Türkiyədə "dövlət içində dövlət qurmaq istəyən" 600 polis işdən çıxarıldı
Türkiyədə "dövlət içində dövlət qurmaq istəyən" 600 polis işdən çıxarıldı

Qardaş ölkədə "sular durulmaq" bilmir, yeni sensasion gəlişmələr var

Türkiyəni bürüyən 17 dekabr korrupsiya və rüşətxorluq qalmaqalı (şərti adı "Böyük rüşvət işi" adlanan əməliyyatla başlanan qalmaqal) nəticəsində Ankara polis idarəsində kütləvi ixtisarlara başlanılıb.

Qardaş ölkə mətbuatının verdiyi məlumata görə, ötən gecə Ankara Polis İdarəsi (Əmniyyət Müdirliyində) 80 polis məmuru olmaqla, 350 polis işçisi tutduqları vəzifədən azad edilib. Verilən məlumata görə vəzifələrindən çıxarılan polis müdiri və məmuruları başqa yerlərə təyin olunublar.
Məlumatlarda qeyd olunub ki, baş nazir R.T. Ərdoğan korrupsiya əməliyatlarından sonra daxili işlər naziri vəzifəsinə Əfqan Alanı gətirib. Ankara polis idarəsində isə Əfqan Alanın vəzifəyə gətirilmə məqsədinin, "dövlət içində dövlət qurmaq istəyənlərə qarşı əməliyyatlar aparılması" olduğu bildirilir.
Qeyd edək ki, Ankara Polis İdarəsində (Əmniyyət Müdirliyində) imzalanan son qərarnamədə, işdən uzaqlaşdırılan və yerləri dəyişdirilən polislərin sayının 600 nəfər olduğu bildirilir.

Ərdoğanın sözçüsü
danışdı: "Kənar güclərin barmağı görünür"

"Hökumət bu gün öz vəzifəsini yerinə yetirir. Bəzi xarici güclərin əmrində olanların dövlətin mənafeyinə, millətin gələcəyinə zərər verəcək bütün cəhdlərin qarşısını almaq, yox etmək hökumətin əsas vəzifəsidir". Bu barədə isə AKP baş katibinin müavini, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, millət vəkili Salih Kapusuz publika.az -a eksklüziv açıqlamasında Türkiyədə baş verən son hadisələr və hökumətin atdığı addımları şərh edərkən deyib.
Onun sözlərinə görə, dövlətin içində paralel dövlət qurmaq yolverilməzdir: "Xüsusilə qeyri-qanuni olaraq, başqa yerdən gələn əmirlərə uyğun hərəkət edən belə qruplaşmalar Türkiyənin gələcəyinə təhlükədir. Demokratiyada belə şeylərə yer yoxdur. Bu gün Türkiyə demokratik quruluşu ilə bunlara qarşıdır və hökumətin əsas məqsədi bu tipli qeyri-qanuni davranışları, gələcəyimizə yönəlik təhdidləri yox etməkdir".
S. Kapusuz qeyd edib ki, AKP iqtidarı bundan əvvəl də mafiyanın, cinayət qruplaşmalarının dövlət içində dövlət olmasına imkan verməyib, bundan sonra da buna imkan verməyəcək."Türkiyə buna qədər, keçmişdə dərin dövlət adı altında hərəkət edən cinayətkar qruplardan çox əziyyət çəkdi. AKP də iqtidara gələndən bu cür hallara qarşı barışmaz mövqe tutdu. Bundan belə də mövqeyimiz belə olacaq"-deyə AKP sözçüsü vurğulayıb. O, "baş verənlərdə kənar qüvvələrin, Türkiyəni zəiflətmək istəyən güclərin barmağının olduğu aydın görünür" deyə bildirib.

