Əxlaqsızlıq yuvasında müdhiş əməliyyat
Əxlaqsızlıq yuvasında müdhiş əməliyyat

53 əxlaqsız qadın həbs olundu

Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda xüsusi əməliyyat keçirib. Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə və ictimai təhlükəsizlik idarələrinin mayın 15-dən 16-na keçən gecə həyata keçirdiyi xüsusi əməliyyat əvvəlcədən hazırlanıb.
Əməliyyat paytaxtın Nəsimi rayonunda yerləşən "İnfiniti" gecə barında və Xətai rayonunda yerləşən "Dalğa" saunasında aparılıb.Əməliyyat zamanı 45-i qadın, 8-i kişi olmaqla əxlaqsızlıqla məşğul olan 53 nəfər saxlanılıb. Saxlanılan qadınların əksəriyyəti 16, 17 və 18 yaşlarında olan Özbəkistan vətəndaşlarıdır.Hazırda əməliyyat tədbirləri davam etdirilir. Qeyd edək ki, bu problem son zamanlar kifayət qədər qabarıq və buna qarşı mübarizə həm qanunların ciddiləşməsi, həm də praktik addımların atılması ilə müşahidə olunur. Ekspertlər hesab edir ki, son illər Azərbaycandan tranzit ölkə olaraq istifadə edilirdisə, indi bəzi hallarda aydın olur ki, elə Azərbaycanın özü bir mərkəz kimi də istifadə edilir. Yəni bir müddət öncəyə qədər əsasən Orta Asiya ölkələrindən gətirilən qadınlar Azərbaycan vasitəsi ilə Türkiyə və Avropaya ötürülürdüsə, indi elə Azərbaycanın özündə də saxlanılır. Keçirilən son əməliyyatda bunu təsdiqləyir. Bunu da qeyd edək ki, indiyə qədər Bakıda "Dalğa","Ağotel" kimi tanınan mərkəzlərin bu məsələdə daha çox aktivlik göstərdiyi söylənilirdi. Ekspertlər bildirir ki, son zamanlar Azərbaycanın rayonlarında da əxlaqsızlıq yuvalarının artdığı söylənilir. Ən dəhşətlisi isə budur ki, əxlaqsızlığa cəlb olunan qadınların böyük hissəsi yeniyetmə olur. Hüquq müdafiəçisi Mehriban Zeynalova "Unikal"a verdiyi açıqlamada bununla bağlı bildirib ki, bu gün qanunvericilik bazası mütləq gücləndirilməlidir. Bir neçə ay öncə Milli Məclisdə bu məsələ gündəmə gətirildi. Amma nəticə hələ ki, yoxdur:-" Gəlin sizə elementar bir məqamı izah edim. Məsələn, Azərbaycanda fəaliyyət göstərən əxlaqsız yuvalarında qızlar seksual istismara məruz qalırlarsa, fahişəliyə cəlb olunurlarsa bu insan alveri kimi qəbul edilmir. Yəni insan alveri o zaman qüvvəyə minir ki, həmin şəxslər ölkədən çıxarılır və başqa bir ölkəyə aparılır. Halbu ki, istər ölkə xaricinə çıxarılan, istərsə ölkə daxilində istismara məruz qalan şəxslər eyni acını yaşayır və deməli bunlara qarşı addım atan qüvvələrdə eyni cəzanı yaşamalıdır". Mehriban Zeynalova bildirir ki, məhz bu boşluğa görə son zamanlar saunalar, kafelər bundan məharətlə istifadə etməyə çalışırlar. Düzdür demək olar ki, hər həftə bu cür şəxslər həbs olunur. Amma ekspertlər bildirir ki, bu həbslər reallığın yanında çox cüzi gəstəricilərdir. Buna görə də ilk növbədə yaradılan struktura uyğun olaraq qanunvericilik bazası yaradılmalıdır.Bunu da qeyd edək ki, Milli Məclisdə artıq bununla bağlı layihə var və layihə bir sıra QHT-lərin müraciəti əsasında bir qrup deputatın təşəbbüsü əsasında hazırlanır. Layihəyə əsasən, yetkinlik yaşına çatmayanların və çatanların cinsi azadlığı, cinsi istismara və insan alverinə qarşı mübarizədə yeni profilaktik metodların tətbiq olunması, o cümlədən fahişəlik fəaliyyəti nəticəsində yayılan xəstəliklərin qarşısının alınması, buna qarşı mübarizə yeni standartlara uyğun formada tənzimlənəcək.Hələliksə Azərbaycanda bu problem mövcuddur və bununla bağlı müxtəlif fikirlər səslənməkdədir. Hətta millət vəkili Səyavuş Novruzov təklif etmişdi ki, fahişəlik leqallaşsın. Amma bu cəmiyyət tərəfindən çox kəskin qarşılandı.
Toğrul Əliyev