ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamağa hazırdır.

"Unikal" xəbər verir ki.bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ABŞ bu problemi həll etməyin yolunun danışıqlar masasında olduğunu açıq şəkildə bildirib.

“Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışanda açıq şəkildə bildirdi ki, onlar arasında dialoq olmalıdır. Biz bu dialoqun asanlaşdırılmasında istənilən mümkün rolu oynamağa hazırıq, amma qarşıdan gələn konkret görüşləri açıqlamaq istəmirəm”, - deyə Miller əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen bildirib ki, dövlət katibi Antoni Blinken sülh sazişi üzrə danışıqlar aparmaq üçün tezliklə xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı Vaşinqtonda qəbul etməyə ümid edir.