"Bir-birimizə qarşı sevgi hisslərimiz olub, amma..."
"Bir-birimizə qarşı sevgi hisslərimiz olub, amma..."

Müğənni Azad Şabanovun Milli.Az-a müsahibəsi
- Azad Şabanov, artıq yeni ulduz ləqəbi yoxdur?
- Artıq Azad Şabanov kimi təqdim olunuram. Yəni, düzdü, əvvəllər yeni ulduz Azad deyə müraciət olunurdu, mən bununla fəxr edirdim, amma indi adımı və soyadımı təsdiqləmək üzrəyəm, yəni, hələ ki, adım üçün işləyirəm ki, sonra ad mənim üçün işləsin. Amma belə konsertlərdə, toylarda, tədbirlərdə Azad Şabanov dedikdə hər kəs məni tanıyır.
- Azad Şabanov, müsabiqədən artıq illər keçib, bu günlə o illəri müqayisə edəndə nələr dəyişib?
- Çox şey dəyişib, onda səhnəyə ilk addımlarım idi, təcrübəsiz idim. İndi musiqidən anlayışım çoxdur, indi tam bir müğənniyəm.
- Peşman deyilsiz ki, müğənni olduğunuza?
- Xeyr, qəti peşman deyiləm, müğənni olmaq istəmişəm hər zaman və oldum da. Musiqidən həzz alıram, həm də pul qazanıram. Bu, mənə yetərlidir. Bundan yaxşı iş ola bilər?
- Sizi görənlər deyir Azadı hərbi xidmət daha da böyüdüb. Razısız?

- Razıyam, bir az sakit olmuşam, əvvəllər bir az coşqun idim, dəlisov idim, tez reaksiya verirdim hər bir şeyə. İndi dəyişilmişəm. Bir də məndə sevmədiyim bir xüsusiyyət var idi, laqeyd idim, indi diqqətcil olmuşam, hər şeyi fikirləşib edirəm. Yəni müsbətə doğru dəyişmişəm.
- Rəqibləriniz kimlərdir?
- Rəqibim yoxdur, sevmirəm bu kəlməni. Rəqibim yoxdur, müsabiqə zamanı bəlli var idi rəqiblərim, amma indi yox. Məndə o yoxdur, filan müğənni yaxşıdır, mən ondan da yaxşı olmalıyam, filan belə şeylər mənlik deyil. Mən özümə görə müğnniyəm, özümə görə və tamaşaçılara görə oxuyuram. Kiminləsə nə müqayisə olunmaq nə də rəqib olmaq fikrim yoxdur.
- Heç kimi rəqib görmürsüz, bəs bəyəndiyiniz kimsə var həmkarlarınızdan?
- Bəli, Eyyub Yaqubov, Zamiq, Elnur, Samir onların səsi, sənəti var. Onlar gözəl ürəyə malikdirlər. Biz musiqiçilər birinci ürəyə qulaq asırıq, yəni müğənninin mahnını yaşaması, ürəkdən oxuması önəmlidir.
- Yaşıdlarınız arasında geridə qalmamısız?
- Ola bilər, bu bir il məni geriyə salsın. Əslində heç nə itirməmişəm, Vətənə olan borcumu yerinə yetirib gəlmişəm, təki mənim kimi bəzi həmkarlarım da hərbi xidmətə getsinlər. Bir il necə keçdi, heç bilmədim. Bir az sənətimdə boşluq oldu, amma indi güclü işə başlamışam və dayanmadan işləyirəm, yaşanan boşluğu dolduracam.
- Azadın özünə aid fanatları var, bəs siz özünüz necə kimin fanatısız?
- Qulaq asdığım ifaçılar var, amma heç kimin fanatı deyiləm. Stivi Uanderi hər zaman dinləmişəm. Çox sevirəm o müğənninin mahnılarını.
- Deyilənə görə "Dostum" mahnısının tarixçəsi var, həmin o "dost"unuzla münasibətlər necədir?
- Yoxdur münasibətim o xanımla. Düzdü, mahnı ona həsr olunub, amma indi onun haqda danışmaq istəmirəm.
- Nəyə görə?
- Bir-birimizə qarşı sevgi hisslərimiz olub, amma etiraf etməmişik heç birimiz, sonra o xanım ailə qurdu və belə bitdi hər şey.
- Şəxsi həyatınızda bir dəyişiklik olacaq?
- Yoxdur, ürəyim boşdur, yaxın zamanda da gözləməyin bir yenilik, çünki bütün fikrim işimdədi.
- Danışmadığınız həmkarınız var?
- Yox, mən bu haqda qəti danışmıram. Çünki mənim kiminləsə sözüm düşəndə mən onu bəziləri kimi çıxıb efirdən yox, kənarda həll edirəm. Bir-iki dəfə yaşanıb belə bir hal və kənarda da həll etmişəm.
- Yeni planlarınız nədir?
- Yeni planlarım çoxdur, yeni mahnılar olacaq. Böyük layihəm olacaq. Demirəm nədir, sürpriz olsun. Gözləyin siz də çox bəyənəcəksiz.