İran hökuməti
Rza Zərrabın ortağına kömək edəcək

İran hökuməti həbs olunan iş adamı Babək Zəncaniyə dövlətə neft borcunu ödəməsi üçün kömək edəcəyini açıqlayıb. İran məhkəməsinin sözçüsü Qulam Hüseyn Muhsini təşkil etdiyi mətbuat konfransında Zəncanidən satdığı neft qarşılığı ölkə təşkilatlarına 2 milyard avrodan çox borcunun olduğunu, bu səbəbdən də ölkə xaricinə qaçmaq ehtimalına qarşı həbs olunduğunu ifadə edib.
İran dövlət televiziyasının internet saytında yer alan xəbərə görə, Muhsini Babək Zəncani haqqında bu sözləri deyib: "Bu adam təxminən 2,5 milyard avro dövlət qurumlarının hesabına keçirdiyini söyləyir. Lakin təşkilatlar ödənişin edilmədiyini ifadə edir. Təqdim edilən sənədlərin saxta olub-olmadığı araşdırılır. Babək Zəncaniyə həbsxanadadır, ölkə xaricində pulu varsa və gətirməsi üçün hər hansı bir imkana ehtiyacı varsa, təmin ediləcəyik" - deyə bildirib.

"Böyük rüşvət işi"nin əsas təşkilatçısı
rüşvət almaqda
ittiham olunur

Türkiyə Hakimlər və Prokurorlar Ali təşkilatı (HSYK) İstanbul Respublika Baş Prokurorluğunun baş prokuror vəkili (1-ci müavin) Zəkəriyyə Öz haqqındakı tətil xəbərləri ilə bağlı araşdırmalara başladıb. Öz haqqındakı araşdırmanın istintaqa çevrilib-çevrilməyəcəyinə HSYK 3-cü Dairə qərar verəcək. Bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.
Z.Öz tətilə öz pulu ilə getdiyini söyləsə də Türkiyənin milyarderləri sırasında yer alan və 17 Dekabr əməliyyatları zamanı həbs olunan Əli Ağaoğlu Özü tətilə öz şirkətinin göndərdiyini bildirib.
İddialara görə, Z.Öz yanındakı 8 nəfərlə birlikdə Dubaya tətilə gedib. 17 Oktyabr 2013-cü ildə başlayan Dubay tətilini "Fly Ekspress" adlı bir turist agentliyi təşkil etdi. Z.Öz və yanındakıları Dubay hava limanında VIP xidmətinin işçiləri qarşılayıb. Onlar daha sonra dəniz sahilindəki beş ulduzlu "Jumeriah Zabeel Saray" otelində yerləşdirilib.
"Jumeirah Zabeel Saray" hotelinnin qeydiyyat dəftərində "Mr. Zekeriya Oz & Family" (Zəkəriyyə Öz bəy və ailəsi) ifadəsi diqqət çəkir. İki yataqlı 5 ayrı otaqda qalan Öz və yanındakıların hər bir pay yeməyi üçün otelə 2 min 604 dollar ödənilib. Öz 22 Oktyabr tarixində İstanbula qayıdıb. "Fly Ekspress" şirkətinə Özün 6 günlük otaq ödənişi və VIP qarşılama üçün 16 min 377 dolları İstanbuldakı bir inşaat şirkəti ödəyib. İnşaat şirkətinin Öz və yanındakıların bir həftəlik Dubay səyahəti üçün "Fly Ekpress" şirkətinə və otelə ümumilikdə 31 min 588 dollar ödədiyi iddia edilir.
HSYK mətbuat bürosu Öz haqqında bəzi qəzetlərdə gedən tətil xəbərlərini toplayaraq HSYK 3-cü Dairəyə göndərib.
Baş nazir Rəcəb Təyyib Ərdoğanın da gündəmə gətirdiyi Dubay tətilinin xərcini bir inşaat şirkətinin ödədiyi ilə bağlı iddialarla qarşı-qarşıya qalan Z.Öz tətilə öz pulu ilə getdiyini açıqlayıb. Lakin "Sabah" qəzeti Z.Özün Dubay tətilinin xərclərini "Ağaoğlu" Şirkətlər Qrupunun ödədiyini ortaya qoyan sənədləri dərc edib.

Kənan Rzaquliyev