"Vətəndaşları narahat edən vacib məsələlərdən biri dəfn üzrə müavinətin alınması ilə bağlıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, istənilən Azərbaycan vətəndaşı işləyib-işləməməsindən asılı olmayaraq heç olmasa öləndə bu pulu almalıdır:

"Bir çox vətəndaşlarımız haqqı çatdığı halda bəzən müavinətini ala bilmirlər. Ona görə bütün vətəndaşlara dəfn müavinəti verilməlidir. İnsanları bu sıxıntıdan qurtarmalıyıq".

Deputat eyni zamanda qeyd edib ki, bəzi dövlət qurumlarının yaratdığı “Qaynar xətlər” öz adına uyğun fəaliyyət göstərmir: "Bu termin düzgün tapılmayıb. Bir çox nazirliklərdə bu nə ilıq, nə də soyuq xətdir. Bir çox zənglərə cavab verilmir. Yaxud da pullu əsasla qaynar xətt anlayışı ortadan qalxmalıdır. Ona görə də məsələ həllini tapmalıdır”.

Anar Kəlbiyev