İranla Qərb arasında tarixi anlaşma!
İranla Qərb arasında tarixi anlaşma!

Cenevrədə gözlənilməz razılıq əldə edildi, İsrail şoka düşdü

İran prezidenti Həsən Ruhani, ölkəsinin 5+1 ölkələri ilə nüvə proqramı ilə bağlı apardığı müzakirələrdən sonra imzaladığı razılaşmadan danışıb. O bildirib ki, dünyadakı böyük güclər nəhayət İranın nüvə fəaliyyəti haqqını rəsmi şəkildə tanıdı.

İran dövlət televiziyasına müsahibə verən H.Ruhani qeyd edib ki, bu müzakirələrdən sonra sonra İran xalqına hörmət etmək müsbət nəticələrə səbəb olacaq. Onun sözlərinə görə, artıq sanksiya və təhdidlərin heç bir funksiyası qalmayıb.
10 ildən sonra ilk dəfə bu səviyyədə bir razılaşmanın əldə edilməsindən məmnun olduğunu söyləyən İran prezidenti, bu müqavilənin nüvə yolunda atılan ilk addım olduğunu qeyd edib: "Müzakirələr bərabər şərtlərdə və qarşılıqlı hörmət çərşivəsində davam etdirilərsə, irəliyə doğru getməkdə davam edəcəyik. Müqavilənin ən əhəmiyyətli səmərəsi ondan ibarətdir ki, "5 +1" ölkələri ilə bərabər dünyanın digər əsas gücləri də İranın nüvə fəaliyyəti haqqını rəsmi tanımalıdır. Əlbəttə, bu onsuz da İranın sahib olduğu bir haqdır. Sazişin ikinci əhəmiyyəti odur ki, İranın öz torpaqları içərisində uranın zənginləşdirməsi ilə haqqı rəsmən qəbul edilir".
Ruhani açıq bəyan edib ki, İran xalqı uranın zənginləşdirməsi ilə yanaşı, Natanz, Fordo, Ərak, İsfahan və Bəndərabbas stansiyaları da fəaliyyətlərinə davam edəcəklər.
Bütün sanksiyaların növbə ilə aradan qaldırılacağını deyən Ruhani vurğulayıb ki, bəzilərinin xoşuna getsə də, getməsə də bu razılaşma ilə birlikdə sanksiya siyasəti artıq məğlubiyyətə uğradı: "Dünən (srağagün - red.) gecə sanksiya siyasətində çatlar əmələ gəlməyə başladı və bu çatlaqlar zamanla daha da dərinləşək".
İran xalqının heç bir zaman nüvə silahı istəmədiyini söyləyən prezident, bəzi dövlətlərə xəbərdarlıq etməyi də unutmayıb: "Əhatəli müzakirələr və yekun razılaşmadan sonra heç kim deməsin ki, İranın nüvə silahı əldə etməsinə maneə törətdilər. Bu, gülünc zarafatlardan başqa bir şey deyil. İran heç bir zaman nüvə silahı arxasınca qaçmayıb".
Bu arada İsrail tərəfi razılaşmanı İran diplomatiyasının son on ildə ən böyük qalibiyyəti, Qərbin isə tarixi xətası adlandırıb. Baş nazir Benyamin Netanyahununun sözlərinə görə, İranla tək başına mübarizəni davam edəcəyini və təhlükəsizliklərini qoruyacağını bildirib.
"Diplomatik yol uğursuz olarsa, İranın nüvə proqramı başqa yollarla əngəllənəcək". Bunu isə İsrail prezidenti Şimon Peres deyib.
Prezident Benyamin Netanyahunun İranla "altılıq" ölkələri arasında imzanan razılaşma barədə dediyi "bu tarixi bir razılaşma yox, tarixi bir xətadır" fikrinə də aydınlıq gətirib. Prezidentin mətbuat xidmətindən verilən açıqlamada razılaşmanın müvəqqəti olduğuna işarə edilib. "Razılaşmanın uğurlu və ya uğursuzluğu sözlərlə deyil, nəticə ilə sübut ediləcək. Nə siz bizə, nə də biz sizə düşmənik. Bu problemi diplomatik yollarla həll etmək ehtimalı var. Bu sizin əlinizdədir. Nüvə proqramına son verin və uzun məsafəli raket istehsalını dayandırın".
Açıqlamada İsrail və beynəlxalq toplumun diplomatik həlldən yana olduğu qeyd edilib. "Alternativ yollar çox pisdir".
İranla əldə olunan razılaşma hər hansı bir təxəyyül və ya idealogiya məhsulu deyil. Bu, İsrailin və regionun təhlükəsizliyi üçün mümkün ola biləcək bir addımdır. Öu cür açıqlama ilə isə ABŞ dövlət katibi Con Keri Vaşinqtonda tok-şouda çıxış edib.
