Azərbaycanda siqareti kimlər və niyə bahalaşdırdı?
Azərbaycanda siqareti kimlər və niyə bahalaşdırdı?

Bunda əsas səbəblərdən biri ölkədə tütün sektorunun böhran keçirməsidir

Məlum olduğu kimi, 10 günə yaxındır ölkədə siqaret məhsullarının qiymətində artımlar müşahidə edilməkdədir. Belə ki, paytaxtın dükanlarında siqaret çeşidləri 10-15 qəpik baha satılır.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, bu artımlar dünya bazarında qiymətlərin bahalaşması ilə bağlıdır.
Ekspertin açıqlamasında bildirilir ki, Azərbaycanda siqaret istehlakı idxaldan asılıdır: "Son illər daxildə siqaret istehsalı da azalıb. Nəticədə siqaretin idxaldan asılılığı artıb. 2010-cu ildə ölkəyə 228 min ABŞ dolları həcmində tütün və tütünün sənaye əvəzediciləri idxal olunub. Bu isə ümumi idxalın 3.4 faizini təşkil edib".
V.Bayramovun sözlərindən bəlli olur ki, siqaretin qiyməti dünya bazarında siqaret məhsullarının qiymətindən asılı olaraq dəyişir: "Son günlər müşahidə olunan bahalaşma da məhz bu səbəbdəndir. Mart ayının yekunlarına əsasən, Avropa ölkələrində siqaret məhsulları 7,6 faiz bahalaşıb. Fransada bu rəqəm 8,4 faiz, Böyük Britaniyada 5,2 faiz , Belçikada 7 faiz təşkil edib. Aparılan təhlillər qonşu ölkələrdə də siqaretin qiymətinin artdığını göstərir. Bu artımlar 2011-ci ildə dünyada tütün və siqaret istehsalının azalması ilə bağlıdır. 2011-ci ilin yekunlarına görə, dünyada tütün istehsalı 6,5 faiz aşağı düşüb. Ümumiyyətlə ötən ilin nəticələrinə əsasən, tütün istehsalı böhran keçirən sektor hesab edilib".
Azərbaycanda təxminən hər 3 nəfərdən birinin siqaret çəkdiyini deyən mütəxəssis hesab edir ki, bahalaşma siqaret çəkənlərin maliyyə durumuna mənfi təsir göstərir: "Qiymətləndirmələrə əsasən, ölkədə siqaret çəkənlər orta hesabla gün ərzində siqaretə 1,5 manat xərcləyirlər. Bu da siqaret çəkən vətəndaşın il ərzində siqaretə 548 manat xərcləməsi deməkdir. Orta siqaret çəkmə müddətini 40 il götürsək, deməli, vətəndaş həyatı boyu siqaretin alınmasına 22 min manat xərcləyir. Bu da kifayət qədər böyük rəqəmdir. Siqaretin qiymətinin artmasının iqtisadi tərəflərini nəzərə alaraq siqaret təklifində idxaldan asılılığın aradan qaldırılmasına zərurət var. Tütün sektorunun inkişafı ilə bağlı addımlar atılmalıdır. Xatırladım ki, 2000-ci ilin sonlarında hökumət tütün sektorunun inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirdi. Lakin bu addımlar sonradan davamlı olmadı".
Sənan Mirzə