Razim Məmmədov odla oynayır
Razim Məmmədov odla oynayır
Seçki ilində vətəndaşlarla ixtilaf yaşamaq icra başçısına baha başa gələ bilər

Dünən Bakı şəhər Xətai rayonu, Fəhlə prospekti, Turşulu küçəsinin sakinləri magistral yolunu kəsərək aksiya keçiriblər. Aksiyaya səbəb həmin ərazidə yerləşən Ərzurum qəsəbəsinin "Ağ şəhər" layihəsinin icrası üçün sökülməsidir.
Sözügedən küçənin təxminən yüzə yaxın sakini evlərinin sökülməsinə etiraz edərək, özlərini ekskavatorların qarşısına atıblar. Onlar bununla söküntünün dayandırılmasını tələb edib. Çox keçməyib ki, əraziyə Xətai Rayon Polis Şöbəsinin əməkdaşları gəlib və toplaşan kütləni söküntü gedən ərazidən uzaqlaşdırıb. Evlərinin sökülməsinə etiraz edən sakinlər deyir ki, evlərinin hər birinin kvadrat metri üçün 1000 manat kompensasiya verirlər. Sözügedən ərazidə yaşayanlar da elə bundan narazıdırlar. Onlar bildiriblər ki, evlərin hər birinin kvadratına 1500 manat verilməlidir. Evlərindən zorla çıxarıldıqlarını deyən sakinlər qanunsuz olaraq həyətlərinin dağıdıldıqlarını bildiriblər. Plana 150-ə yaxın ev düşüb və bu həftə ərzində onların söküləcəyi gözlənilir.
Xatırladaq ki, ölkə başçısı bu ilin fevralında keçirdiyi məşhur iclasda məmurların vətəndaşlara yuxarıdan aşağı baxmaq, onların problemlərinə laqeydlik nümayiş etdirmək kimi ciddi nöqsanlarını sərt tənqid etmiş, belə məmurlara xəbərdarlığını çatdırmış, vətəndaşları incitməməyi dönə-dönə tapşırmışdı.
Bundan başqa, yerli icra hakimiyyətlərinə seçki ilində vətəndaşları hökumətdən narazı salmamaq, onların problemlərinə həssas yanaşmaq barədə qeyri-rəsmi göstərişin verildiyi də məlumdur.
Bütün bunların fonunda Razim Məmmədovun icra başçısı olduğu Xətaidə sakinlərin etiraza qalxması rayon rəhbərliyinin “odla oynaması” kimi dəyərləndirilə bilər. Çünki, əksər KİV-lərin iddiasına görə, belə hallara yol verən rayon rəhbərlərinin payızda keçiriləcək prezident seçkisinədək və ya seçkidən sonra cəzalandırılması ehtimalı yetərincə yüksəkdir.
Ülviyyə Qasımlı