Ermənistan aqressivləşir
Ermənistan aqressivləşir

Azərbaycanın millət vəkili Səməd Seyidovla Ermənistan prezidenti arasında yaranmış qalmaqal bir neçə baxımdan diqqət çəkir. Məlum olduğu kimi, erməni prezident Sərkisyan Səməd Seyidovun işğal olunmuş ərazilərimiz barədə replikasına cavab olaraq heç bir diplomatik normaya sığmayan şəkildə bildirib ki, "Azərbaycan müharibəyə başlasa, torpaqlarının daha 25%-ni itirəcək".

İqtisadiyyatı bərbad gündə olan və əhalisi müntəzəm şəkildə xaricə axışan Ermənistanın prezidentinin bu cür əndazəsiz danışığının arxasında nələr durur?
Hətta Beynəlxalq Valyuta Fondunun ekspertləridə ölkənin iqtisadiyyatında heç bir işıq ucu görünmür, bu yoxsul respublikanın rəhbərliyi qondarma soyqırıma və separatçı Dağlıq Qarabağ respublikasının müstəqilliyinə "stavka" edir. Onların fikrinə görə, bu iki komponent Ermənistandan üz döndərib daha yaxşı yerlər axtaran xalqı birləşdirməyə kömək edir. Yerli mətbuatın yazdığına görə, Ermənistanı tərk edib xaricə gedən əmək miqrantlarından yalnız 2%-i bəzən evə qayıdır ki, bu da könüllü şəkildə deyil, bir neçə səbəbdən baş verir.
Politoloq Qabil Hüseynlinin "Unikal"a söylədiyinə görə, "Keçmiş SSRİ dağılandan sonra Rusiya nəinki Şərqi Avropada, Afrikada və Cənubi-Şərqi Asiyada, ərəb dövlətlərində, o cümlədən yaxın ətrafındakı bütün
nüfuz dairələrini tam şəkildə itirimişdi. Putin hakimiyyətə gələndən sonra qarşısına qoyduğu əsas məqsədlərdən biri keçmiş müttəfiq respublikalar üzərində təsir dairəsini bərpa etməkdən ibarətdir. Bu planda Güney Qafqaz xüsusi yer tutmaqdadır. Güney Qafqazda isə rusların əsas cəza aləti Ermənistandır".
Politoloqun sözlərinə görə, "Rusiyanın Ermənistanda formalaşdırdığı hərbi baza təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyə və lazım gələrsə, İrana qarşı da hesablanıb. Sərkisyanı danışdıran Rusiyanın bu cür təcavüzkar planlarıdır. O öz adından, təmsil etdiyi Ermənistanın adından deyil, Moskvanın adından danışır. Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk gündən hamıya bəllidir ki, bu konflikt və müharibə Moskvanın ermənilərə verdiyi xeyir-dua ilə baş tutub və bu xeyir-duanın arxasında rusların konkret geopolitik maraqları durur. Buna görə də Rusiya Güney Qafqazda yarada bildiyi balansın pozulmasına heç cür razı ola bilməz. Əgər Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərini hərbi yolla azad edilməsinə qalxsa, qarşısında birinci növbədə Rusiyanı görəcək. Azərbaycan məhz bu amili nəzərə alıb Qarabağ müharibəsinə başlamaq üçün birinci növbədə Rusiya amilini neytrallaşdırmalıdır. Yəni bir dövlət kimi bütün siyasi-diplomatik səylərimiz bu istiqamətə yönəlməlidir".
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının "Unikal"a söylədiyinə görə, "Azərbaycan prezidenti İlham Əliyev hakimiyyətə Dağlı qarabağ probleminə radikal tərzdə yanaşma mövqeyi sərgiləməklə gəldi və dövlətimizin maraqlarına cavab verməyən "mərhələli həll variantı"nı dərhal rədd etdi. Qeyri-rəsmi, amma rəsmi məlumatlardan heç də az ciddi olmayan məlumatlara görə, Prezidentimiz bir neçə dəfə müharibəni başlamağa çox yaxın olub. 2011 -ci ildə Azərbaycan hakimiyyəti danışıqların davam etdirilməsi üçün şərt irəli sürdü: Ermənistanın silahlı qüvvələri bütün işğal olunmuş ərazilərdən çıxarılmalıdır. Mən buna müharibə elan etmək kimi baxıram"
Akif Nağı bildirir ki, "Ermənistan prezidentinin əndazəsiz bəyanatı onun beynəlxalq hüquq normalarına və dünya birliyinə loyal münansibətindən irəli gəlir. Amma mən tam şəkildə inanıram ki, erməni prezidentin cavabını birinci növbədə Azərbaycan əsgəri öz süngüsü ilə verəck".
Natiq Oruclu