"İnsanlarda baş verən bütün xəstəliklərin 25 faizdən çoxu ətraf mühitlə bağlıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən ictimai dinləmədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, havanın çirklənməsi bir neçə mənbə ilə bağlıdır: "Havanı çirkləndirən əsasən sənaye müəssisələrinin, nəqliyyat vasitələrinin artmasıdır. İnsanlar arasında baş verən ölüm hallarına səbəb olan patologiyalar arasında ilk sıralarda gələn ürək-damar və onkoloji xəstəliklərin başverməsi ətraf mühitin çirklənməsi və atmosferdə baş verən hallarla bağlıdır. Eyni zamanda bir çox xəstəliklərin yaranması digər tərəfdən su ilə bağlıdır. Dünyada içməli suya təlabat artır.

Torpağa atılan tullantılar idarə olunmalıdır. Əks təqdirdə gələcək üçün böyük təhlükə halına gələ bilər. Əhalinin qəbul etdiyi qidaların tam əksəriyyəti torpaqla bağlıdır. Lakin bu gün sənaye, tibbi və digər tullantıların torpağa atılması səbəbindən torpaq xeyli çirkələnib. Qlobal istilişmə bizi çox narahat edir, çünki bu, insan orqanimzinə mənfi təsir edir. Bir çox xəstəliklərin yaranması ultrabənövşəyi şüaların insan orqanizminə təsiri nəticəsində meydana çıxır".

Anar Kəlbiyev