Ermənistanın baş naziri Nikol Paşinyan Delfin Pronkun rəhbərlik etdiyi Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə regiondakı vəziyyəti müzakirə edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Avropa rəsmiləri regional səfərlə İrəvana gəliblər. Onlar Tbilisi və Bakıya da səfər edəcəklər.
Görüş zamanı hökumət başçısı bəyan edib ki, İrəvan Bakı ilə danışıqlar prosesinin bir hissəsi kimi əvvəllər əldə edilmiş razılaşmalara sadiqdir. Xüsusilə, söhbət Alma-Ata Bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasından gedir.
Regional sabitliyin və təhlükəsizliyin təmin edilməsi kontekstində Paşinyan bugünkü görüşdə rəhbəri Markus Ritterin də iştirak etdiyi Avropa İttifaqının monitorinq missiyasının mühüm rolunu qeyd edib.

Xatırladaq ki, Aİ-nin uzunmüddətli missiyası 2023-cü il fevralın 20-dən 2 il müddətinə Ermənistanda yerləşib və ilkin olaraq 100 nəfərdən ibarət olub. 2023-cü ilin dekabrında Aİ missiyanın 209 nəfərə (əvvəlki 138 əvəzinə) genişləndiriləcəyini elan edib. Ermənistan hökuməti son iclasların birində Aİ-nin müşahidəçi statusunu təsdiqləyərək, bunu praktiki olaraq diplomatik statusa bərabərləşdirib.