İranda silkələndi: 8 ölü, 215 yaralı
İranda silkələndi: 8 ölü, 215 yaralı

Yerli camaat küçə və meydanlarda gecələmək məcburiyyətində qaldı

İranın Buşəhr vilayətində baş vermiş 5.7 bal gücündə zəlzələ nəticəsində 8 nəfər ölüb, 125 nəfər yaralanıb.
"Mehr" xəbər agentliyinin məlumatına görə, ölən, yaralanan və xəsarət alanlar arasında qadın və uşaqlar da var. Ümumilikdə yüngül xəsarətlər almış 140 nəfərdən çox adama ambulator yardım göstərilib.
Hazırda iki nəfər yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Təbii fəlakət əsasən Borozcan, Dəştestan, Abpəxş və Səədabad şəhərlərinə ciddi ziyan vurub. Belə ki, bəzi evlərin divarları uçub, bəzilərinin divarlarında çatlar əmələ gəlib. Ümumillikdə 300 mənzil zədələnib, kommunikasiya xətləri və digər infrastrukturlara ciddi ziyan dəyib. Yerli camaat küçə və meydanlarda gecələmək məcburiyyətində qalıblar. Çünki indiyədək 11 aftaşok qeyd alınıb və onlardan də ən böyüyü 3.8 bal gücündə olub.

İsrail prezidenti İrana
nüvə silahından imtina
etməyi təklif etdi

Bu arada İsrail prezidenti Şimon Peres Mexikoda Meksika Senatının üzvləri qarşısında çıxışı zamanı İranı nüvə proqramından imtina etməyə və uzaq mənzilli raketlərin istehsalını dayandırmağa çağırıb. "Mən İranı terroru, nüvə proqramını və uzaq mənzilli raketlərin istehsalını dayandırmağa çağırıram", deyə Peres çıxışında bildirib.
Peresin sözlərinə görə, beynəlxalq ictimaiyyət İrana heç bir təhlükənin olmadığı şəraitdə onun nüvə silahına malik olması ilə barışa bilmir.

BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların azaldılması məsələsini nəzərdən keçirir"

BMT Təhlükəsizlik Şurası İrana qarşı tətbiq etdiyi sanksiyaların azaldılması məsələsini nəzərdən keçirir. İRNA-nın məlumatına görə, bunu BMT-nin baş katibi Pan Gi Mun bildirib.
Onun sözlərinə görə, İranla "altılıq" ölkələri arasında aparılan nüvə müzakirələrinin razılaşma ilə nəticələnməsindən sonra BMT Təhlükəsizlik Şurasının tezliklə İranla bağlı toplantısı keçiriləcək: "Danışıqların nəticələrinə əsasən, BMT Təhlükəsizlik Şurası İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsinin ləğv edilməsi haqda qərar verəcək. Mən həm İranın, həm də BMT Təhlükəsizlik Şurasının Cenevrə razılaşmasına uyğun olaraq əməli addımlar atmasını gözləyirəm. Nüvə razılaşması İrana bir daha beynəlxalq enerji bazarının fəal iştirakçısına çevrilməyə imkan verir".

Tacikistan İran bankına qarşı tətbiq etdiyi
sanksiyanı ləğv etdi

Dünən verilən bir başqa məlumata görə, Tacikistan hökuməti İran bankına qarşı tətbiq etdiyi sanksiyanı ləğv edib. İRNA-nın məlumatına görə, bu barədə Tacikistan Milli Bankının mətbuat xidmətindən "Kont İnvestment" Bankına məlumat daxil olub.
Sənəddə İran bankının fəaliyyətinə qoyulmuş məhdudiyyətin aradan qaldırıldığı bildirilib. Eyni zamanda bu addımın İranla "altılıq" ölkələri arasında nüvə məsələsində razılığın əldə olunması münasibətilə atıldığı qeyd edilib.
Qeyd edək ki, ABŞ-ın Tacikistandakı səfirliyi İranın "Kont İnvestment" Bankının fəaliyyətinin məhdudlaşdırılması üçün bu ölkənin Xarici İşlər Nazirliyinə məktub göndərib. Tacikistan Milli Bankı da bu ilin martında ölkənin digər banklarından İranın "Kont İnvestment" Bankı ilə əməkdaşlığı kəsməyi istəyib. Eyni zamanda Avropa Birliyi bu ilin yanvarında İran bankı ilə əməkdaşlıq etdiyinə görə Tacikistanın "Asian Expres Airline" nəqliyyat və yükdaşıma şirkətinə sanksiya tətbiq edib. Bunun ardınca ABŞ Maliyyə Nazirliyi də İranın "Kont İnvestment" Bankını "qara siyahısı"na salıb. İran bankı Tacikistan maliyyə bazarında təxminən 100 milyon dollar (500 milyon somoni) kapitala malikdir.

İranın ev dustağı
edilən müxalifət lideri əməliyyat edildi

Dünən o da məlum olub ki, İran müxalifətinin liderlərindən biri, heç bir məhkəmə qərarı olmadan üç ildən çoxdur, ev dustaqlığında saxlanılan Mehdi Kərrubi cərrahiyyə əməliyyatı keçirib. "Radiofərda"nın məlumatına görə, bu barədə onun oğlu Məhəmmədhüseyn Kərrubi noyabrın 28-də açıqlama verib.
Onun sözlərinə görə, ötən həftə İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) həkimləri bel fəqərələrindəki ağrıların təkrarlanmasından sonra M.Kərrubiyyə diz arterozu və kəskin mədə-bağırsaq ishalı diaqnozu qoyaraq Tehranın Lalə xəstəxanasına köçürüblər: "Atam üç gün əvvəl xəstəxanada dizindən əməliyyat olunub və daha sonra yenidən ETTELAAT-a geri qaytarılıb".
Qeyd edək ki, İran müxalifətinin liderlərindən olan Mirhüseyn Musəvi və onun həyat yoldaşı Zəhra Rəhnəvərd ev dustaqlığında, M.Kərrubi İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAT) məxsus xüsusi təcrid evlərindən birində saxlanılır. Onların həbsdə saxlanılmasının artıq min günü tamam olub. Ailəsi İran prezidenti Həsən Ruhanidən M.Kərrubinin ETTELAAT-dan ən azı öz evinə dustaqlığa köçürülməsini xahiş edib.

Murad İbrahimli