red.) sevgi bəsləyənləri də buna təşviq etməyə çalışmışam.
Bu yaşdan sonra da başqa bir arzum, düşüncəm və amalım ola bilməz. Dövlət böyüklərimizin uzadacağı dost əllərini mütləq tutacağımızı, bizə doğru səmimiyyətlə atılan hər addıma - İlahi əxlaqa uyğun olaraq - on addımla cavab verəcəyimizi, qardaşlarımıza, dostlarımıza və bizi sevənlərə mötədilliyi tövsiyə edərək əmin-amanlığın bərqərar olması üçün əlimizdən gələni əsirgəməyəcəyimizi və həmişə sülhün tərəfdarı/dəstəkçisi olacağımızı ərz edirəm.
Zati-alinizə, möhtərəm Xeyrünnisə xanıma və ailənizin digər üzvlərinə salamlarımı çatdırıram”.
Türkiyədə nazir övladlarının həbsinə sanksiya vermiş prokuror vəzifəsindən kənarlaşdırıldı
Bu arada Türkiyədə rüşvət, korrupsiya, qaçaqmalçılıq ittihamları əsasında bir sıra tanınmış şəxslərin həbsinə sanksiya vermiş Zəkəriyyə Öz İstanbul baş prokurorunun birinci müavini vəzifəsindən kənarlaşdırılaraq Bakırköy prokurorluğuna təyinat alıb. Qardaş ölkənin “Haberturk” portalının verdiyi xəbərə görə, müvafiq qərar ötən gün Hakimlər və Prokurorlar Yüksək Qurumu tərəfindən “rüşvət qalmaqalı” ilə bağlı ortaya çıxan yeni iddiaları araşdırarkən verilib.
Zəkəriyyə Özlə bağlı qərarda bildirilib ki, İstanbulda həyata keçirilən əməliyyatla bağlı istintaq işinin 6 əvvəl sona çatmasına baxmayaraq iş üzrə materiallar məhkəməyə verilməyib. Qərarda həmçinin Zəkəriyyə Özün Dubayda bir tikinti şirkətinin dəvəti ilə tətildə olması iddiası da öz əksini tapıb.
Xatırladaq ki, bir neçə gün əvvəl türk mətbuatında dərc edilmiş iddiaya əsasən, prokuror Zəkəriyyə Öz və onu müşayiət edən 8 nəfər Dubayda beş ulduzlu otellərin birində istirahət edib.
Məlumata görə, onun 77 min lirəlik (təxminən 30 min manat) hesabını tikinti şirkətlərindən biri ödəyib.
16 vilayətin polis rəisi niyə dəyişdirildi?
Türkiyə hökuməti ölkənin polis təşkilatını nurçu və ya nurçulara yaxın olmasından şübhə duyulan polislərdən təmizləmək üçün ötən ilin 17 dekabrından sonra başladığı geniş miqyaslı tədbirləri davam etdirir.
Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, Ankara, İzmir, Antalya, Bursa, Adana, Kocaeli, Qaziantep, Hatay, Mersin, Trabzon, Samsun, Sakarya, Ərzurum, Malatya və Diyarbəkir əmniyyət müdirləri (polis rəsiləri) vəzifələrindən uzaqlaşdırıblar. Kırıkkale polis rəisi isə bu vəzifədən çıxarılaraq Ankaraya təyin olunub.
Xatırladaq ki, Ərdoğan hökuməti rüşvət və korrupsiya əməliyyatını nurçu polis və prokurorların hökuməti devirmək cəhdi kimi qiymətləndirir və hüquq-mühafizə sistemini nurçulardan və onlara yaxın şəxslərdən tamamilə təmizləyəcəyini bəyan edib.

Murad İbrahimli