Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ulu Öndərin Fəxri xiyabandakı məzarını ziyarət edib və əziz xatirəsini ehtiramla yad ediblər.

Dövlət Agentliyindən "Unikal"a bildirilib ki, Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub, çiçəklər düzülüb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın, həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra tədbir Agentliyin inzibati binasında davam etdirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və ölkəmizin azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Agentliyin rəisi, general-mayor İlqar Abbasov çıxış edərək Azərbaycanın XX əsr tarixinə öz adını qızıl hərflərlə yazan, böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və dərin dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dövlət suverenliyini tam bərpa etməsini diqqətə çatdırıb.

Agentliyin rəisi qeyd edib ki, xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, milli-mənəvi dəyərlərimiz bərpa edildi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, beynəlxalq normalara uyğun sivil və hüquqi dövlət quruculuğu başlandı. Milli Ordunun formalaşması, nizami silahlı qüvvələrin yaradılması, torpaqların müdafiəsi ilə bağlı mühüm addımlar atıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsində atəşkəsə nail olundu.

Ulu Öndər Heydər Əliyevin ideyaları və başladığı islahatlarla üzərinə qoyulmuş taleyüklü iki missiyanın-xilaskarlıq və quruculuq missiyasının öhdəsindən məharətlə gəldi. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Azərbaycanı tənəzzüldən böyük və heyrətamiz inkişaf yoluna gətirib çıxardı. Qeyd olunub ki, Qarabağ münaqişəsinin zəfərlə nəticələnməsinin təməlində məhz Heydər Əliyev siyasi kursunun əsas prinsipləri dayanır. Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən başlayaraq davam edən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və əzminin artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi, ən müasir silahlarla və hərbi texnikalarla təchiz edilməsi sahəsində görülmüş işlər bu böyük uğurun əsasını qoyub. Azərbaycanın imzasını imzalar içində tanıdan dahi şəxsiyyət, uzaqgörən siyasi xadim, Ulu Öndər Heydər Əliyev bu ölkənin yaradılmasının, sabitliyinin, firavanlığının müəllifi olduğu, ən başlıcası isə Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskar olduğu vurğulanıb.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyev haqqında film nümayiş olunub.