Prezidentin sərəncamı ilə mənzil almış jurnalistlərə orderlər təqdim olunub
Prezidentin sərəncamı ilə mənzil almış jurnalistlərə orderlər təqdim olunub

Azərbaycan prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən bu ilin iyul ayında dövlət başçısının sərəncamı ilə mənzil almış jurnalistlərə evlərin orderlərinin təqdimatı, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bu münasibətlə keçirilən tədbirdə KİVDF və Mətbuat Şurasının üzvləri, media orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbirdə Azərbaycanda KİV-in inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Bu istiqamətdə dövlət konsepsiyasının qəbul olunduğu, KİVDF-nin yaradıldığı, dövlət başçısının sərəncamı ilə jurnalistlər üçün yaşayış binasının inşa olunduğu vurğulanıb. Qeyd edilib ki, prezident İlham Əliyev jurnalistlər üçün binanın təməlinin qoyulmasında və açılışında iştirak edib.
Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, 2010-cu ildə prezident İ.Əliyevin sərəncamı ilə evin inşasına başlanıb. Bu il 22 iyul - Milli Mətbuat günündə binanın açılışı olub və ikinci binanın təməli qoyulub. Bina tam təmirlidir və sənədləşmə ilə bağlı dövlət aktı qəbul olunub.
Daha sonra qeyd olunub ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsinə 108 yazı təqdim olunub. Müsabiqə “Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda nəzərdə tutulmuş 15 istiqamət üzrə keçirilib. Müsabiqənin şərtlərinə əsasən, hər istiqamət üzrə ən yüksək bal toplamış 3 yazı qalib hesab edilib. Bundan əlavə, 15 müsabiqə iştirakçısına həvəsləndirici mükafatların verilməsi qərara alınıb.
Tədbirdə çıxış edən Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib ki, media sahəsində ən çox xidmətləri olan jurnalistlərə sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün mənzillər verilib. O, ev almış jurnalistlərin mediamızın inkişafına stimul verəcəyinə inandığını dilə gətirib, jurnalistlərə ailə xoşbəxtliyi arzulayıb.
Ə.Həsənov 2013-cü ilin Azərbaycan üçün uğurlu bir il olduğunu, Azərbaycanın dünyanın təbii qaz xəritəsini dəyişdirəcək addımlar atdığını qeyd edib. Prezident seçkilərindən danışan PA rəsmisi Azərbaycanın uğurlu bir ili yola saldığını, uğurlar vəd edən 2014-cü ili qarşılamağa hazırlaşdığını söyləyib.
Ə.Həsənov dövlət başçısı tərəfindən jurnalistlər üçün tikiləcək yeni binanın təməlini qoyulduğunu, 2015-ci ildə jurnalistlərə yenə mənzillər veriləcəyini bildirib: “Ümid edirəm ki, jurnalistikamızda xidmətləri olan jurnalistləri sevindirəcəyik”. O, fərdi jurnalist yazı müsabiqəsində qalib gələnləri də təbrik edib.
Sonda jurnalistlərə mənzillərin sənədləri və yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.