Nizami Rayon Məhkəməsində “Alov-Mühafizə” MMC barəsində əmək qanunvericiliyinin tələblərinin pozulması maddəsi ilə inzibati xəta haqqında iş üzrə məhkəmə prosesi başlanıb.

“Unikal”ın məlumatına görə, hakim Nəriman Mehdiyevin icraatında olan məhkəmə prosesi 16 aprel tarixinə təyin olunub. 

Xatırladaq ki, “Alov-Mühafizə” MMC mühafizə şirkəti tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Nizami rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. 
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Əgər MMC-nin qaydaları pozduğu sübuta yetirilərsə məhkəmənin qərarı ilə “Alov-Mühafizə” MMC-yə 20 min manat məbləğində cərimə tətbiq edilə bilər. 

Qeyd edək ki, “Alov-Mühafizə” MMC 2021-ci ildə analoji maddə ilə Lənkəran rayon Məhkəməsi tərəfindən cərimələnib. 

Onu da bildirək ki, “Alov-Mühafizə” MMC ötən il Elm və Təhsil Nazirliyi tərəfindən 3 753 377  manat məbləğində tenderin qalibi olub. Həmin sorğuda bir sıra təhsil müəssisələrində (55 ədəd) mühafizə xidmətinin satınalınması nəzərdə tutulur.

Azər İsrafilov