Bakı Mühəndislik Universiteti (BMU) ilə Türkiyə Respublikasının İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) arasında əməkdaşlıq memorandumu imzalanıb. 

"Unikal" xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev və İKSAD-ın prezidenti Mustafa Lətif Əmək tərəfindən imzalanan sənəd elm və təhsil sahəsində əməkdaşlıq, tədqiqat, innovasiyaların inkişafı, birgə araşdırma layihələri və proqramların hazırlanmasını ehtiva edir. Eyni zamanda memorandum məlumat mübadiləsi, beynəlxalq səviyyəli ekspedisiyaların, konfrans, seminar və təlimlərin təşkili kimi qarşılıqlı maraq kəsb edən sahələrdə əlaqələrin qurulması məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində magistratura, doktorantura, eləcə də ixtisasarrtırma kursları vasitəsilə elmi-pedaqoji kadr hazırlığı, təhsilin keyfiyyətinin, elmi potensialın yüksəldilməsi kimi mühüm istiqamətlərlə bağlı bir sıra tədbirlərin icrası nəzərdə tutulur. 

İmzalanma mərasimindən sonra rektor Yaqub Piriyev Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsində dövlətimizin başçısı İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətlərinin önəmli rol oynamasına diqqət çəkib. Rektor mövcud Azərbaycan-Türkiyə əlaqələrinin bütövlükdə türkdilli ölkələr arasında birliyin, əməkdaşlığın daha da gücləndirilməsini şərtləndirdirdiyini önə çəkərək, əlaqələrin digər sahələrdə olduğu kimi elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini deyib. BMU-nun beynəlxalq sahədə əlaqələrinin inkişafında qardaş Türkiyənin xüsusi yerə malik olduğunu qeyd edən Yaqub Piriyev qonağı ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri, tədris imkanları barədə məlumatlandırıb. Universitetin İqtisadiyyat və idarəetmə fakültəsi haqda zəruri informasiyaları diqqətə çatdıran rektor burada tədrisin 75 faizinin ingilis dilində olduğunu, təhsilin bütün səviyyələri üzrə kadr hazırlğı aparıldığını söyləyib və  İKSAD ilə iqtisadi istiqamətdə də birgə tədqiqat layihələrinin təşkilinin qarşılıqlı töhfə verəcəyinə əminliyini bildirib. 

İki doğma ölkə arasında münasibətlərin qardaşlıq və dostluq çərçivəsində dinamik inkişafının qürurverici olduğunu qeyd edən Mustafa Lətif Əmək Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin əsasında fəaliyyət göstərən İKSAD-ın da bu əlaqələrin uğurla inkişafına xidmət etdiyini nəzərə çatdırıb. 43 ölkədə aktiv fəaliyyət göstərən İKSAD-ın tarixi, həyata keçirdiyi beynəlxalq layihələrdən söz açan qonaq, xüsusilə Türk dünyası ölkələri ilə əlaqələrin inkişafı üzərində dayanıb, türkdilli dövlətlərin elmi potensialının güclənməsi istiqamətində gördükləri işlərdən bəhs edib. Mustafa Lətif Əmək bu sırada qardaş Azərbaycanın ilk yerdə dayandığını bildirib və BMU ilə əlaqələrin qurulması, münasibətlərin yeni mərhələyə qədəm qoymasından məmnunluğunu dilə gətirib.  

Görüşdə gələcək fəaliyyət istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə fikir mübadiləsi və müzakirələr aparılıb.