Xəbər verdiyimiz kimi, Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatında bildirilib.

Belə ki, Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər.

Bəs görəsən, taksi sayına məhdudiyyət qoyulması paytaxtdakı sıxlığı azaldacaq?

Milli Məclisin deputatı Fazil Mustafa "Unikal"a açıqlamasında bildirib ki, taksilərlə bağlı məsələdə düzənləməyə ehtiyac var. Onun sözlərinə görə, bu addım məsələnin həlli demək deyil:

"Səbəb ictimai nəqliyyat sektorunun genişlənməməsidir. Bakıda metro sayı əhalinin sayına nisbətən çox aşağıdır. Belə ki, dünya standartlarının ən aşağı həddindədir. Bu məsələ həllini tapmasa, insanların alternativ fürsətləri olmasa, taksi azalması nəqliyyatda vətəndaşların tələbatını daha da artıracaq. Bunun nəticəsinin effektli olacağını söyləmək çətindir".

Anar Kəlbiyev