Keri qeyd edib ki, rəsmi Tehranın nüvə proqramına dair əldə olunan razılaşma gələcəkdə bu ölkə ilə daha dolğun razılaşmalar əldə olunması yolunda ilk addımdır: "Biz İranın uranı zənginləşdirməsi hüququnu tanımırıq. Bu, nüvə silahının yayılmaması sazişində də aydın şəkildə ifadə olunur. Lakin razılaşmaya əsasən, nüvə proqramının məhdud səviyyədə davam etdirilməsi üçün danışıqlar olacaq. Biz İranın vədlərini və niyyətini heç bir fərziyyəyə əsaslanmadan sınaqdan keçirməliyik. Bu, çətin bir yoldur. Və biz bu yolda tamamilə İsrailin tərəfində duracağıq. Bu cür yanaşma tərzinə bütün ölkələr tərəfindən dəstək gələcəyinə inanıram. Düşünürəm ki, Konqres bu razılaşmanın özü özlüyündə bir nailiyyət olmasını təsdiqləyəcək. Mən Konqres nümayəndələrini inandırmağa çalışacam ki, indi İrana qarşı sanksiya tətbiq etməyin zamanı deyil".
Cenevrədə əldə olunan razılaşma respublikaçıları qane etməyib. Corciya ştatının santoru Seksbi Çemblis bu barədə münasibət bildirərkən qeyd edib ki, İran Şimali Koreya kimi öz vədlərinə sadiq qalmayacaq: "Bu razılaşmada heç bir yerdə sentrifuqaların dağıdılması tələb olunmur. Razılaşmanın rəsmi Tehranı nüvə silahı hazırlamaq fikrindən çəkindirəcəyi real görülmür. Biz Şimali Koreya kimi İrana əvvəllər də etibar etmişdik. Lakin nəticədə heç nə qazanmadıq. İran öz silahlarını tərk edə, lakin bir göz qırpımında Şimali Koreyadan istənilən silahı ala bilər. Razılaşma əsasında, biz istənilən halda onları silah istehsalından çəkindirə bilməyəcəyik".
"Türkiyə İranla "altılıq" ölkələri arasında əldə olunmuş nüvə razılaşmasını dəstəkləyir və bunun problemin tam nizamlanmasına müsbət təsir göstərəcəyinə inanır". Bunu isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Onun sözlərinə görə, bu razılaşma ən problemli mövzuların belə müzakirə yolu ilə həll edilə biləcəyini göstərdi: "Türkiyə İranın nüvə proqramı ilə bağlı həmişə diplomatiya yolunu dəstəkləyib. 2010-cu ildə Tehran razılaşmasının qiymətləndirilməməsi bir şanssızlıq idi. Budəfəki razılaşmanın problemin son həllinə yardımçı olacağına inanır və anlaşmanı dəstəkləyirik".
BMT baş katibi Pan Gi Mun da Cenevrədə İranla "altılıq" ölkələri arasında nüvə razılaşmasının əldə olunmasından məmnundur. İRİB-in verdiyi məlumata görə, baş katib Pan Gi Mun anlaşmanı Orta Şərq bölgəsinin xalqları üçün yaxşı nəticə kimi qiymətləndirib.
O, həmçinin tarixi bir razılaşmanın başlanğıcı olan prosesin irəliləməsi üçün anlaşmanı müsbət qarşıladığını ifadə edib.
Avropa Komissiyasının (AK) prezidenti Joze Manuel Barozzo isə Cenevrədə İranın nüvə proqramı ilə bağlı əldə edilən razılaşmanı dünyada stabillik və təhlükəsizliyin təminatı üçün əhəmiyyətli addım hesab edir. Bu barədə onun AK-nin saytına yerləşdirilən bəyanatında deyilir.
O, qeyd edib ki, dünya ictimaiyyətinin İranın nüvə proqramının dinc xaraketli olmasına inandırmaq üçün konstruktiv əhval ruhiyyədə danışıqları davam etdirməsi vacibdir.
Xatırladaq ki, Cenevrədə keçirilən danışıqlar prosesində İran və "altılıq" ölkələri arasında Tehranın nüvə proqramına dair razılıq əldə edilib. Razılaşmaya əsasən İran nüvə proqramı çərçivəsində işləri məhdudlaşdıracaq, beynəlxalq ekspertlərə daha genişmiqyaslı yoxlamalara icazə verəcək. Bunun əvəzində isə bu ölkəyə qarşı iqtisadi sansksiyalar zəiflədiləcək.

Murad İbrahimli